İsgəndərin atası Cabbar kişi 1870-ci ildə İrandakı ağır güzəranından bezərək baş götürüb Azərbaycana gəlir. Bir müddət Bakıda ara həkimi kimi çalışan Cabbar, sonra üz tutur Qazana. Burada taleh onun üzünə gülür. Lap nağıllardakı kimi. Xoşbəxtlikdən bu, nağıl yox, həqiqət olur. Belə ki, ara həkimi olan Cabbar Qazanda çox varlı bir ailənin qızı Gülcamalı sağaldır. Uzun sürən xəstəlikdən canı qurtaran qız “həkimə” vurulur. Atası Ömər ağa da bu sevdanın əlehinə çıxmır, əksinə 1893-cü ildə Cabbarla Gülcamala bir toy edir ki, səsi-sorağı bütün mahala yayılır.
Toydan sonra Ömər ağa qızı ilə kürəkənini bal ayına göndərir. Onlar Sankt-Peterburq, Tiflis, Yaroslav, Kolomna şəhərlərini gəzirlər. 1894-cü ildə Qazana Ömər ağaya xəbər gəlir ki, bir oğlan nəvəsi dünyaya gəlib.
Cabbar bu xoş gün barədə ana-atasını da hali etmək üçün, ailəsi ilə üz tutur Tehrana. Tehranda Cabbar “həkim”in sorağı tez bir zamanda Nəsrəddin şahın qulağına çatır və şah onu sarayına dəvət edir. 1897-ci ildə saray həkimi olan Cabbarın üzünə tale bu dəfə də gülür, ikinci oğlu dünyaya gəlir. Adını İsgəndər qoyurlar. İki il sonra ailənin bir qızı da olur. Cabbar da gah Tehranda, gah da Rəştə “həkim”liyini edir, xoşbəxtlikdən xəstələri də şəfa tapır. Burada gün-güzəranı xoş keçən “həkim” nədənsə 1903-cü ildə yenidən Bakıya üz tutur.
Bakıda bu gənc ailəyə ilk dəstək olan Abdulla Şaiqin böyük qardaşı Mirzə Yusif Talıbzadə olur. Yusif Talıbzadə bu zaman Bakı realnı məktəbdə müəllim işləyirdi. Elə Cabbarın oğlanları Qafar və İsgəndəri də Realnı məktəbə qəbul etdirir. İsgəndər 1815-ci ildə 3-cü Bakı kişi gimnaziyasını bitirir. Sonra Petroqrad Politexnik İnstitutunun elektrotexnika şöbəsinə daxil olur. Bu zaman ailədəki maddi çətinliklər təhsilini yarımçıq qoymağa vadar edir. İsgəndər Bakı dəmir yolu stansiyasında işə başlayır.
Amma nə yolla olur-olsun ali təhsil almaq arzusu onu tərk etmir və 1919-cu ildə xaricdə təhsil almaq üçün Azərbaycan Cümhuriyyəti Xalq Maarif Nazirinə müraciət edir. Parlament Rzazadə İsgəndər Cabbarxan oğlunu 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, Fransaya göndərir.
1920-ci ilin əvvəllərində yola düşən İsgəndər Fransada ilk olaraq Sarbon Universitetində fransız dili məktəbində oxuyur. 1920-21-ci illərdə isə Mansi Ali Elektrotexnika İnstitutunda oxuyur. Fransada institutu əla qiymətlərlə başa vuran İsgəndər 1922-ci ilin əvvəllərində Almaniyaya yola düşür. Burada Darmştadt Ali Texniki Məktəbinə qəbul olur və 1924-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub, Berlində işə başlayır.
1925-ci ildə İsgəndəri sovet hökuməti Bakıya çağırır. Bu çağırış ürəyincə olur. O, doğma şəhərə tələsir. Burada öz millətindən, qəlbinə-könlünə həmdəm olan bir qızla ailə qurmaq və xaricdə aldığı təhsili öz vətənində həyata keçirmək arzusu ilə üz tutur Bakıya. Amma xəbərsiz idi ki, vətəndə onu heç də xoş günlər gözləmir...
İsgəndər ilk olaraq Bakıda “Elektrotok” istehsalat birliyində mühəndis – layihəçi kimi işə başlayır. İşlərini sahmana saldıqdan sonra İsgəndər 1928-ci ildə Asya adlı bir qızla evlənir.
İlk günlər, aylar, illər ailədə və işdə hər şey öz məcrasında idi. İsgəndər ölkədə ən məsuliyyətli layihələrin həyata keçirilməsində yaxından köməklik edirdi. Şəki, Zaqatala və Xankəndində elektrik stansiyalarının layihələşdirilməsi və quraşdırılması birbaşa İsgəndərin rəhbərliyi ilə həyata keçirilir. Ölkənin 2-ci beşillik üçün elektrikləşdirilmə planını hazırlayır.
Bu illər ərzində İsgəndər Rzazadə həm də elm sahəsində özünü sınayır. Azərbaycan Politexnik İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olan gənc kadr Azərbaycan dilində elmi-texniki terminologiyanın hazırlanmasına yardımçı olur. 1934-cü ildə SSRİ EA Azərbaycan filialında elmi fəaliyyətini davam etdirən İsgəndərin ailədə də işləri qaydasında idi.
Üç övladının təlim-tərbiyəsi ilə məşğul olan Asyanın qəfil xəstələnməsi İsgəndərin taleyinə yol açan ilk tufandan xəbər verdi. Asya vərəm idi. İsgəndər onu bu bəladan xilas etmək üçün hər il Qara dəniz sahillərinə gətirir və müalicə etdirirdi. 1937-ci ilin may ayında Qara dəniz sahilindən İsgəndərin Bakıya yazdığı məktubdan bəlli olur ki, artıq heç bir müalicənin əhəmiyyəti yoxdur. Məktubu oxuyarkən hiss olunur ki, İsgəndər onu göz yaşları, ürək yanğısı ilə yazıb: “Sevimli, gözəl Asyamızın vəziyyəti çox ağırdır. Mən konsilium çağırdım, məxsusi olaraq professor Benstoku dəvət etdim. Həkimlər dedilər ki, onu heç yana çıxarmaq olmaz, yoldaca keçinər. Həyatının nəyinki günlərini, bəlkə də saatlarını yaşayır. Mənim əzizlərim və canciyərlərim bizi necə böyük bədbəxtlik gözləyir”.
Asyanın ölümündən bir neçə ay sonra ailəyə ikinci bir ağır zərbə vurulur. 1937-ci ilin iyununda “hökumət”in yadına düşür ki, İsgəndər Cümhuriyyət tələbəsidir. “Onu Sovet Azərbaycanının energetika sənayesindəki bütün pozuculuq-təxribatçı işlərinə başçılıq etməkdə günahlandıraraq” həbs edirlər.
İlk dindirilmə protokollarından belə bəlli olur ki, Rzazadə İsgəndər Cabbarxan oğlu özünü müqəssir saymır və günahsız olduğunu sübut etməyə can atır. Amma sonra dəhşətli işgəncələr sayəsində bütün “günahlarını” böynuna alır və etiraf edir.
1937-ci ilin 31 dekabrında Rzazadə İsgəndər Cabbar oğluna güllələnmə hökmü oxunur.
Bəxtsiz Cümhuriyyət tələbəsinin taleyi haqqında tədqiqatçı alim Ədalət Tahirzadə “İsgəndər Rzazadə – Azərbaycanın ilk energetiki” adlı kitabında geniş məlumat verib.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist