Logo

99-dan biri: Almaniyada ilk təhsil alan Şahsuvarov

05.08.2023 18:47 375 baxış
IMG

Əvvəlki saylarımızdan birində Zəngəzur qəzasının Minkəndin də anadan olan və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Almaniyaya təhsil almağa göndərilən Şahsuvarovlardan biri (Mürsəl Adilxan oğlu Şahsuvarov) haqqında söhbət açmışdım. İndi isə onun həmkəndlisi Şahsuvarov Surxay Əzim oğlu haqqında oxucularıma məlumat vermək istərdim. 

Surxay haqqında söhbət açmazdan öncə atası Əzim kişi barədə qısa da olsa məlumat vermək yerinə düşərdi. Çünki bu faktın özü bir daha təsdiq edir ki, ermənilərin bizə qarşı törətdikləri haqsızlıqların kökü çox dərinlərə rişələnib. 

Yazılı mənbələrdən, xatirələrdən belə bəlli olur ki, əslən Zəngəzurdan olan Əzim kişi el-obanın xeyir-şərində yaxından iştirak edən, böyük-kiçik yeri bilən, xeyirxah, nəcib bir insan olub. Kənddə dəyirman tikilməsində böyük rolu olub. Əzim kişinin bu xeyirxahlığını gözü götürməyən ermənilər dəfələrlə ona qarşı sui-qəsd hazırlayıblar. Təngə gələn Əzim kişi ailəsini də götürüb doğma kəndindən çıxır. 1905-ci ildə bir parça çörək qazanmaq, ailəsini dolandırmaq üçün üz tutur Bakıya. Çox çətinliklə Binəqədidə neft mədənlərində fəhləliyə başlayır. Zəhmətkeş, xoşxasiyyət, əliaçıq insan burada da öz xeyirxahlığından qalmır. Bu dəfə də Bakıdakı Gorus erməniləri tərəfindən təqiblərə məruz qalır və 1908-ci ildə bir neçə erməni fəhləsi mədəndə iş başında onu qətlə yetirir.

Əmi, dayı himayəsində böyüyüən Surxay

Xoşbəxtlikdən Surxayın dayısı Rəsul və əmisi Nurməmməd təhsilli, ziyalı, qohumcanlı insanlar idi. Əzim kişinin ölümündən sonra başsız qalan ailəsinin bütün çətinliklərini onlar həll edirlər. Bakıda dayısı Rəsulun köməkliyi ilə iki il təhsil alan Surxay 1910-cu ildə Gəncəyə əmisi Nurməmmədin yanına gəlir. Seminariya təhsili görən əmi hər bir çətinliyə qatlaşaraq Surxayın təlim-tərbiyyəsi, təhsililə ciddi məşğul olur. Onu Gəncə oğlan Gimnaziyasına qoyur. 1913-cü ildə buranı əla qiymətlərlə başa vuran Surxay əmisinin təkidilə Tiflisə gedir. Orada Birinci Tiflis İmperator I Aleksandır kişi Gimnaziyasına daxil olur. Burada rus, alman, fransız dillərini mükəmməl öyrənən Surxay 1918-ci ildə gimnaziyanı kamal şəhadətnamə ilə başa vurub Bakıya qayıdır. 

Avropada təhsil arzusu

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Frayberq Akademiyasına göndərilən gənclər arasında Şahsuvarov Surxay Əzim oğlunun da adı var idi. Bu, qohum-əqrəbanı və arasında daha çox onun dayısı Rəsulu və əmisi Nurməmmədi sevindirirdi. 

1920-ci il yanvarın 14-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və hökumət üzvülərinin, iş adamlarının, din xadimlərinin, tanınmış ziyalıların xeyir-duası ilə xaricə ali təhsil almağa göndərilən tələbələr 1920-ci ilin 14 yanvarında yola düşdülər. 

1920-ci ilin mart ayından Almaniyada Frayberq Dağ Mədən Akademiyasında təhsil almağa başlayan Surxay 1925-ci ilin əvvəllərində Akademiya təhsilini əla qiymətlərlə başa vurur və Vətənə qayıdır. 

Surxayın ilk iş yeri Bibiheybət Qazma kontoru olur. Burada mühəndis kimi işə başlayan Surxay 1927-ci ildə eyni zamanda pedaqoji fəaliyyətə də başlayır. İlk müəllim kimi N.Nərimanov adına Texnikumda auditoriyaya girən Surxay Avropada aldığı yüksək təhsili həvəslə tələbələrinə öyrətməyə başlayır. Tez bir zamanda “Xəzər dənizinin müxtəlif dövrlərdə su balansı” mövzusunda dissertasiyasını böyük uğurla müdafiə edərək geologiya-minerologiya elmləri namizədi adına layiq görülür. 

Gərgin elmi axtarışlar Surxayı bu sahənin daha dərinliklərinə baş vurmağa sövq edir. Gənc alim Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinin dekanı kimi gününün çoxunu tələbələrilə keçirməli olur. Gecə-gündüz bilmədən doktorluq dissertasiyasını yekunlaşdırmağa calışan Surxay birdən-birə "qara siyahı"ya düşür.

Sovetlərin yadına düşür ki, Cümhuriyyət tələbəsidir. Almaniyanın mənafeyinə "casusluqda” günahlandırılan gənc alim həbs edilir. Şimalı Qazaxıstanda və Şimali Uralda sürgün həyatı keçirən Surxay soyuqda, şaxtada yalnız sağlamlığını itirir. 43 yaşını sürgün həyatında tamamlayan gənc ata iki ciyər parasından, vəfalı ömür-gün yoldaşından və sevimli tələbələrindən nigaran bir “ömür sürən” Surxay 1945-ci ilin əvvəllərində çox ağır halda evə dönür. Vərəm bütün səhhətinə hakim kəsilir. 1945-ci ilin bir payız günü dünyasın dəyişir. Onlarla-yüzlərlə savadlı, elmli, ədəb-ərkanlı azərbaycanlı gənci kimi Surxay da haqsızlığın qurbanı olur. Sovetlər Surxayın arzularını yarımçıq qoysalar da övladları Adil və Tofiq Şahsuvarovlar atanın arzularını həyata keçirir, hər ikisi onun yolunu davam etdirir. 

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti