Logo

“İona kompleksi”nin gənclərə psixoloji təsiri - FOTO

02.03.2023 09:08 648 baxış
IMG

İnsan övladı dünyaya böyük potensialla gəlir. Lakin düşdüyü sosial mühitdə aldığı təlim və tərbiyənin təsiri nəticəsində bəziləri öz imkanlarını gerçəkləşidirə bilir, böyük bir qismi isə sadəcə olaraq bu dünyada bir müddət ömür sürərək həyatlarının başa vururlar.

Heç şübhəsiz ki, bunun belə olmasında sosial mühitin rolu çox böyükdür.  Amma o da var ki, problemin bir tərəfi fərdin özünə, onun koqnitiv və emosional-iradi aktivliyinə bağlıdır. İstər xarici, istərsə də daxili səbəblərlə şərtləndiyi üçün adamların böyük əksəriyyəti mümkün potensialından istifadə etmədən həyatını yaşayaraq başa vurur. Bu problemin daxili səbəblərindən biri insanların “İona kompleksinin” təsirinə məruz qalaraq yaşamaları ilə bağlıdır.

“İona kompleksi” nədir?  Buradakı İona adı İslam tarixində, müsəlmanların Yunus kimi tanıdığı peyğəmbərin Bibliyadakı adıdır.  İona Allahın onun üçün təyin etdiyi missiyanı yerinə yetirməkdən imtina edən şəxsdir. Allahın ona  əmr etdiyi  vəzifəni yerinə yetirməkdə özünü bacarıqsız hesab etdiyi üçün bu vəzifəni icra etməkdən boyun qaçırmaq istəmiş və öz qövmünü tərk edərək gəmi ilə uzaqlaşmaq istərkən dənizdə suya qərq olmuşdur. Bu dəfə Allahın hökmü ilə balığ onu udmuş və üç gündən sonra balıq onu dəniz sahilinə sağ buraxmışdır. Balığın qarnında olarkən olub keçənlər barədə düşünən İona xilas olduqdan sonra Allahın ona yüklədiyi missiyanı yerinə yetirməyə başlayır.

İona kompleksi ilk dəfə amerikan psixoloqu Abraham Maslou tərəfindən işlədildiyi üçün biz də onu Maslounun qeyd etdiyi kimi “İona kompleksi” deyirik. Maslou bu kompleksi insanın “öz dahiliyi qarşısında yaşadığı qorxu” kompleksi ya da onun üçün yazılmış alın yazısından qaçmağa olan cəhd kimi izah etmişdir.

Bəs görək kompleks nə deməkdir? Psixologiyada kompleks anlayışının mahiyyəti belə izah olunur ki, kompleks – insanın fiziki, psixi və sosial individuallığının ətraf insanlarla münasibətdə doğurduğu sosial disharmoniyadır. Kompleks – şəraitin başa düşülməməsi, dərk olunmamasıdır. Kompleks iki hissədən ibarət olur. Birincisi kompleksin görünən simptomları, ikincisi isə kompleksin gizli tərəfi – yəni kompleksin görünməyən, lakin əsl səbəbi. Kompleksin səbəbləri psixikanın şürsuzluq qatında yerləşdiyi üçün onun həllini də orada axtarmaq lazımdır. Əksər hallarda kompleksin səbəbləri psixoanaliz yolu ilə aşkar olunur və aradan qaldırılır. Psixoanaliz – simptomdan səbəbə  doğru yəni şüursuzluqda gizlənən məzmunun şüur vasitəsilə təhlili və aşkar olunmasıdır.

“İona kompleksinə” görə insan özünün pis xüsusiyyətlərindən qorxduğu qədər yaxşı tərəfindən də ehtiyat edir. Ona görə ki, böyük əksəriyyət üçün təyin olunan həyat missiyası qorxulu, təhlükəli görsəndiyi üçün o bu missiyadan imtina edərək yalnız sağ və salamat qalmaq üçün başını güzəran qayğıları ilə məşğul edir. Hər bir insan həyatında elə bir anla üzləşir ki, özünün böyük potensiala sahib olduğunu dərk edir və həmin an özünü dahi kimi hiss edir. Bununla belə,  Maslou qeyd edir ki, biz həmin bu imkanı hiss etdikdə qorxudan əsib-titrəyir və ondan uzaq qaçırıq.

2010- cu ildə fizika üzrə Nobel mükafatçıları Andrey Qeym və Konstantin Novoselov qeyd edirlər ki, “Bəşəriyyətin tərəqqisi macəra, əyləncə hissi və qeyri-standart təfəkkür hesabına hərəkət etmişdir. Dünyanı idarə edən “Çörək və tamaşa” tələbinin hökm sürdüyü şəraitdə ehtiyatlılıq və siyasi korrektlik xatirinə qeyd olunan keyfiyyətlər unudulur, yaddan çıxır.

Yaradıcılıq psixologiyası üzrə Amerika tədqiqatçısı F.Barona sual verirlər ki, bizə hərdən elə görünür ki, yaradıcılıq potensialı tükənib, yaxud uzun illər gerçəkləşməmiş qalıb?

 Cavabında F.Baron deyir: “Əgər içində yaşadığımız cəmiyyət davranış və yaşayışın “doğru-düzgün” üsullarını müəyyənləşdirməyə həddindən artıq meyl edirsə, onda insanın təcrübə aparmaq marağı, yaratmaq eşqi tükənib itir. Mühüm problemlərin həlli zamanı orijinal və məhsuldar olmaq çox vaxt insandan arasında yaşadığı adamlardan seçilmək cəsarəti, fərqlənmək hünəri istəyir”.

 Bax, elə İona kompleksi də yaxşı tərəfdən olsa da yenə insanların başqalarından fərqlənməsi qarşısında keçirdikləri qorxu hissindən irəli gəlir. Belə bir meyl həm də mədəniyyətlə şərtlənir. Güc və qorxunun hakim kəsildiyi, “el-aləm nə deyər” mədəniyyətində fərqlənmək qorxusu insanların azad düşüncəsini, sərbəst qərar vermə istəyini buxovlayaraq insanları hamı kimi olmağa, fərqlənməməyə, seçilməməyə təşviq edir.

Psixologiyanın nəzəri və praktiki elm sahəsi kimi yerinə yetirməyi öz öhdəsinə götürdüyü missyaya - insanların psixi sağlamlığını qorumaq, psixi xəstəlikləri müalicə etmək, həyat məmnuniyyətini artırmaq, insanların istedad və qabiliyyətini üzə çıxarıb inkişaf etdirmək kimi məsələlər də daxildir. Psixologiyanın müalicə etmək missiyası aparılan tədqiqat və təcrübələrin, göstərilən xidməti işlərin əsas mərkəzində dayandığına görə onun digər missiyaları “artıq unudulub”. Nəticədə psixologiya ilk növbədə əzab-əziyyət çəkən insanlara, disfunksiyaya - psixi pozuntulara diaqnoz qoyub onu müalicə etməyə yönəlmiş olan terapevtik missiyanı yerinə yetirməklə məşğuldur. Halbuki, onun qoruyuculuq (psixogigiyena) və inkişafetdiricilik missiyası həm dövlət, həm də xalq üçün daha əhəmiyyətli və vacibdir. Hesab edirik ki, müasir dövrdə psixoloqların, o cümlədən fiziki sağlamlığımızla məşğul olan həkimlərin özlərinin qoruyuculuq missiyasına diqqət yetirməsinə çox böyük tələbat var.

İnsanların, xüsusilə də yetişməkdə olan gənc nəslin güclü və üstün keyfiyyətlərinin öyrənmək, həm də onları inkişaf etdirmək təlim və tərbiyə sistemimizin, o cümlədən bu işlərin nüvəsini təşkil edən psixologiya elminin missiyasına daxildir. Bu baxımdan təhsil sistemi şagird və tələbələrin nəyi öyrənmələri, bilmələri və nələri etməyi bacarmalarına cavabdeh və məsul olduqları qədər onların necə insan və ya necə şəxsiyyətli mütəxəssis olmalarına da cavadehlik daşımalıdır. Təhsil sistemi tələbə və şagirdin mövcud arzu və muradını kəşf etməklə yanaşı,  həm də onların potensial  imkanlarını nəzərə alaraq  peşə xəyallarını bir qədər pərvazlandırmağa tələbat yaratmalıdır.

Mən pedaqoji fəaliyyətimlə əlaqədar olaraq müxtəlif ali təhsil müsissələrində müəllim, riyaziyyatçı, psixoloq, fizik, tarixçi, filoloq, tərcüməçi, hərbiçi ixtisası və peşəsi üzrə təhsil alan tələbələrin müəllimi olmuşam. Tələbələrə, onların peşə həyatında gələcək xəyalları ilə bağlı suallar verməyi xoşlayıram. Məsələn, soruşurdum ki, “Sizlərdən kim Ziqmund Freyd kimi psixoloq, Ziya Bünyadov kimi tarixçi, Lütfi Zadə kimi riyaziyyatçı, Nikola Tesla kimi fizik yaxud Əmir Teymur kimi sərkərdə olmaq istəyir?” Əksər hallarda tələbələr verdiyim bu suala qrupda tələbə yoldaşları qarşısında cavab verməkdən çəkinirdilər. Onda deyirəm ki, ”Əgər siz onlar kimi olmağı ən azından arzu  etmirsinizsə, bəs onda kim edəcək?”

Hesab edirəm ki, bü günkü gənclərimizin çoxu oxuduğu ixtisas üzrə dahi olmağı heç xəyalına belə gətirməkdən özlərini çəkindirirlər. Fikir, düşüncə daha çox bir məsələyə yönəlib: oxumaq, mütəxəssis olmaq və həyatda yaşamaq üçün zəruri olanları əldə edərək ömür sürmək. Adi həyat yaşamağın ən bəsit bir resepti.

Tələbələrin, gənclərin və yeniyetmələrin böyük əksəriyyəti öz potensialından ona görə qaçırlar ki, ətrafdakılar onları öz arzu və istəklərinə görə lovğa, acgöz hesab etməsinlər. Amma bəzən bütün bunlar cəhd göstərməmək üçün  bir bəhanə də olur. Tələbələr özləri üçün daha çox aşağı səviyyədən olan arzu seçirlər: diplom almaq, iş tapmaq və dolanmaq. Diqqət mərkəzində olmaqdan qorxmaq və çəkinmək.

Düzdür, son illərdə, xüsusilə II Qarabağ müharibəsi ərəfəsində ölkədə aparılan məqsədyönlü hərbi-vətənpərvərlik tərbiyəsi nəticəsində Mübariz İbrahimov, Polad Həşimov kimi əsgər və generalı özünə ideal seçərək hərbi təhsil alan gənclik formalaşıb. Amma, elm və təhsil sahəsi ilə bağlı özünü böyük xəyallara kökləyən gənclərimiz azdır. Hesab edirəm ki, Təhsil Nazirliyinin adının dəyişdirilərək Elm və Təhsil Nazirliyi kimi adlandırılması müxtəlif elm sahələri üzrə elmi kadr potensialının gücləndirilməsinə, bütün sahələr üzrə aparılacaq islahatların və yeniliklərin elmi tədqiqatlarla şərtlənməsini artıq bir tələb kimi təhsil sisteminin qarşısına qoymuşdur. Bu məsəldə ailə, təhsil sistemi və digər sosializasiya institutlarının koordinasiyalı işinə böyük ehtiyac vardır.

Maslounun ideyası belə idi ki, insan böyük məqsədlərə can atmalıdır, amma, bu zaman başını itirməməlidir. Adamların əksəriyyəti birini düşünür, digərini isə unudur. Amma, siz özünü gerçəkləşdirən o dahi adamların həyatını öyrənsəniz görərsiniz ki, onlar hər ikisini çox gözəl şəkildə bir araya gətirərək yaşayıblar.

Biz çox sürətlə dəyişən dünyada yaşayırıq. Ona görə də yalnız dolanmaq, sağ və salamat qalmaq eləcə də artıb çoxalmaq üçün yaşamaq, yaşamaq deyil. Sadəcə olaraq mövcud olmaqdır. Müasir dünyada ata və babalarımızın yaşadığı kimi işləmək, oxumaq və yaşamaq kifayət deyil.

Bəzən adamın uşaq vaxtı aldığı psixoloji zədə onun özünün gələcəyi ilə bağlı xəyal qurmasına və sonrakı taleyinə mənfi təsir göstərir. İona kompleksi insanın özünün tam potensialı, qabiliyyətindən istifadə etməsi üçün daxilən-psixoloji mənada özünü hazır hesab etməməsi və bu səbəbdən də uğurlu bəxtindən qaçması deməkdir. 

Bu kompleksin yaranması yüksək həyəcanlılıq və iddia səviyyəsinin azalması ilə əlaqədardır. A.Maslounun hesab etdiyi kimi hər bir adamın özünügerçəkləşdirmə, inkişaf istəyi, öz qabiliyyət və bacarığından tam olaraq istifadə etmək arzusu var. Digər tərəfdən isə bu yolda meydana çıxan maneələr, o cümlədən daxili maneələr. Həyatımızın həlledici anlarında özümüzdə aşkar etdiyimiz ilahi fürsətlər bizi çox sevindirir. Eyni zamanda bu cür fürsət və imkanların qarşısında qorxu və zəiflikdən titrəyirik.

Necə ki, İona onun üçün nəzərdə tutulan peyğəmbərlik missiyasının yerinə yetirməkdən imtina etdiyi kimi bəzi gənclərimiz də  onları inkişafa aparan yolda iddialarını gerçəkləşdirmək fürsəti ilə üzləşdikləri anda yaranmış olan taleyüklü fürsətdən istifadə etmirlər. Öyrəşdikləri rahat rutin həyatı pozmaqdan, sahib olduqları statusu, nəticəni və reallıqları itirməkdən qorxduqları üçün özlərinin düşündükləri reallqdan bərk-bərk yapışaraq yaşamağa davam edirlər. Belə olduqda gənc insanı cavabdehlik həyəcanı, paxıllıq edən şəxlərin neqativ fikirlərindən yaranan şübhə özünəşübhə hissi, eləcə də adəti və rahat həyat ritminin pozulması ilə bağlı uğursuzluq qorxusu bürüyür.

İona kompleksindən necə yaxa qurtulmaq olar? Yaxud onu necə idarə etmək olar?

İlk növbədə belə bir kompleksin olduğunu bilmək lazımdır. İkincisi o kompleksin əsasında hansı hadisənin dayandığının fərqində olmaq lazımdır. Səbəbi başa düşmək sizi o komleksdən dərhal uzaqlaşdırmasa da ən azından düşünmək və həll yolları haqqında düşünmək imkanı verəcəkdir. Kompleks nədən qaynaqlanır?

Psixoloji zədə ilə nəticələnən hadisə yoxsa valideyn və başqa böyüklərin davamlı olaraq “falçılıq” edərək sizi qorxudması?

 Üçüncü addım, problemi həll etmək üçün atacağınız addımların alqoritmini hazırlamaqdır. Məsələn, uşaqlıqdan gələn, sizin özgüvən hissininzi zəiflədən neqativ siqnallardan uzaqlaşın və əvəzində sizi güclü edən tərəflərinizə fokuslanın. Yaxud da psixoloqların köməyi ilə uşaqlıqda aldığınız psixoloji zədələrdən qurtulun.

Bu həyatda öz xəyalı olanlar öz xəyalını, öz xəyalı olmayanlar isə başqalarının xəyalını yaşayırlar.

Ceyhun Alıyev
ADU, Psixologiya kafedrası

Xəbər lenti