Logo

Təhsilalanların təhsilə marağının artırılması üçün hansı tədbirlər görülməlidir?

23.12.2022 16:53 1131 baxış
IMG

Bu məqalədə şagirdlərin, tələbələrin təhsilə, elmə marağının artırılması üçün həm dövlətimizdə həm də beynəlxalq sferada görülə biləcək tədbirlər haqqında danışacağıq.

Bir milləti ayaqda tutan əsas aparıcı qüvvə millətin savadlılığıdır. Ölkəmizdə təhsilin səviyyəsinin artırılması , xüsusilə də gənclərin maariflənməsi , insan kapitalının artırılması, ölkəmizin təhsil sisteminin Avropa standartlarına uyğun olaraq beynəlxalq təhsil sferasına inteqrasiyası, ölkəmizin neft sektorundan asılılığının azaldılması dövlətimizin qarşısında duran prioritet məsələlərdəndir. Təhsil sistemində çoxsaylı dövlət proqramlarının qəbul edilməsinə baxmayaraq respublikamızın təhsil sistemi hələ də arzuolunan səviyyədə deyil. Bəs Avropa təhsil sistemində təhsilin keyfiyyətinin artırılması üçün hansı strategiyaları tətbiq edir? Ən vacib strategiya təhsilalanların öz öyrənmə məkanlarının sıfırdan qurulmasına cəlb etməkdir.  İntellektual şagirdlərin yetişdirilməsi zamanı müəllimlərin və valideynlərin etdiyi ən böyük səhvlərdən biri onların öyrənmələrini sinifdə məhdudlaşdırmaqdır. Çox vaxt məktəb əsas təlim mənbəyi hesab olunur, lakin sosial , intellektual və akademik inkişaf sinfin divarlarından kənara çıxmalıdır. Digər metod isə təhsilalanlarda tez-tez kitab oxumaq atmosferini inkişaf etdirməkdir. Bu üsul onlarda nəinki zəngin lüğət inkişaf etdirir, eyni zamanda formal ünsiyyət və anlayışları həyata keçirmək qabiliyyətini formalaşdırır. Biz təhsilalanları hər zaman tənzimləməyə çalışmaq yerinə öz öyrənmə təcrübəsinə sahib olmalarına şərait yaratmalıyıq. Uşağın öz öyrənməsində nə qədər çox düz istiqamətləndirmə olarsa onlar daha çox dərslə məşğul olar və öyrənməyə o qədər çox uyğunlaşarlar. Təhsilalanlar kitabları məcburiyyət qarşısında qalmadan özləri sərbəst seçməlidirlər. O zaman onlar nəinki məktəbdə eyni zamanda həyat və yaradıcılıqlarında da inkişaf edərlər.

2-ci metod mümkün olduğu qədər uşağa nəzarət olunmasıdır. Uşağın öyrənməsində nə qədər çox nəzarət və dəstək olarsa o zaman onlar daha çox təhsilə bağlanar və öyrənməyə həvəsli olarlar. Uşaqla açıq və səmimi ünsiyyət qurduqda onlar özlərini daha rahat hiss edir və  istər təhsildə, istərsə də cəmiyyətdə hər hansısa bir problemini rahat şəkildə bölüşür və özlərini rahat hiss edərlər , bu zaman onlar fikirlərini daha asan şəkildə ifadə edərlər. Belə olduqda öyrənmə təhsilalanları maraqlandıran şeylərə cəlb etdikdə öyrənmə onlar üçün əyləncəyə çevrilir. Valideynlər və müəllimlər onlardan hansı mövzunun daha maraqlı olduğunu soruşmalı və həmin mövzuya aid kitabları onlar üçün seçməlidirlər. Belə olan halda onlar bədii qiraət etməklə həm ifadəli oxuya bilir, həm də dünyagörüşləri artır, söz ehtiyatlarının zəngin olması üçün imkan yaranır.  

Hər bir təhsilalanın özünəməxsus fərqli öyrənmə tərzi var. Bəziləri vizual, audio, verbal, bəziləri isə sosial və riyazi öyrənmə üsulundan istifadə edirlər. Təhsilalanlar müəllim və valideynlərin etdiklərindən örnək alırlar. Biz təhsil üçün hansı addımı atsaq onlar da o addımı atırlar və bu onlar üçün daha maraqlı olur.

3-cü metod oyun əsaslı təlim metodudur. Hansı ki, bu metod şagirdlərin idrak bacarıqlarının inkişafı üçün geniş imkanlar yaradır.

4-cü metod motivasiya metodudur. Təhsilalanların mütəşəkkil qalması üçün onları həvəsləndirərək motivasiya etmək lazımdır. Çünki, gənc yaşda təhsilalanlar bir qədər nizamsız olurlar. Belə ki, onlar layihə və tapşırıqlarını vaxtında bitirə bilmədikdə məyus olurlar. Onlar motivasiya edildikdə nəzarətdə olduqlarını hiss edir və beləcə daha az yüklənirlər, öyrənmək, yeni biliklər kəşf edərək nailiyyətlər əldə etmək onlara stimul verir. Valideynlər övladlarının zəif tərəflərini aradan qaldırmaq üçün tez tez onlara zəif olduqlarını deməməli əksinə onlara öz gücləri haqqında məlumat verməlidirlər. Bu zaman təhsilalanlar öz potensiallarının fərqinə varırlar. Çalışmaq lazımdır ki, təhsilalanlar öyrənmə prosesinə cəlb edilsin. Bunun üçün valideynlər və müəllimlər həmrəy şəkildə çalışmalıdırlar. Əgər belə olarsa valideynlər övladlarının nə qədər təcrübəli, potensiallı , cəmiyyətə faydalı bir şəxsiyyət kimi yetişdiklərinin şahidi olacaqlar.

Ağayeva Gülnar

Xəbər lenti