Logo

99-dan biri: Vətən və övlad itkisi

20.08.2023 12:36 543 baxış
IMG

Əlimərdan bəy və Pəri xanım bunların hər ikisini “yaşadı”. 

Cümhuriyyət tələbələri ilə bağlı arxivlərdə araşdırmalar apararkən Azərbaycan Cümhuriyyəti Xalq Maarif Nazirinə ünvanlanan ərizələr arasında ikisi daha çox diqqətimi çəkdi. Bu ərizələrdən biri milli mətbuatımızın banisi, çox ilklərə imza atan Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Zərdabi, digəri isə onun qızı Pəri xanım Topçubaşova tərəfindən yazılan ərizələrdir (Növbəti sayımızda Hənifə xanımın ərizəsindən bəhs edəcəyəm).  

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, istedadlı publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşov “qoruyucu mələyim” adlandırdığı ömür yoldaşı Pəri xanımla 1883-cü ildə ailə həyatı qurub. Bu cütlüyün beş övladı, üç oğlu Ənvər, Əkbər və Rəşid, iki qızı Sara və Sevər olub. 

Bu gün hörmətli oxucuma ailənin Cümhuriyyət tələbəsi olan Rəşidin nakam taleyindən söhbət açacağam. O Rəşiddən ki, cəmi 25 il yaşadı. Bu 25-in 20-sini oxumağa sərf etdi. 

Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlu oktyabrın 26-da 1900-cü ildə Tiflis şəhərində anadan olub. Nümunəvi davranış və yüksək qiymətlərlə Bakı Real Gimnaziyasını bitirən Rəşid bəy daha yüksək təhsil almaq arzusunda idi.   

Oğlunun arzunu reallaşdırmaq üçün anası Pəri xanım Topçubaşova Parisdən Azərbaycan Cümhuriyyəti Maarif Nazirinə məktubla müraciət edir. Bu o zaman idi ki, Əlimərdan bəy Topçubaşov Azərbaycan Hökumətinin və Parlamentinin ağsaqqallar şurasının birgə iclasında yekdilliklə Paris Sülh Konfransına göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunaraq, elə İstanbuldan birbaşa Parisə yola düşür. Nümayəndə heyətinin katibi Əlimərdan bəyin oğlu Rəşid bəy idi. Fransız və rus dillərini mükəmməl bilən Rəşid bəy heyətin sənədləşmə işlərində yardımçı olmuşdur. 
                                       Azərbaycan Respublikasının Xalq Maarif Naziri əlahəzrət cənablarına Birinci Bakı Real Gimnaziyasının tam kursunu bitirmiş Rəşid bəy Topçubaşovun anası Pəri xanım Topçubaşovdan:

Sizdən xahiş edirəm ki, Bakı Real Gimnaziyasının tam kursunu bitirmiş oğlum Rəşid bəyin adını hökumət hesabına xaricdə ali təhsil almağa göndərilən tələbələrin siyahısına daxil edəsiniz. Zira o hazırda Parisdədir və pansiona daxil olub. Oğlum arzu edir ki, tarix-filologiya və yaxud texniki ixtisas üzrə ali təhsil alsın.
                                                                     İmza: Pəri xanım Topçubaşova

Arxiv sənədlərindən və tədqiqat əsərlərindən belə bəlli olur ki, 1889-cu ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirən, Tiflisdə, Bakıda məhkəmə köməkçisi, dairə məhkəməsinin katibi və vəkil işləyən Pəri xanım Paris Sülh Konfransına aid olan sənədlərin hazırlanmasında Əlimərdan bəyin ən yaxın köməkçisi olub. Deməli, Əlimərdan bəy Pəri xanımın simasında vəfalı ömür yoldaşı ilə yanaşı həm də əsl dost, amal, məslək yoldaşı tapıb. Odur ki, Həsən bəy də Hənifə xanım da Pəri xanımın ailə həyatından çox məmnun idilər. Amma çox təəssüflər ki, eyni əqidə sahibləri, bütün varlığı ilə vətəninə, xalqına, millətinə bağlı olan bu insanlar ailəliklə Vətənin xoşbəxtliyi naminə Vətəndən didərgin düşdülər, təqiblərə, təhqirlərə məruz qaldılar...

...Bütün ömrünü “millət davası” yolunda fəda edən Əlimərdan bəyin xanımının istəyinə Azərbaycan Cümhuriyyəti Maarif Nazirliyi müsbət cavab verir. Beləliklə, Topçubaşov Rəşid bəy Əlimərdan bəy oğlunun adı Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrin siyahısına salınır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini hüquq sahəsində davam etdirmək üçün Paris Universitetinə göndərilir.

1919-cu ilin oktyabrında Rəşid bəy Paris Universitetinin hüquq fakültəsinə daxil olur və dərslərini əla qiymətlərlə davam etdirir. Oğlunun və özünün arzusunun reallaşması Pəri xanımı hədsiz sevindirirdi. Lakin bu sevinc çox uzun sürmədi. İlk olaraq Vətənində qara ruzigar əsməyə başladı. Azərbaycan XI Qızıl ordu tərəfindən işğal edilərək milli hökumət devrildi. Bundan sonra xaricdə ali təhsil alan tələbələrin çətin günləri başladı. Bu çətinliyi aradan qaldırmaq üçün “1921-22-ci illərdə Xalq Komissarı sovetinin sədri Nəriman Nərimanovun tapşırığına əsasən xaricdə oxuyan azərbaycanlı tələbələrin işinə məsul Bəhram Axundov 1921-ci il iyunun 18-də xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin edilir”. Həmin il iyunun əvvəllərində B.Axundov xaricdə oxuyan azərbaycanlı tələbələrin maddi vəziyyətini öyrənmək, onlara əməli köməklik göstərmək üçün azərbaycanlı tələbələrin oxuduğu Avropa ölkələrinin paytaxtlarına ezam olunur. 

“1922-ci ilin martında Bakıya qayıdan B.Axundov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri N.Nərimanovun adına əhatəli hesabat təqdim edir. Bu hesabat əsasında N.Nərimanovun şəxsi göstərişi ilə xaricdə oxuyan tələbələrə təhsilini müvəffəqiyyətlə davam etdirmələri üçün lazımi şərait yaradılması tapşırılır ki, burada Rəşid bəy Topçubaşovun da təhsilini uğurla davam etdirilməsi göstərilir”.   

Lakin, Rəşid bəy vətənini işğal edən bu quldur “hökumətin” verdiyi təqaüddən 1922-ci ilin əvvəllərindən imtina edir. Çox böyük maddi çətinliklərə məruz qalsa da Parisdə təhsilini başa vurur. Amma böyük arzularla yaşayan Rəşid bəyə işləmək qismət olmur. 1925-ci ildə qəfl xəstələnir və 25 yaşında dünyasını dəyişir. 

Pəri xanıma və Əlimərdan bəyə Vətən itkisindən sonra ikinci böyük zərbə övlad itkisi olur ki, bütün ömürləri boyu bu iki əziz itkinin ağrı-acısı içində “yaşayırlar”.    

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti