Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 8-də peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahanın II mərhələsi keçiriləcək.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, namizədlər sentyabrın 6-dan 27-dək Mərkəzin internet səhifəsində müvafiq linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
İmtahanın II mərhələsi - qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:
1. Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS; Maliyyə hesabatlarının beynəlxalq standartları üzrə PMS;
2. İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartları üzrə – I, II səviyyə PMS.
İmtahanda iştirak haqqı 50 manatdır. İmtahanın davametmə müddəti 3 saatdır.
Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə imtahanda 40 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.
Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:
2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.
PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beşillik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.
İmtahandan 5 gün əvvəl Mərkəzin saytından imtahana buraxılış vərəqəsini və “Namizədin yaddaş kitabçası”nı çap edib götürmək olar.