Dövlət İmtahan Mərkəzi (DİM) imtahana girən şagirdlərin yoxlanış zamanı nəzarətçilər tərəfindən alçaldılması haqda yayılan məlumata münasibət bildirib.
Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə "Tehsil.biz"ə açıqlamasında bildirib ki, DİM-in keçirdiyi imtahanlarda iştirakçıların və imtahan materiallarının təhlükəsizliyinin təmin edilməsi, həmçinin iştirakçılar üçün bərabərsəviyyəli imtahan mühitinin yaradılması məqsədi ilə imtahan binalarına girişdə buraxılış rejimi tətbiq olunur:
“Buraxılış rejimi zamanı binaya daxil olan iştirakçıların sənədlərinin həqiqiliyi elektron portalda dəqiqləşdirilərək şəxsiyyəti müəyyənləşdirilir və imtahanazidd əlavə vasitələrin (xüsusi elektron və kağız daşıyıcıların, qulaqlıqların, ötürücü qurğuların, ağıllı saatların, kəsici-deşici alətlərin, kimyəvi tərkibli zərərli maddələrin və s.) binaya keçirilməsinin qarşısının alınması üçün fiziki olaraq üstlərinin yoxlanılması həyata keçirilir. Yoxlamalar etik davranış qaydaları çərçivəsində aparılır. Sənəd yoxlamasından keçən xanım iştirakçılar binanın foyesində öncədən onlar üçün ayrılmış yerlərə dəvət olunur və üst-başları xüsusi təlim keçmiş xanım əməkdaşlar tərəfindən, oğlan iştirakçıların üstləri isə daxili işlər orqanlarının peşəkar kişi əməkdaşları tərəfindən əl və ya metal detektorla yoxlanılır”.
X.Xanlarzadə qeyd edib ki, iştirakçıların bəziləri imtahana gələrkən imtahan binasına keçirilməsinə icazə verilməyən vasitələri bədənlərinin müxtəlif nahiyələrində, paltar və ya ayaqqabılarında öncədən gizlətməklə buraxılış rejimindən keçirməyə cəhd edirlər:
“Təkcə 2023-cü ilin mart ayında keçirilən 11-ci siniflər üzrə buraxılış imtahanı zamanı ümumilikdə 12 şagird tərəfindən üzərində öncədən müxtəlif üsullarla gizlətməklə mobil telefon və ağıllı qurğuların binaya keçirilməsi halı müəyyən olunub, onlarla vasitənin isə keçirilməsinin qarşısı alınıb. Son olaraq bildirmək istəyirik ki, bütün inkişaf etmiş dövlətlərdə olduğu kimi bizim ölkədə də keçirilən kütləvi imtahanlarda tətbiq olunan buraxılış rejiminin ciddi aparılması iştirakçıların narahat edilməsi deyil, əksinə hər kəsin təhlükəsizliyinin təmin olunmasına və şəffaf imtahan mühitinin yaradılmasına xidmət edir”.
Qeyd edək ki, sosial şəbəkədə imtahan keçirilən binaya daxil olarkən oğlanlar və qızların ayrı-ayrılıqda məsuliyyətli şəxslər tərəfindən əl ilə toxunaraq alt paltarına kimi yoxlanılması ilə bağlı idda irəli sürülmüş, bu isə böyük narazılığa səbəb olmuşdu.
Orxan Daşdəmirov