"Təhsil müəssisələrinin vahid geyim formalarından danışdıqda ilk olaraq göz önünə orta ümumtəhsil müəsissələri gəlir. Təbii ki, bu vahid geyim forması yalnız orta ümumtəhsil müəsissələrinə aid olmalı deyil. Hal-hazırda ölkəmizdə 4451 təhsil müəssisəsi var. Bunlardan 51-ni ali təhsil müəssisələri təşkil edir. İstər universitet, istər kollec tələbələrinin gündəlik dərs zamanı istifadə edə biləcəyi vahid geyim forması olmalıdır".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov bildirib.
O deyib ki, adam universitetlərə daxil olanda utanır:
"Əksər tələbələr qısa ətəkdə, universitetə aidiyyəti olmayan bir geyimdə dərslərə daxil olurlar. qıraqdan baxan da elə bilir ki, bunlar oxumağa yox partiyə, qonaqlığa gəliblər. Təbii ki, qadağalar olmalıdır, amma onların hüquqlarını tapdamamaq şərti ilə. Yəni qadağalar təhsilin inkişafı üçün, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün olmalıdır və bu əsaslandırılmış olmalıdır, nəzəriyyə ilə yox".
Ekspert qeyd edib ki, hər bir universitetin nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsilalanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən etmək hüququ vardır, amma bu o deməkdir ki, geyim forması müəyyən olunarkən təhsilalanların hüquqları və təhsil almaq hüquqları tapdanmamalıdır:
"Eyni zamanda ali təhsil müəssisələrinin daxilində təhsilalan və təhsilverənlərin münasibətləri Təhsilalanların daxili intizam Qaydaları ilə tənzimlənir. Yəni universitetlər daxili işlərində müstəqildirlər, amma bu zaman qanunvericilik aktlarına əmək etməyə borcludurlar. Ola bilsin ki, "Təhsil Haqqında Qanun"da hansısa məsələlərə toxunulmayıb. Əgər bu məsələ ilə bağlı qanunda heç nə qeyd edilməyibsə, bu o demək deyil ki, universitetlər daxili qaydaları ilə məsələləri istədikləri kimi tənzimləyə bilər. Bu hal tələbələrin hüquqlarını pozmaqla bərabər "Təhsil Haqqında Qanun"un da demədiyi sözü deyir".
Mərcanə Əsədova