Avqustun 16-da BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın dünyada nüfuzunu, Ermənistan diplomatiyasının isə tam iflasını göstərdi. Bu hadisə ölkəmizin növbəti diplomatik qələbəsi oldu. Hazırda məsələ gündəmin əsas mövzularından biridir. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri hadisəyə öz münasibətini bildirirlər.
Mövzu ilə əlaqədar fikirlərini bölüşən akademik Fikrət Əliyev bildirib ki, son zamanlar Ermənistan, dünyadakı erməni diasporu və lobbisi, eləcə də ermənipərəst dairələr bütün imkanlarını ölkəmizə qarşı yönəltmişdilər. Məqsəd o idi ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul olunsun. Amma bu cəhdlər nəticəsiz qaldı. Təhlükəsizlik Şurasının iclasında heç bir sənəd qəbul olunmadı. Sadəcə, çıxışlar oldu və bununla da şura işini bitmiş hesab etdi. Akademik deyib ki, bu toplantı Ermənistan üçün növbəti fiasko oldu. Ötən ilin dekabrında da Fransa və Ermənistanın Laçın yolu məsələsinin BMT TŞ-da qaldırılması cəhdi olmuşdu. Həm o zaman, həm də indi bu cəhdlər nəticəsiz qaldı. Artıq Ermənistan və havadarları ikinci dəfə iflasa uğradılar.
Onun sözlərinə görə, toplantıda hamı Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və Ağdam yolunun açılmasını vacib saydı, Azərbaycanın yerində vəziyyətə nəzarət etməsi faktını - reallıqları qəbul etdi.
Akademik iclasda erməni riyakarlığının növbəti dəfə özünü göstərdiyini diqqətə çatdırıb: “İclasda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışı riyakarlığın göstəricidir. Belə ki, Mirzoyan guya Qarabağ ermənilərinin humanitar böhranla, aclıqla üzləşdiyini deyib, hətta Azərbaycanın həmin erməniləri genosidə məruz qoyduğunu iddia edib. Bu sözləri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, həmin torpaqlarda hər şeyi məhv edən, şəhər və kəndlərimizi yer üzündən silən, Xocalı soyqırımını törədən bir dövlətin naziri deyir. Bu əsl erməni xisləti, erməni riyakarlığının ən yüksək həddidir. Ermənistan 30 il ərzində xalqımıza qarşı saysız hesabsız cinayətlər törədib. Tarixi torpağımız olan Qərbi Azərbaycandan soydaşlarımız deportasiya edilib, 4 minə qədər azərbaycanlının taleyi haqqında hələ də məlumat verilmir. Bugünlərdə Şuşa türməsi ərazisində növbəti kütləvi məzarlıqların aşkar olunması da erməni vəhşiliyinin nümunəsidir. Ermənistan ərazilərimizdə bir milyondan çox mina basdırıb ki, bu terrorun acı nəticələri hələ də davam edir. Bu fakt keçmiş məcburi köçkünlərin doğma yurdlarına daha tez qayıtmasına əsas maneələrdən biridir”.
Akademikin sözlərinə görə, iclasda Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Yaşar Əliyev qarşı tərəfin yalan iddialarını tutarlı faktlarla ifşa etdi. Xüsusilə, Qarabağ ermənilərinin normal həyat tərzi, sosial şəbəkələr vasitəsilə paylaşdıqları normal yaşayışlarını foto faktlarla iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Fikrət Əliyev qeyd edib ki, iclasda qardaş Türkiyə, Albaniya və digər dövlətlər Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Fransa kimi ermənipərəstlərin yalan təbliğatı isə heç bir nəticə verməyib.
Bütün beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Laçın yolunda post yaradılması dövlətimizin müstəsna hüququdur. Azərbaycan humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edir. Bu təklif beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.
Qarabağa humanitar yardım aparmaq istəyənlər bu yoldan istifadə edə bilər. Erməni tərəfi yenə də təxribatlarını, ölkəmizə qarşı böhtan kampaniyası aparmaqda davam etsələr, həmişəki kimi layiqli cavablarını alacaq.
44 günlük Vətən müharibəsində Azərbaycan qalib dövlət olaraq regionda yeni reallıqlar yaradıb. Hər kəs bu reallığı qəbul edib. Qalib Azərbaycan müharibədən sonra beynəlxalq münasibətlər sistemində nüfuz və gücünü əhəmiyyətli dərəcədə artırıb. Ona görə də, belə müzakirələrə ehtiyac yox idi, məsələ BMT və digər platformalarda deyil, yerində həll olunmalıdır. Çünki ermənilər Azərbaycana qarşı beynəlxalq platformalarda hansısa əsaslı sənədlər qəbul etdirmək iqtidarında deyil. Qeyri-ciddi təşkilatların qəbul etdiyi sənədlərin hüquqi qüvvəsi yoxdur və sadəcə reallıqdan uzaq kağız parçasıdır. Dünyanın ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurası isə Azərbaycana qarşı əsassız sənəd qəbul edə bilməzdi. Çünki beynəlxalq hüquq məhz bizim tərəfimizdədir. Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı bütün dünya tərəfindən qəbul olunur! İnanırıq ki, cənab Prezidentin Qərbi Azərbaycanla bağlı təşəbbüsləri də reallığa çevriləcək.
Fikrət Əliyev qeyd edib ki, Azərbaycan regionda sülh və sabitliyin tərəfdarıdır: “Ermənistanla sülh sazişi imzalamaq təşəbbüsü də ölkəmizə məxsusdur. Amma bundan sonra Ermənistan necə sülhdən danışacaq, bilinmir. Qarabağ ermənilərisə anlamalıdılar ki başqa yol yoxdur - onlar Azərbaycanın şərtləri əsasanda danışıqlara getməlidir. Qarabağ ermənilərinin gələcəyi Azərbaycana reinteqrasiyadan asılıdır.
Beləliklə, BMT Təhlükəsizlik Şurasındakı müzakirələr bir daha Azərbaycanın diplomatik gücünü göstərdi. Beynəlxalq hüquq, haqq və ədalət Azərbaycanın tərəfindədir. Ən əsası Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən qüdrətli dövrünü yaşayır. Güclü Azərbaycanla heç kim diktə ilə danışa bilməz!”.
“Yeni Azərbaycan” qəzeti