Logo

Kremli tikən azərbaycanlı balası

05.02.2023 16:19 648 baxış
IMG

Çox-çox təəssüflər ki, bu gün də çoxları elə bilir ki, "möhtəşəm sənət əsəri olan Kremlin memarı" "İtaliyadan gətirilmiş Aleksey Kremnıy adlı rus əsilli bir memar olub”. Xoşbəxtlikdən tarix itmir.

Onu məhv etmək istəsələr də bir gün zaman onu faş edir. “Möhtəşəm sənət əsəri olan Kremlin memarı” Əliş Sübhan oğlu Kərimli olduğunu sübut edəcək dəyərli mənbələr var. Bunlar “Ərəb şərqində İngiltərə xüsusi xidmət idarəsinin məşhur kəşfiyyatçısı, “Səhra pələngi” ayaması ilə tanınan Henri Lourensin “Görünməyən surətlər” əsəri, alman riyaziyyatçısı Eylerin Kremlin inşası tarixinə dair təəssüratlar “Triqonometriya haqqında fikirlər” kitabı, S.Borodinin “Dmitri Donskoy” tarixi romanıdır”.

1366-cı il. Moskva knyazı Dmitri İvanoviç Moskvanı qorumaq üçün əzəmətli qala tikdirmək fikrinə düşür. Amma bu işi avropalı memarlara etibar etmir. Çünki “onlar həm qalanın sirrini düşmənə sata bilərlər, həm də öyünəcəklər ki, Moskvanı onlar tikiblər”. Knyaz arzusunu çin etmək üçün “Şirvanşahlar dövlətinin Moskva knyazlığındakı səfiri Qafur bəyi çağırır və fikrini ona bildirir. Səfir də nəinki Azərbaycanda, hətta bütün Yaxın Şərqdə – Qafqazda tanınan memar Əliş Sübhan oğlu Kərəmlini nişan verir. O Kərimli ki, “Dəməşqin Bağlar bölgəsindəki məhəllədə ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş tağlı Bağdad körpüsünün, Qırımdakı (Krım) Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada (Tiflis yaxınlığı) Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa torcasının (kompleks), Şirazda nəhəng 80 otaqlı Karvansarayı, Dəbil şəhərindəki Cümə məscidinin, Şamaxıda bu günümüzədək qalıqları duran köhnə şəhərə giriş körpüsünün və onlarla tikilinin müəllifi kimi tanınmışdı”.

...Boyar Baratinski knyaz Dmitri İvanoviçi fikrindən yayındırmaq üçün “... bir müsəlman tatara belə böyük işi tapşırmaqda yanlışlığa yol vermirsizmi? Axı bu bizim heysiyatımıza toxuna bilər” deyə etrazını bildirməklə knyazı bu fikirindən daşındırmaq istəsə də alınmadı. Knyaz boyarı qəzəblə süzərək “məni sizin kimi boşboğazların heysiyyatı yox, Moskvanın etibarlı müdafiəsi düşündürür! Birdə ki tarixi biz yazırıq. Biz kimi istəyəriksə, səlnamələrə də onun adı yazılar”. Knyazın sonuncu sözləri boyar Baratinskinin ürəyinə yağ kimi yayıldı və o, knyazın hiyləsini başa düşərək məmnun halda onu süzdü...

Şaxtalı, sızaqlı bir qış günü səfir Qafur bəy Əliş bəyi knyaz Dmitri İvanoviçin hüzuruna gətirir. Knyaz Əliş bəyin gəlişi münasibətilə bacısı Boyarina Olqanın evində böyük bir məclis təşkil edir. Məclisdə rus qadınlarının “ucaboylu, enli kürəkli, iri gözlü, üzü avropalılar kimi təmiz qırxılmış, qara bığlı, ağ çərkəzi geyimli, qafqazlı kişini heyranlıqla süzməsi və üzünə gülümsəmələri, rus zadəgan kişilərinin çoxunun qaş-qabaq tökməsinə səbəb oldu”. Bu hal knyazın ürəyincə olmasa da büruzə vermir. “Ax rus qadınları” deyə dodaqaltı mızıldanır. Knyazı namusdan çox “Moskvanın etibarlı müdafiəsi” düşündürsə də qəlbindən bir anlıq belə bir fikir də keçir ki, “ona boyar libası geyindirmək və yaxın qohumlarından kimləsə evləndirməklə Şərqin məşhur memarı Əliş bəy Kərimlini Alyoşa Kremnıy edərək özəlləşdirmək heç də pis olmazdı” (Əslində Knyaz bu fikrə boşuna düşməmişdi. Bacısı Olqanın qızı Annanın Əliş bəyə göz yetirməsi, onun sağında, solunda fırlanması diqqətindən yayınmadı).

Uzun-uzadı söhbətdən sonra "1367-ci ilin 14 mart tarixində Moskvanın böyük knyazı Dmitri İvanoviçlə şərqli memar Əliş Sübhan oğlu Kərimlinin arasında müqavilə bağlandı". Bundan sonra Əliş bəy əsl Qafqazlı kişisinə məxsus vicdanına and içərək söz verdi ki: “Fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacaq, hamının zövqünü oxşayacaq, şəhərin əsas qürur yerinə çevriləcək bir qala tikəcək”. Martın 25-də qalanın ilk bünövrəsi qoyuldu. Bu zaman Əliş bəy “cibindəki Quranı çıxardaraq avazla oxumağa başladı”. Əliş bəy ilk gündən tikintidə güclü nizam-intizam yaratdı və hər işə özü nəzarət edirdi. Xüsusən fəhlələrinə çox qayğı ilə yanaşırdı. Onları "gündə iki dəfə isti xörəklə təmin edir, məvaciblərini yubatmağa qoymur, üstəlik fərqlənənlərə mükafat da verdirirdi. Buna görə hamı vicdanla çalışırdı. Hətta bəzən iş vaxtından sonra da qalıb işləməklə Əliş bəyə öz rəğbətlərini bildirir, tikinti ərazisini isə “Kremli” adlandırırdılar”.

Əliş bəy də bütün gücünü tikintinin tez və keyfiyyətli başa çatmasına yönəltmişdi. “İşdən başqa heç nəyə vaxtı olmayan memarı” narahat edən yalnız knyazın bacısı qızı Anna idi. Dəfələrlə qulluqçu libasında Əliş bəyin otağına daxil olan Anna "mən səni sevirəm! Hamıdan, hər şeydən artıq sevirəm! Məni öldür, amma rədd eləmə" – deyə hönkürtü çəkərək özünü onun qollarına atır yalvarır-yaxarırdı. Əliş bəy isə ona hər dəfə xatırladırdı ki, "mən sizin evdə yaşayıram. Bu yaşadığım evə xəyanət olardı, mən bunu edə bilmərəm". Bir axşam baş verən hadisə isə Əliş bəyi mat-məəttəl qoydu. O, yatağına uzanarkən diksindi, sanki ildırım vurdu. Anna tamam soyunub onun yatağına girmişdi. Bu hadisədən sonra Əliş bəy axşamlar evə daha gec dönməyə, Annadan uzaqlaşmağa çalışdı”.

...Nəhayət Əliş bəy qalanı verdiyi vədədən də tez bir zamanda tikib qutardı. “Əminəm ki, qalanın görkəmi və davamlılığı haqda heç bir narazılığınız yoxdur!” deyə Əliş bəy knyaz Dmitri İvanoviçə müraciət etdi. "Əksinə, mən də, bütün əyanlar da böyük razılığımızı bildiririk. Mən sənə nəzərdə tutulmuş əmək haqqından daha böyük məbləğin ödənilməsi barədə sərəncam vermişəm" deyən knyaz sözünə xəyanət etdi.

Tikintinin başa çatması münasibətilə Annanın atası Dmitri Mixayloviç məclis qurur və məclisə Əliş bəyi də dəvət edir. Bu dəvət Əliş bəyin ürəyincə olmasa da hörmətsizlik etmir, məclisə gəlir, "axı üç il onun evində yaşamışdı". Məclisdə Dmitri Mixayloviç hər vasitə ilə Əliş bəyin milli kimliyini, dinini, dilini aşağılayır və ələ salır. "Yetər" deyə Əliş bəy ayağa qalxmaq istərkən arxadan “qüvvətli əl onun saçından yapışdı və o andaca iti bir şey onun boğazına çəkildi. Ağrı onu dəhşətə gətirdi. Əliş bəy öz boğazından fışqıran al qırmızı qanını gördü. Sonra Əliş bəyin heysiz bədəni süfrəyə, tamam üzülmüş başı isə bir kənara düşdü”. Knyaz Dmitri İvanoviç “Moskva Rusiyanın ürəyidir! Burada bir tatarın möhtəşəm qala ucaltması bizim qürurumuzu alçaldar” deyə kinayə ilə Əliş bəyin bədənindən axan qana baxdı.

Qərənfil Dünyaminqızı, əməkdar jurnalist

Xəbər lenti