Doğulub böyüdüyün yurddan başqa bir yurda getmək, daim orada yaşamaq mümkündür, amma bir o qədər də mühitə uyğunlaşmaq baxımından çətindir. Boşuna deməyiblər ki, gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı.
Gözünü dünyaya yeni açan, hər şeydən xəbərsiz insan övladı ilk dəfə ata-anasını görür, onlarla böyüyür. Bir də evində, küçələrdə, sinif otaqlarında daim bir şeyi görür: üçrəngli Azərbaycan bayrağını. Nə zaman ki, həddi-büluğa çatır, o zaman vətənə xidmət vaxtı da gəlib çatmış olur. Bu müddətə qədər tarixi kitablardan oxuyan nəsil tarixi yenidən özü yazmağa gedir.
Bu nəsil o nəsildir ki, dünyanın Azərbaycana qarşı baxışını dəyişir. Bu nəsil həmin nəsildir ki, qalib Ali Baş Komandanın başçılığı altında ölkəni qalib dövlətə çevirir. Bu nəsil həm də o nəsildir ki, ana vətənini canından üstün tutub döyüşə yollanır, qalib oğulların valideynləri övladlarını Səməd Vurğunun "Ananın öyüdü" şeirindəkitək döyüş meydanına yola salır. Bu nəsil vətən uğrunda mübarizəni Mübariz İbrahimovun şücaətindən öyrənir. Həm də bu nəsil döyüş meydanında güclü, sarsılmaz, polad olmağı Polad Həşimovdan öyrənir. Bu nəsil məmləkətin dadına yetir. Həm də bu nəslin gənc jurnalistləri Çingizi, Salatını, Məhərrəmi, Siracı və digər şəhid jurnalistləri örnək götürür. Bu nəsil qalib xalqın qalib liderindən güc alır. Bu nəsil tarixə öz imzalarını qanla yazan şəhidlərini, müharibə meydanında sağlığını itirən qazilərini unutmaz.
Ona görə ki, o şəhidlər vətənin çətin günündə vətənin dadına yetdilər, xalqı eyni gündə həm sevinc, həm kədər göz yaşlarına qərq etdilər.
Bu nəslin və o nəslin şəhidləri silinməz iz qoydular. Bu izi qorumaq artıq bizlərin borcudur.
Bu xalq nələr gördü, nələrə sinə gərdi. İllərlə öz yurdundan didərgin düşmüş xalqın göz yaşı dinmədi. Göz yaşları ümidə, ümid də gücə, qüvvətə çevrildi. Bu xalq uydurmaların yalan olduğunu sübut etdi. İstər döyüş meydanında, istərsə də yalan-yanlış informasiyanın bol olduğu meydanda lobbiçilərə sinə gərdi. Və nəticə olaraq olması lazım olana, öz yurduna qovuşdu. Bu sevinci Azərbaycanın tarixinə qanlarıyla yazanları biz də qızıl hərflərlə tariximizə yazmalıyıq. Vətən oğullarını unutmayaq, unutdurmayaq!
Məryəm Abdullazadə, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi