Logo

Gəncə şəhərinin tarixi yerdəyişmələri

22.01.2023 22:52 1062 baxış
IMG

Dünyanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərinin tarixi ilə bağlı son illərdə çoxsaylı beynəlxalq tədqiqatlar, arxeoloji və etnoqrafik ekspedisiyalar həyata keçirilmişdir.

Şəhər kimi ən azı üç-dörd min ildən artıq tarixə malik olan Gəncə şəhərinin ən azı 5 dəfə yerini dəyişməsi ilə bağlı son illərdə çoxsaylı elmi məlumatlar, tarixi, arxeoloji və etnoqrafik materiallar, maddi mədəniyyət tapıntıları üzə çıxarılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, 2012-2013-cü illərdən etibarən yerli alimlər və mütəxəssislərlə yanaşı, dünyanın nüfuzlu alimlərinin – Amerika Birləşmiş Ştatlarının Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyinin, Yaponiyanın Tokio Muzey Universitetinin, İtaliyanın Kataniya Universitetinin, Fransanın İkinci Lion Universitetinin tədqiqatçılarının iştirakı ilə qədim şəhər ərazilərində təşkil olunmuş beynəlxalq ekspedisiyaların əldə etdiyi elmi nəticələr əsasında sübut edilmişdir.

Aparılmış arxeoloji tədqiqatlar və elmi məlumatlar Gəncə şəhərinin yarandığı dövrdən ən azı beş dəfə yerini dəyişdiyini bildirir. İlkin Gəncə səhəri əhali arasında Qala yeri adı ilə adlandırılan Gəncəçayın sol sahilində, Zurnabad kəndinin 5 km-də Gədəmiş kəndi yaxınlığındakı ərazi hesab olunur. Tarixi mənbələrdən məlumdur ki, e.ə. VI əsrdə Əhəməni hökmdarı II Kir Gəncə Qalası yaxınlığında Tomris tərəfindən məğlub edilmişdir. Qədim Gəncə e.ə. VI əsrdən eramızın V əsrinədək qeyd olunan ərazidə məskunlaşmışdır. Gəncənin yerləşdiyi təbii coğrafi şərait haqqında eramızdan əvvəlin I əsrində yaşamış görkəmli coğrafiyaşünas Strabon yazırdı: «Bir dəfə əkilmiş torpaq iki və ya hətta üç dəfə bar verir, birinci dəfə hətta birə əlliyə, həm də dincə qoyulmadan, dəmir yox kobud ağac xışla becərilərək, bütün düzənlik çaylarla və başqa sularla Babilistan və Misirdəkindən yaxşı suvarılır, bunun nəticəsində isə otlaqlarla doludur. Bundan başqa hava da oradakılardan təmizdir”. 

427-ci ildə baş verən zəlzələ və hunlarla sasanilərin müharibələri nəticəsində qədim Gəncə şəhəri dağılmış, ikinci dəfə şəhər Qızıl Qayanın 8-9 verstliyində, indiki Gəncə şəhərinin 9-10 km şimalında salınmışdı. Yerli sakinlər buranı indi də Köhnə Gəncə və ya Qonja adlandırırlar. VII əsrdə şəhər ərəb  istilaçıları tərəfindən dağılmışdır. 
Üçüncü dəfə yerini dəyişmiş Gəncə indiki Samux rayonu ərazisində yerləşən “Şəhər burnu” adlanan ərazidə salınmışdır. Bu yer elmi və tarixi ədəbiyyatlara istinadən Gəncənin üçüncü dəfə məskunlaşdığı ərazi hesab olunmasına dair mülahizələri təsbit edir. Əldə olunmuş tarixi, arxeoloji materiallar antik dövrün görkəmli tədqiqatçıları hesab edilən Strabon, Plini və başqalarının Kür çayının gəmiçilik üçün yararlı olduğunu və Şərq ölkələri ilə ticarət əlaqələrinin aparılmasına dair məlumatlarını sübut etmişdir.

Bu dövrdə Gəncənin mühüm elm, mədəniyyət mərkəzi kimi əhəmiyyəti daha da artmış, Kür çayının sahilində liman şəhəri kimi Böyük İpək Yolu üzərində strateji rolu yüksəlmişdir. Şəhərdə ənənəvi sənətkarlıq növləri inkişaf etmiş, memarlıq ənənələri əsasında çoxsaylı abidələr ucaldılmış, məscid-mədrəsələrin sayı artmışdır.
Təbii fəlakət nəticəsində dağılmış Gəncə şəhəri dördüncü dəfə indiki İmamzadə ərazisinin yerləşdiyi Xaraba yer, Şıx düzü adlanan ərazidə VII-XVII əsrlərdə mövcud olmuşdur. 1139-cu il zəlzələsi, 1235-ci il monqol hücumları Gəncəni yerlə-yeksan etsə də, şəhər yenidən həmin ərazidə bərpa edilmişdir. 

Qeyd etmək lazımdır ki, bu mühüm tarixi məqamları mərhum arxeoloq, qədim Gəncə şəhəri ərazisində dəfələrlə arxeoloji qazıntılar həyata keçirmiş alim R.Əhmədov XX əsrin sonlarında bu ərazidə qazıntı işləri apararkən 11 metr dərinlikdə böyük şəhər mədəniyyətindən soraq verən qiymətli materiallarla sübut etmişdir. Tezliklə bərpa edilən Gəncə yenidən inkişafının yüksək mərhələsinə çatmış, nəticədə şəhər XII-XIII əsrlərdə Atabəylər imperiyasının Arran vilayətində iqamətgahına çevrilmişdi.

Beşinci dəfə Gəncə şəhəri I Şah Abbas tərəfindən 1588-ci ildə Səfəvi-Osmanlı müharibələri zamanı Osmanlı sərkərdəsi Fərhad Paşa tərəfindən tikdirilmiş indiki Gəncə qalası ərazisində ucalmağa başlamışdır. Bu Yeni Gəncədə görkəmli memar Şeyx Bəhaəddin tərəfindən Gəncə memarlıq üslubunda saraylar, ictimai binalar, karvansaralar, Şah Abbas məscidi və sair tikililər inşa edilmişdir. Bu ərazi Gəncənin mövcud olduğu beşinci ərazi hesab olunur. 

Yarandığı gündən ən azı 5 dəfə yerini dəyişən Gəncə geosiyasi və strateji cəhətdən əlverişli mövqeydə yerləşdiyindən daimi yadellilərin diqqət mərkəzində olmuşdur. Dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olan Gəncə habelə farsların, gürcülərin, Xarəzm, monqol, ərəblərin və rusların hərbi basqınlarının fəlakətli dağıntılarına məruz  qalmışdır. Tarixin olduqca müxtəlif mərhələlərində hərb meydanına çevrilən Gəncə ona dəyən dağıntılardan və zərbələrdən sarsılmamış, lakin kökündən qüvvət alaraq dirçəlmiş və inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksəlmişdir. Bu məqam bir daha Gəncənin qədim və çoxəsrlik şəhər mədəniyyəti ənənələrinə istinad etdiyini əyani surətdə nümayiş etdirir. 

Görkəmli xarici alimlər, arxeoloqlar - Zare, Morqan, Virxov, Belk, Resler, İvanovski, Rozendorf, Şults, Skinder, Paritsenmayer, Hümmel qardaşları və İsaq Cəfərzadə kimi görkəmli arxeoloqların apardıqları uzun müddətli arxeoloji tədqiqatları Gəncə şəhərinin qədim tarixə malik olduğunu təsdiqləmişdir.

Gəncədə tunc dövrünün sonlarında daha da inkişaf etmiş “Dəmirçilik”, “Misgərlik”, “Dulusçuluq”, “Şərbafçılıq” kimi sənətkarlıq sahələrində yüksək dərəcədə təmərküzləşmənin mövcud olması, bu peşələrlə məşğul olan sənətkarların peşəkarlıqlarının yüksəlməsi  və müvafiq olaraq ixtisaslaşmanın güclənməsi, eyni zamanda zəngin etnoqrafik mədəniyyəti Gəncənin şəhər kimi yaşının minilliklərlə olmasını sübuta yetirən  amillərdən biridir.

Artıq ilk orta əsrlər dövründə Gəncədə məktəblər, mədrəsələr, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərmiş, “Hikmət evləri” və “Şəfa ocaqları” yaradılmışdır. Tarixi mənbələrdə Gəncədə məşhur alim Əbülfəzl əl-Naxçıvaninin rəhbərlik etdiyi “Dar əl-kütub” deyilən böyük bir kitabxananın olduğu öz əksini tapmışdır. Şeyx Nizaminin mütaliə etdiyi və adlarını çəkdiyi əsərlərdən də aydın olur ki, Gəncədə zəngin kitabxanalar və minilliklərə dayanan elmi-mədəni mühit mövcud olmuşdur. 

Şeyx Nizami Gəncənin mədəni səviyyəsini daha yüksək qiymətləndirməklə doğma şəhərini beş min minillik mədəniyyətə malik olan  Babilistanla müqayisə edərək “Mənim Babilim” deyə tərənnüm etmişdir. Şübhəsiz yuxarıda göstərilən elmi faktlar geniş ərazini əhatə edən Gəncəbasar bölgəsində şəhərsalma mədəniyyətinin qədim tarixi bir dövrü əhatə etdiyinin bariz nümunəsidir.

Dünyanın ən qədim şəhərlərindən biri olan Gəncə dəniz səviyyəsindən 400-450 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 360 km qərbdə, Kiçik Qafqaz dağlarının şimal-şərq ətəyindəki Gəncə-Qazax düzənliyində yerləşir. Gəncə şəhərinin adının etimologiyası haqqında indiyədək elmdə müxtəlif fikirlər mövcud olmuşdur. Bəzi müəlliflər - M.Şopen, Sen-Martin, Y.Markvayt, N.Marr, K.Patkanov və başqalarının fikrincə, Gəncə şəhərinin adı fars dilindəki “gənc” – xəzinə sözü ilə bağlıdır. E.Reslerə görə Gəncə Azərbaycan sözü olub “açıq yer”, “gen yer” mənasındadır. XI əsrin tarixçisi Mahmud Kaşqari, eləcə də Gəncə toponimini araşdıran peşəkar tədqiqatçılar şəhərin adının qədim türk tayfalarından olan “gəncəklər”in adından götürüldüyünü elmi dəlillərlə sübut etmişlər. Qədim dövrlərdən gəncəklərin yayıldıqları ərazilərdə bir çox məskənlər onların adı ilə adlandırılmışdı. Şərqi Asiyada Gəncək Senqir, Qırğızıstanda Talas yaxınlığında Gencək, Amur vilayətində Genja, Dağıstanda Xunzax, Tacikistanda Qançi, Gürcüstanda Qandzani adlı məkanlar məhz gəncək tayfalarının adı ilə bağlıdır.

Gəncənin yerləşdiyi ərazi seysmik zona hesab olunur. Dağıdıcı və güclü zəlzələ haqqında ilk məlumat bu ərazidə 427-ci ildə baş vermiş və intensivliyi 9-10 bal olan zəlzələyə aiddir. Gəncə ərazisində növbəti güclü və dağıdıcı zəlzələlər 1139-cu və 1235-ci illərdə baş vermişdir. Bu seysmik hadisələr relyefin dağılması və dəyişməsi ilə müşayiət olunmuş, suxurlarda çoxsaylı qırılmalar və çatlar əmələ gəlmişdir. 1139-cu ildə baş verən 9-ballıq zəlzələdən sonra Kəpəz dağı uçmuş (dağılmış), Ağsu çayının qarşısı kəsilmiş və yeddi göl yaranmışdır. Bu zəlzələ nəticəsində 300 mindən çox insan tələfatı olmuşdur. Gəncə şəhəri öz coğrafi mühitinə və təbii sərvətlərinə görə, həmçinin özünün strateji cəhətdən əlverişli mövqedə yerləşməsinə görə daim yadellilərin diqqət mərkəzində olmuş, müxtəlif dövrlərdə monqollar, xarəzmlər, gürcülər, ərəblər, ruslar və digər yadellilər buraya hücum etmişlər. 

Lakin qəhrəman Gəncə şəhəri, igid gəncəlilər hər dəfə hücumları dəf edərək düşmənə əyilməmiş, doğma şəhəri öz canları bahasına qorumuşlar. VII əsrin ortalarında ərəb qoşunları tərəfindən tutulan Gəncə Xilafətin baş əyalət şəhərlərindən birinə çevrilmişdir və burada gümüş pul zərb edilirdi.  IX əsrdə “İpək yolu” üzərində yerləşən  Gəncə şəhəri Şərqin ən mühüm ticarət mərkəzlərindən biri idi. X əsrin ortalarında Bərdə tənəzzül etdikdən sonra Arranın paytaxtı Gəncəyə köçürüldü və şəhər möhtəşəm qala divarları ilə əhatə olundu. IX-X əsrlərdə Xilafətin zəifləməsi ilə əlaqədar Azərbaycanda müstəqil dövlətlər yarandı. Gəncə X əsrin 60-cı illərinədək Salarilər dövlətinin tərkibinə daxil idi. Salarilərin Arran valisinin iqamətgahı Gəncədə yerləşirdi. 970-ci ildən Gəncə Şəddadilərin əlinə keçdi. Şəddadilər dövlətinin paytaxtı da elə Gəncə oldu. Şəddadilər Gəncədə böyük quruculuq işləri həyata keçirdilər. Şəhərin kənarına möhkəm qala divarları çəkdilər, qalanın içərisindəki İç qala hissəsində saraylar, karvansaralar, məscid-mədrəsələr və s. tikdirdilər. Gəncədə Şəddadilərin adından pul zərb edilmişdi. Gəncə şəhəri bu dövrdə iri siyasi, iqtisadi və mədəni mərkəzə çevrildi. Şərq ölkələrindən Qara dəniz sahillərinə gedən karvan-ticarət yolları Gəncədən keçirdi. 

Bir məqamı da nəzərə almaq lazımdır ki, bu dövrdə şəhərin ərazisi xeyli genişlənmiş, qala divarlarından kənarda ticarət-sənətkarlıq məhəllələri salınmışdı ki, bu ərazi Rabat adlanırdı. Burada mahir sənətkarların güclü ittifaqları mövcud idi. 1139-cu il sentyabrın 30-da baş vermiş zəlzələ nəticəsində Gəncənin dağılması və bu zaman Gəncə hakimi Qarasunqurun şəhərdə olmamasından istifadə edən gürcü çarı I Demetre müdafiəsiz qalmış şəhərə hücum edərək şəhəri işğal etmiş, Gəncə darvazasını da hərbi qənimət kimi Gürcüstana aparmışdı. Hazırda bu qapı Kutaisi yaxınlığındakı Helati monastrında saxlanılır.

Gəncə XV əsrdə əvvəl Qaraqoyunlu, sonra isə Ağqoyunlu dövlətinin tərkibinə daxil edilmiş, XVI əsrdə Gəncə-Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdur. XVII əsr mənbələri Gəncənin yüksək inkişafından, ərazisinin böyüklüyündən məlumat verir. Oruc bəy Bayatın məlumatına görə bu dövrdə Gəncədə 60 min ev var idi. Hollandiya səyyahı Korneli de Bruin Gəncənin Şamaxıdan dörd dəfə böyük olması, burada daşdan və bişmiş kərpicdən tikilmiş evlər, geniş və yaraşıqlı küçələr, möhtəşəm bazarlar, karvansaralar olması haqqında yazmışdır. Gəncə şəhəri təbii fəlakətlər və ya hərbi yürüşlər nəticəsində dağıldıqdan sonra onu yenidən bərpa edən şəxslər şəhərin salınmasını öz adları ilə bağlamağa cəhd göstərmişlər. Buna misal olaraq XVI əsrdə yaşamış “Zikət əl-Məcalis” əsərinin müəllifi Məcdəddin əl-Hüseynin adı çəkilən əsərdə Gəncənin əsasının Makedoniyalı İskəndər tərəfindən qoyulması barədə məlumatı göstərmək olar. Buna oxşar məlumatlar gürcü salnamələrində də öz əksini tapmışdır. Gəncə tarixinin tədqiqatçılarından olan M.M.Altman Gəncənin əsasının Makedoniyalı İskəndər tərəfindən qoyulması haqqında mövcud olan məlumatları haqlı olaraq əfsanə adlandırmışdır. Çünki tarixi baxımdan bu məlumat özünü əsaslandıra bilməmişdir. Eyni zamanda, geniş miqyaslı olmasa da, bu ərazidə aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş maddi-mədəniyyət nümunələri də bu faktı təkzib etməkdədir. Tarixin sonrakı mərhələsində, yəni Səfəvi Osmanlı müharibələrinin meydalarından birinə çevrilən Gəncə şəhəri 1606-cı ildə dağıdılmış və Şah Abbas tərəfindən yenidən salınan şəhəri onun adı ilə bağlamaq üçün Abbasabad adlandırmışdır. Çar və bolşevik  Rusiyası tərəfindən Gəncənin adının “Yelizavetpol” və “Kirovabad” adlandırılmasını da misal çəkmək olar. 

Mənbə: Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi

Xəbər lenti