Logo

Əziz Şuşa, sən azadsan! - BDU tələbəsi yazır...

24.12.2022 11:33 494 baxış
IMG

İndi fikirlərim Şuşanın dağları qədər dumanlıdır.

28 il mənfur düşmənlərin əsarətində idi. Bu qədər zaman aralığından sonra işıqlığa, aydınlığa çıxması təbii ki, hər birimizi sevindirir. Ancaq bu vaxta kimi Şuşanın başına gələnləri saymaqla bitməz.

Şuşa əsarətdən xilas olmaqla mədəniyyətini də azadlığa çıxarmışdır. Əsir düşənlər, öz yurdundan didərgin salınanlar, övladı anasından ayrılanlar-onların ahları yerdə qalmalı deyildi. Məsum insanların o yerdə ki qanı tökülmüşdü, onların intiqamı alınmalı idi.

Törədilən cinayətlər, ocaqları söndürülənlərin ağlar gözü bizim qəlbimizə xəncər kimi sancılırdı. Üstündən illər keçməsinə baxmayaraq, bu yaramız hələ də təzə idi. Hər gün, hər saniyə də yenidən qanayırdı bu yara. Bir dönüş nöqtəsi vardı. O vaxta qədər neçə-neçə igid oğullarımız vətən uğrunda can verdilər. Onlar döyüş meydanına gedəndə ölümü də gözə almışdılar. Bu an arxada qoyduqları yaxınlarını, əzizlərini, arzularını, gələcəyə nikbin addımlarını vətən üçün qurban verməyə hazır idilər. 

Əlbəttə, hər birinin qəlbində məşəl alovlanır, öz doğma torpaqlarına qayıdacaqlarına, oraları azad edəcəklərinə də inam vardı.

Döyüşə gedənlərin içində I Qarabağ müharibəsini görməyən nə qədər oğullarımız vardı. Amma onlar cəsarətli addımlarla düşmənin üzərinə getmiş və bu davamızı zəfərlə sonlandırmağa çalışmışdılar. Bu addım onlar üçün çətin idi, çünki əsgərlərimiz Şuşanın sıldırım qayalarının əzəməti ilə rastlaşmamışdılar. Bəlkə onların ata-babaları bu haqda məlumat da vermişdi onlara. Lakin hər şey müsbət yönə də, mənfi yönə də gedə bilərdi. Bir vaxtlar Cıdır düzündə yallı gedən erməni rəhbəri artıq başını qoymağa yer tapmırdı. Ermənilər qazdıqları quyuya özləri düşməyə davam edirdilər.

Azərbaycanda yurd uğrunda ermənilərə qan uddurmaq istəyənlərimiz həddindən artıq idi. Hətta buna görə səfərbərlik də dayandırılmışdı. Yurdumuzun oğulları, siz düşmənlə üz-üzə gəlir, biz də öz növbəmizdə antiazərbaycan meyilli qüvvələrə qarşı sosial şəbəkələrdə mübarizə aparırdıq. 

Bu dövrdə hər kəs bir olmuşdu. Hər kəs dəstək aksiyalarına başlamışdı. Hər yerdə vətən marşı səslənir, hər uca yerdə üçrəngli bayrağımız dalğalanırdı. Azad Qarabağ uğrunda mübarizə davam edirdi.

Tarix unudulmadığı kimi tarixdəki hadisələr də pisi ilə, yaxşısı ilə unudulmur. Bu gün, dünən, sabah da bir tarixdir. Bu reallıq isə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmişəki bazar günü, amma digərlərindən tamamilə fərqli gün - Şuşanın azad olduğu gün. Səkkiz noyabr - Zəfər günümüz...

O gün Şuşa Azərbaycana - öz müqəddəs yurduna geri döndü. O 44 gün müddətini daha təfsilatlı anlada bilmək üçün sözlər, cümlələr axtarıram... Bu zəfəri, bu qələbəni izah etmək üçün səhifələr, cümlələr yetməz. Həmin gün Şəhidlər Xiyabanından İlham Əliyevin səsi yüksəldi: “Şuşa, azadsan!” dedi. Ürəyimizə su sərpildi. Bu çıxışın Şəhidlər Xiyabanında olması da şəhidlərimizi sanki sevinc göz yaşlarına boğdu. Bu məşəl həmişəlik yandı, bu dəfə isə təkcə yanmadı, həm də yandırdı.

Torpağın aid olduğu yerə - vətənə qovuşma anını biz də gördük, mən də gördüm. İndi həmin ərazilərdən çəkilən reportajlara baxıb deyirəm ki, necə olub ki, belə cənnət məkanlarımız 30 ilə yaxın bir müddətdə düşmənlərin nəfsinə və nəfəsinə tab gətirə bilib? Öz-özümə deyirəm ki, kaş mən də Qarabağ torpaqlarında doğulub boya-başa çataydım. Bəlkə mən də oralarda doğulsaydım, Şuşanın özlüyündən əmələ gələn istedadlara malik olardım. Hətta çox güman ki, mənim də Xan Şuşinskinin avazı qədər səsim olardı. Axı Şuşada boya-başa çatanların böyük bir qismi özlərində müxtəlif bacarıqları da yetişdiririrdilər. 

Şuşa, əziz yurd! Adın dillərdən düşmür. Necə ki bu gün dünyanın bizə qarşı baxışı dəyişib, artıq onlar da anlayırlar ki, Qarabağ Azərbaycandır! Qarabağı Azərbaycandan ayırmaq olmaz. Hə, qoy onlar bunu qulaqlarında sırqa etsinlər.

Məryəm Abdullazadə
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsi

Xəbər lenti