Logo

Böyük Turanın “kiçik” xalqı: Noqaylar kimdir? - FOTO

07.05.2023 18:06 414 baxış
IMG

Noqaylar əsasən Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının şimal hissəsində yaşayırlar. Muxtariyyətləri yoxdur. Noqayların sayı Rusiya Federasiyasında təqribən 110 min nəfərdir. Noqaylar və ya noğaylar – türk xalqlarından biri, özlərini “Qaranoğay” və ya “Noğay-Qaraqaş” adlandırırlar. Türk dilinin qıpçaq qrupuna daxil olan noqay dilində danışırlar. Etnik və linqvistik baxımdan qazax və qaraqalpaqlara ən yaxın xalqdırlar.

Tehsil.biz "AzərTAC"a istinadən xəbər verir ki, bu fikirlər AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun "Böyük Turanın “kiçik” xalqı: Noqaylar kimdir?” sərlövhəli məqaləsində yer alıb.

Məqaləni təqdim edirik.

Noqay xalqı türk boyları olan oğuz, qıpçaq və monqol-manqıtların qarışması nəticəsində Volqa, Dunay və İrtış çayları ərazisində formalaşıb. Etnoad Noğay adından götürülüb (XIII əsr) – Noğay Qızıl Orda dövlətinə qarşı üsyançılardan biri olub. Noğay adına tarixdə ilk dəfə, orta əsrlərdə, Monqol imperiyasının dağılmasından sonra rast gəlinir. Monqol imperatorluğunun ulusu olan Qızıl Orda imperatorluğunun dağılmasından sonra yaranan kiçik xanlıqlar (Qazan, Krım, Sibir və digər) arasında Noğay xanlığı da var idi.

Noqayların rəhbəri Noqay adlı şəxs, bir çox xalqların nümayəndəsi kimi, XIII əsrin sonlarında Qızıl Ordanın bəylərbəyi (vəzir) qismində çıxış edirdi. Hulakülərlə müharibələrdə və Balkanlara yürüşlərdə, noqaylar Qızıl Ordanın qalıqlarına arxalanırdılar. Peçeneq və alan tayfaları onlara birləşərək Noqayları yeni nəhəng qüvvəyə çevirdilər. Artıq Qızıl Ordanın sərhədlərindən kənarda, Noqay Ordası hökmranlıq etməyə başladı, Serbiya və Bolqarıstan çarları Noqay Ordasına beyət edirdilər. Bundan bir əsr sonra monqol tayfasından olan temnik (hərbi rəhbər) Yedigey 1396-1411-ci illərdə Toxtamışla birlikdə hakimiyyət uğrunda döyüşlərdə noğaylara arxalandılar.

Manqit ulusu, eləcə də Kazan və Krım xanlıqları Qızıl Ordadan qopduqdan sonra Noqaylar Qızıl Ordanın özəyinə çevrildilər. Məhz buna görə onlar, “Edige” dastanının qəhrəmanı oldular.

1440-cı illərdə Qızıl Orda zəifləməyə başladı. Volqa boyunca yayılan quraqlıq, vəba epidemiyası Krıma da uğursuzluq gətirdi. Zəifləmə təqribən 100 il davam etdi. Qızıl Ordanı bundan sonra Noqay Ordası əvəz etdi. Volqa çayının sol sahilindəki Böyük Orda 1557-ci ildə Rusiyanın himayəsini qəbul etdi. Çayın sağ sahildə Murza Kazi ben Urakın Kiçik Ordası Krım xanlığının himayəsinə keçdi.

1640-cı ildə Rusiya sərhədlərində yerləşən noqayların bütün yaşayış məntəqələrini, Qıpçak Çölündən gələn kalmıklar hücum edərək xarabalığa çevirdilər. Kalmıkların hücumundan sonra Qara Dəniz sahilləri boyu yaşayan noqaylar “Kuban tatarları” da daxil Osmanlı dövlətinin himayəsini qəbul etdilər.

Noqay Ordası daim Krım xanlığının hücumlarına məruz qalırdı. Onlar həmin hücumlara müqavimət göstərə bilirdilər. 1783-cü ildə Krım xanlığının müttəfiqi Rusiya ordusu tərəfindən Noqay Ordasına hücum edildi. Aleksandr Suvorovun komandanlığı ilə hücum edən Rus ordusu, Bütün Noqay aulları dağıdılaraq xarabalığa çevrildi.

Noqayların çoxu öz yurdlarını tərk edərək Türkiyəyə qaçdılar. Onların bir çoxu dağlara çəkilərək çərkəzlərə sığındılar. Digər bir qismi isə Şərq ölkələrinə qaçdılar. Böyük və güclü bir xalq olan noqaylar öz ərazilərində etnik azlığa çevrildilər. Hazırda Yaxın Şərqdə təxminən 700 min noqay yaşayır. Kubanda isə onların sayları 20 mindən bir qədər çoxdur.

Rusiyanın işğalı altında qalan azsaylı noqaylar sovet dövrünə qədər kölə kimi yaşadılar. Belə ki, onlara mədəniyyətini inkişaf etdirmək, eləcə də oturaq həyat keçirmək qadağan olunmuşdu. Onlar köçəri həyat sürməyə məhkum edilmişdilər.

Qaraçay-Çərkəz Respublikasına gələn bir səyyah yazırdı: “Noqaylar nəzəriyyədir. Onların yaşadıqları əraziyə baxsaq heç nə yoxdur, onların varlığı respublikanın həyatında nəzərə çarpmır və heç yerdə Noqay mətbəxini və mədəniyyətini xatırlamıram”.

Xəbər lenti