Logo

"Xaçın və Laçın məlikləri Aran nəslindən olmuşlar"

04.01.2023 10:27 445 baxış
IMG

Yaxın qonşularımızın iddialarına görə, Xaçın erməni knyazlığı olmuşdur. Həmin knyazlığın ərazisində yaradılan xristian abidələri ermənilərin mədəniyyət abidələridir.

Azərbaycan ictimai elmi bu iddialara cavab olaraq bildirdi ki, Xaçın Alban knyazlığıdır və knyazlığın hakimləri Aran nəslindən çıxmışdılar.

Keçən əsrin 80-90-cı illərində Bakıda Xaçınla bağlı yeni tədqiqat əsərləri yazılanda İrəvan tarixçiləri öz “nəzəriyyə”lərində düzəlişlər etməyə başladılar. Yazdılar ki, albanlar Qafqaz mənşəli, Aran övladları arian əsilli nəsillərdir. Qafqaz və ari kökənli etnosların Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur.

Bunun ardınca Qafqaz Araşdırmalar Mərkəzinin xəttilə Bakıda albanşünasların konfransı təşkil edildi. Konfransda Gürcüstan Elmlər Akademiyasının keçmiş akademik-katibi Zaza Aleksidze albanşünaslığın patriarxı elan edildi. O Zaza Aleksidze ki, Bərdə şəhərinin və ətrafındakı kəndlərin əhalisini gürcüləşmiş albanlar adlandırır (Zaza Aleksidze 2003.s.44-52, 73, 87).

İllər ötür, qazax, tatar, macar dilçiləri türkoloji tədqiqatın qiymətli nümunələrini yaradırlar. Biz isə bəzilərimiz bilə-bilə, bəzilərimiz bilmədən qonşuların çırağına yağ tökürük.

Xaçın işxanı Həsən Cəlal, atası Ağbaq, anası Arzu xatun Aran övladlarıdır. Aran övladları qonşularımızın düşündükləri kimi irandilli deyildilər. Onlar suya su, yerə yer, göyə gök, anaya ama, ataya ata, aya ay, ulduza ultuz, vulkana atma, süvariyə atlı, qoza koz, tuta tut, zoğala zukal, əncirə incir, fındıq ağacına bunduk deyirdilər (Şopen 1866. s.9, 111, 143; Mehaninov 1927. s.4, 7, 8; Cəfərsoy 2014. s.9-10). Göründüyü kimi, bu sözlərin heç biri İran dillərinə aid deyildir.

Mirzə Adıgözəl bəy yazır: - Xəmsə məliklərinin üçüncüsü Xaçındır. Məlikləri Həsən Cəlal övladlarıdır (Qarabağnamələr 2006. s.43). Gəncəli Kirakosun verdiyi məlumata görə, Həsən Cəlalın atası Vaxtanqın başqa adı H`Akbaq olmuşdur (Kirakos Qandzakeüi 1946. s.135, 273, 280).

Əslində, Vaxtanq Xaçın knyazının xristian adı, H`Akbaq, yəni Ağbaq etnik adı idi. Ərəblər Azərbaycanı işğal edəndə Aran mənşəli Baq əhalisi iki yerə bölündü. Baqların özünü Qarabaq adlandıran qanadı İslam dinini qəbul edib, ölkənin düzənlik ərazilərində yaşamaqda davam etdi. Onlar tədricən güclənərək Naxçıvanla Təbriz arasında iki Qarabağ şəhəri saldılar.

Ağbaqlar xristian olaraq qaldılar və ağır vergilərdən can qurtarmaq üçün Kiçik Qafqazın dağlıq və meşəlik ərazilərinə çəkildilər.

Həsən Cəlalın anası Arzu xatun Kayen vilayətinin hakimi Qurdun qızı idi (Kirakos Qandzakeüi 1946. s.273; Muxtar Qoş. 1993. s.258). Albaniyanın Kayen tarixi vilayəti indiki Qazax, Ağstafa və Dilcan rayonlarını əhatə edirdi.

Xaçın mahalı beş etnik-inzibati vahiddən ibarət idi. Burada yaşayan etnosların hər birinin ayrıca qalası, ayrıca silahlı qüvvələri var idi. Gəncəli Kirakos yazır ki, Xaçın və Laçın qalaları Həsən Cəlalın irsi mülkiyyətinə daxil deyildi. Onun ata-babadan qalma sığnaqları Karkar, Akan və Caraberd idi. İberlər və türklər həmin qalaları onun əlindən almışdılar.

Həsən Cəlal Batu xanın oğlu Sartakın yardımı ilə ata-baba torpaqlarını iberlərdən və türklərdən geri aldı (Kirakos Qandzakeüi 1946. s181). Həmin iberlər və türklər kim idi? Cənubi Qafqazın xristian qıpçaq və çuvaş nəsilləri: Xaçın, Laçın, Kayen övladları idi.

Xaçın və Laçın qartalın iki cinsinin adıdır. Kayen isə qayın ağacı deməkdir. Çünki Kayen övladları qayın ağacını özlərinə mifik ana sayırdılar. Dədəmiz Qorqudun kitabında Basat Təpəgözə deyir: - Anam adın sorar olsan, qaba ağac.

Ərəb tarixçisi Təbəri (IX əsr) yazır: - Albanların xristian hissəsinin hakimi Adernerse əl-Xaçini nisbəsi ilə tanınır. Bu məlumat onu göstərir ki, Xaçın mahalını həmişə Aran mənşəli Həsən Cəlal övladları idarə etməmişdir. Bəzən Xaçın, bəzən Laçın nəsilləri idarə etmişdir.

V.V.Bartold yazır ki, Kaçin Qazan xanın zamanında monqol zülmünə qarşı üsyan edən dörd türk boyundan biri olmuşdur (Bartolğd t.2, ç.1, 1965. s.153). K.Ş.Şaniyazov orta əsr müsəlman mənbələrinə istinadən bildirir ki, Kaçin qıpçaq mənşəli nəsildir (Şaniəzov 1974. s.10).

V.V.Radlova görə, Kaçin türk etnosudur. 1720-ci ildə onlar Yenisey qırğızlarını sıxışdırıb, Abakan çökəkliyində yerləşdilər. V.V.Radlov əsərin başqa bir yerində qeyd edir ki, Kaçin xakas tayfasıdır. Kaçinlərin Kara Kaçin adlı bir boyu Çulım çayı boyunda yaşayır. Onlar Gök adlandırdıqları göyü ən yüksək tanrı hesab edirlər (Radlov 1989. s.585-587, 618, 728).

V.V.Bartoldun bəhs etdiyi xaçınlar monqollara tabe olub, Sibirdə qalan xaçınlardır. Onların ən cəsur qolları Laçın övladları ilə birlikdə Xəzər dənizinin şərqindən Albaniyaya, oradan Suriyaya köçmüşlər. Çünki Suriya o zaman qıpçaq əsilli Misir məmlük sultanlarına tabe idi. Xaçın və Laçın övladları Misir sultanı Bars bəyin qardaşı Əmir Yaşbəyə qoşularaq monqollara ağır zərbələr vurdular və bu qələbə ilə o zaman üçün məğlubedilməz olan bir ulusun süqutunun əsasını qoydular (Poxod Gmira Yaşbeka 1976. s.90).

Qarabağdan Suriyaya köçən Laçın və Xaçın övladları Dəməşq şəhərinin şimalında Xan Laçın, Kilikiyada Xaçın qala-şəhərlərini saldılar. Onların cəsur bəylərindən biri Hüsaməddin Laçın Misir məmlük sultanlarının Suriya canişini oldu (Poxod Gmira Yaşbeka 1976. s.90). Bir neçə il sonra o, ağıllı siyasətinə və döyüşlərdəki uğurlarına görə Misirin sultanı seçildi.

Əbubəkr əl-Qütbi əl-Əhəri yazır ki, əl-Malik Hüsaməddin Laçın əl-Mənsuri 1296-1298-ci illərdə Misirin sultanı olmuşdur (Əhəri 1984. s.64). Xaçın və Laçın bəylərinin monqollara, səlibçilərə qarşı apardıqları mübarizə qəhrəmanlıq tariximizin ən şanlı səhifələrindən biridir.

Laçın nəslindən yalnız qüdrətli sərkərdələr, döyüşçülər, sultanlar çıxmamışdır. Bu nəsil ümumtürk tarixinə görkəmli elm və sənət adamları vermişdir. Böyük hind şairi, alim və bəstəkar Əmir Xosrov Dəhləvi əslən Laçın elinin Cürə Laçın qəbiləsindəndir.

Əmir Xosrovun atası Əmir Mahmud Şəms monqollarla ağır döyüşlərdən sonra Hindistana köçmüş, oğlu burada boya-başa çatıb, zəmanəsinin görkəmli adamı kimi şöhrət qazanmışdır. Onun hind, urdu, fars dillərində yazdığı şeirlər Şərq ədəbiyyatının seçmə inciləridir.

Əmir Xosrov Dəhləvi Nizami Gəncəvidən sonra “Xəmsə” yazan qüdrətli sənətkarlardan biridir. Onun bəstələdiyi təsniflərin bəziləri Pakistanda indi də oxunur.

Bahaeddin Ögel yazır ki, laçın quş adı monqol dilinə xaçın şəklində keçmişdir (Ögel 1971. s.362). Əslində, xaçın və laçın eyni yox, oxşar yırtıcı quşların adlarıdır. “Koroğlu” dastanında belə bir bənd var.

Nə durmusan xaçın kimi?

Maç görmədim maçın kimi.

Cilvələnmiş laçın kimi

Baxıb can almağın varmı?

Dastanın başqa bir yerində deyilir:

Ərvahımız sarı laçın,

Fələk qoymur qəddim açım.

Qoy səni götürüm qaçım

Bizim ellərə-ellərə.

Buradan görünür ki, laçın, sarı laçın, cürə laçın, xan laçın türk etnoslarının mifik əcdadı, quş cildində təsəvvür edilən ərvahı olmuşdur. Əbülqazi Bahadur xana görə, Karkın boyunun ərvah quşu laçın, əfşarların ərvah quşu cürə laçın olmuşdur (Ögel 1971. s.219). Dədəmiz Qorqudun kitabında deyilir: - Ağ sonqur quşunun erkəgində bir köküm var.

B.Ögel Əhməd Vefik paşaya istinadən yazır: - Baysunqur çox böyük qartal cinsidir. Ona laçın da deyirlər (Ögel 1971. s.156, 219, 356, 362).

“Alp Amış” dastanında qəhrəman özünü laçına, düşmənlərini bir dəstə çöl ördəyinə bənzədir. N.A.Baskakov yazır ki, bu cür bənzətmələr “İqor polku haqqında dastan”da da vardır (Baskakov 1985. s.100).

Laçın nəslinin bir qolu 1618-ci, bir qolu 1683-cü ildə Qıpçaq çölündən Moskvaya köçmüş, Laçinov knyaz nəsli kimi Rusiya tarixinə daxil olmuşdur. Rusiya zadəganlarının “Məxmər kitab”ına onların adları, döyüşlərdə göstərdikləri igidliklər həkk olunmuşdur (Baskakov 1979. s.178-179).

Laçın nəslindən çıxan knyazlar xristianlığı qəbul edib ruslaşsalar da, uzun zaman öz adət-ənənələrini, əcdadlarını unutmadılar. Onlar dövlət idarələrində rus kimi işləyir, evlərində türk adətləri ilə yaşayırdılar. Evlərinə qulluqçu götürəndə dillərindən iltizam alırdılar ki, evdə gördüklərini çöldə danışmasınlar.

Laçın övladları Dəşti-Qıpçaqda yaşayanda bayraqlarına laçın quşunun şəklini həkk edərdilər. Rusiyaya köçəndən sonra həmin atributu qoruyub saxladılar.

Rusiya zadəganlarının “Gerblər kitabı”nda Laçinov knyaz nəslinin gerbi var. Gerb qalxan üzərində caynağında xaç tutan qartaldan ibarətdir (Baskakov 1979. s.179).

Peterburqun Ermitaj sarayında üzərində laçın təsviri olan bürünc qalxan saxlanır. Eradan öncə I minilliyin əvvəllərinə aid olan bu arxeoloji abidə Goranboy kurqanından tapılmışdır (Piotrovskiy 1949. s.92). Bu nümunə onu göstərir ki, laçına sitayiş edən soydaşlarımız Azərbaycanın qədim sakinləridir.

Ermənilərin iddiasına görə, Cavanşirin ölümünə ağı yazan Alban şairi Dəvdək onların şairidir. Bu cəhd cidanı çuvalda gizlətməyə bənzəyir. Alban və erməni tarixçilərinin əsərlərində Davtak, Tsavdey, Divtak kimi xatırlanan Dəvdək (Eqişe 1971. s.30, 179; Şopen 1866. s.55; Mamedov 1993. s.31; Albaniya tarixi 1993. s.69, 90, 146) qədim türk etnoslarından biridir.

Dəvdək nəslinin adı doydaq quşuna sitayişlə bağlıdır. Doydaq quşu türk dillərində toy, doy, dəvdək adlanır (MK III. 1940. s.145; Azərbaycan faunası 1977. s.205).

Kaspilərin Tiptakzi adlı hökmdarı vardı. Tiptakzi dəvdəkçi, yəni dəvdək quşuna sitayiş edənlər deməkdir. Tiptaklar suziana mixi yazılarında Qaz eba adlandırılan Kaspi nəsillərindən biri idi.

Yaxın qonşularımız bizim xristian əcdadlarımızın inşa etdikləri kilsələri öz adlarına çıxmaqla kifayətlənməmiş, islamiyyətdən və xristianlıqdan qabaq yaratdığımız eposları öz dillərinə çevirib əlyazmalarını yandırmışlar. Məhv edilən həmin ədəbi abidələrdən biri “Karaman” dastanıdır (Cəfərsoy 2014. s.53-59).

Erməni və gürcü dilçiləri “Karaman” dastanının hansı dildə yazıya alınması barədə susurlar. Yalnız onu qeyd edirlər ki, epos fars (Buaçidze 1983. s.275, 277) və ərəb (Xaxanov 1901. s.9-20) dillərindən tərcümə edilmişdir.

M.Q.Canaşvili yazır ki, “Karaman” dastanı 30x20 sm ölçüdə 248 səhifəlik əlyazması idi (Djanaşvili 1908. s.91). İndi hanı o əlyazması? Çar VI Vaxtanqın əmri ilə gürcülər 1712-1736-cı illər arasında onları yandırdılar. Fransız şərqşünası Mari Brossenin 1828-ci ildə Asiya Cəmiyyətinin iclasında etdiyi məruzədə bu hadisəyə toxunulmuşdur (Mari Brosse 1879.s.3-12; Buaçidze 1983. s.3-300; Cəfərsoy 2014. s.3-4).

Mari Brosse çar VI Vaxtanqın sərəncamları ilə Avropa alimlərini xəbərdar etsə də, bir xristian təəssübkeşi kimi məsələnin çox da dərinliyinə getmir. Ondan fərqli olaraq Baron Brambaus imzası ilə məşhur olan İ.O.Senkovski yazır ki, XI əsrə qədər gürcülərin öz salnamələri olmamışdır. Onlar alban, iber, çor, qıpçaq, xəzər dillərində yazılan mətnləri gürcü dilinə çevirib, ilkin mənbələri məhv etmişlər (Senkovskiy İ.O. Sobranie soçineniy. t.I-VI SPb, 1859).

Akademik Marr yazır ki, “Karaman” dastanını Təbriz ermənisi Xaçatur XVI əsrin əvvəllərində tərcümə etmişdir. Təbrizdən İtaliyaya köçən Xaçatur dastanı orada nəşr etdirmiş və Avropanın digər ölkələrinə yaymışdır (Marr 1985. s.222).

Belə bir sual qarşıya çıxır: - Erməni Xaçaturu nə vadar etmişdi ki, böyük fədakarlıq göstərsin. Türk dastanını italyan dilinə tərcümə edib, öz xərci ilə nəşr etdirsin?

Çünki Təbrizli Xaçatur erməni deyildi, Karaman əsilli xristian azərbaycanlı idi. Karamanların əsas boyları indiki Türkiyə ərazisində, az bir hissəsi isə Bərdə, Cəbrayıl və Gəncə şəhərlərinin ətrafında yaşayırdı. XV əsrə aid bir salnamədə göstərilir ki, Karaman nəslindən Gəncə şəhərinin varlı ağaları kilsələrə zənglər düzəltdirmiş, salnamələrin üzünü köçürtdürmüşdür (Marr 1985. s.222).

Matenadaranın Eçmiadzin bölməsində, Gelati monastırının nadir nüsxələr fondunda qiymətli əlyazmalarımız saxlanır. Çox güman ki, hələ onların bəziləri məhv edilməmişdir.

İlhami Cəfərsoy

Xəbər lenti