Müəllimlər problemi harada görür, çıxış yolunu nədə tapırlar?
Azərbaycan dilinin tədrisi təkmilləşdirilir. Bu, 2023/2024-cü tədris ilində ümumi təhsildə ən önəmli istiqamətlərdən biridir. Azərbaycan dilinin tədrisinin təkmilləşdirilməsi məqsədilə 3 istiqamətdə fəaliyyət həyata keçiriləcəyi ilə bağlı planlardan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirdiyi brifinqdə söz açıb. Nazir bildirib ki, ilk addımda 2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. İkincisi, tədrisi rus dilində həyata keçirilən siniflərdə bir sıra fənlər, o cümlədən Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı, Zəfər tarixi, Azərbaycan musiqisi, hərbi hazırlıq dərsləri Azərbaycan dilində tədris olunacaq. Üçüncü istiqaməti isə nazir belə izah edib: “Yuxarı sinifdə oxuyan şagirdlərin bəzi hallarda Azərbaycan dilindən zəif olduğunu görürük. Odur ki, üçüncü istiqamət olaraq tədrisi rus dilində aparılan siniflərdə monitorinqlər keçirməyi, keyfiyyətə nəzarət tədbirləri görməyi planlaşdırırıq. Bu yolla sözügedən məsələdə müəssisə rəhbərlərinin, aidiyyəti şəxslərin məsuliyyətini artıracağımızı düşünürük. Bununla həm də problemin harada olduğunu müəyyənləşdiririk”.
Bəs, Azərbaycan dilini ümumtəhsil müəssisələrində tədris edən müəllimlər problemi harada görür, çıxış yolunu nədə tapırlar?
Bakıdakı 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru, 2003-cü ildən IV-V siniflər üçün Azərbaycan dili dərsliklərinin, müəllimlər üçün metodik vəsaitlərin, monoqrafiya və 17 elmi məqalənin müəllifi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Xanım Qasımova, ilk növbədə, dilin əhəmiyyətinə diqqət çəkib: “Təhsil işçisi kimi mənim üçün hər zaman yeniyetmə və gənclərin geniş dünyagörüşünə, gözəl nitqə, yüksək məntiqə sahib olmaları, dünyaya inteqrasiya etmələri önəm daşıyıb. Çünki dil millətin mənəvi diriliyidir. Xətainin dediyi kimi, dilinizin bir sözünü, torpağımızın bir qarışını ləl-cəvahirata dəyişməməliyik. Onları qoruyub gələcək nəsillərə çatdırmalıyıq”.
Həm ailədə, həm məktəbdə ana dili
X.Qasımovanın fikrincə, Azərbaycan dilinin tədrisinin orta təhsildən başlayıb, ali təhsildə davam etdirilməsi təhsilin ümdə vəzifəsidir. Ancaq bu, sadəcə təhsilin vəzifəsi olaraq qalmamalıdır. Dilin qorunması və təbliği həm ailədə, həm də məktəbdə aparılmalıdır: “Avropa ölkələrində olanda bunun şahidi oldum ki, uşaqlarını məktəblərə qeydiyyata alandan sonra elə ilk toplantıda valideynlərə verilən tövsiyə bu olurdu: övladlarınızla öz ana dilində danışın. Məktəbdə isə ingilis və ya fransız dilində təhsil alacaqlar. Çünki uşaq ana dilində nə qədər yaxşı bilərsə, fikirlərini səlis ifadə edərsə, başqa dildə öyrənməsi də bir o qədər rahat olacaq”.
Nəinki başqa dildə öyrənməsi, hətta başqa fənləri mənimsəməsində də bunun əhəmiyyəti böyükdür: “Digər fənlər, sadəcə bilik verirsə, Azərbaycan dili fənni dil biliyi ilə yanaşı, millətə, vətənə sevgi aşılayır. Məhz bu fənn vasitəsilə milli dəyər aşılanır. Ona görə də bu fənnin mənəvi yükü daha çoxdur. Orta məktəblərdə Azərbaycan dilinin tədrisi şagirdin potensialı üzərində qurulur. Mən burada şagirdin dilinin lüğət tərkibinin zənginliyi, fikirlərinin aydın ifadə olunması ilə bağlı şərtləri nəzərdə tuturam. Məktəbə gələnə qədər uşağın söz ehtiyatı zənginləşdirilibsə, nitqinin inkişafına diqqət yetirilibsə, həmin şagirdin uğurları məktəbdə də davam edir”.
X.Qasımova hesab edir ki, müəllim, sadəcə dərslik üzrə işləməklə kifayətlənməməlidir: “Düşünürəm ki, dərs prosesində sadə tapşırıqların verilməsi ilə buna nail olmaq mümkün deyil. Bunun üçün şagirdlərlə müzakirələr, debatlar keçirilməli, onlara öz düşüncələrini və hisslərinin ifadə imkanı yaradılmalıdır. Bu da sonrakı mərhələdə auditoriya qarşısında, yığıncaqlarda öz fikirlərini sərbəst ifadə etmələrini təmin edəcək. Dilimiz zəngindir, kifayət qədər frazeoloji birləşmələr, atalar sözləri, deyimlər var ki, nitqi canlandırmaq üçün bunlardan istifadə etmək olar”.
Əlavə mütaliə üçün tapşırıqlar verilməlidir
Ölkəmiz çoxmillətli respublikadır. Məktəblərimizdə ayrı-ayrı xalqlardan olan uşaqlar təhsil alırlar. Azərbaycanlı ailələrin uşaqları arasında tədrisi başqa dildə olan məktəblərdə təhsil alanlar da az deyil: “Məni ən çox narahat edən məhz belə məktəblərdə təhsil alan uşaqlarımızın ana dilinə biganəliyidir. Elə tanıdığım ailələr arasında öz uşaqları ilə başqa dildə danışanlar da var. Ən sadə sözlərin mənasını bilməməsi kimi faktlara da rast gəlinir və bu, yolverilməzdir. Halbuki tədrisi hansı dildə aparılmağından asılı olmayaraq, Azərbaycan dili müəllimləri dilin təəssübünü çəkməlidirlər. Burada bir yenilik, fərqli üsullardan istifadə eləmək zamanı çatıb. Hesab edirəm ki, həmin ailələrdə yetişən uşaqlar böyüyəndən sonra işdə və cəmiyyətdə ciddi problemlərlə qarşılaşacaq, sonradan öz ana dillərini öyrənməyə çalışacaqlar. Bu da heç də asan başa gəlməyəcək.Arzu edirəm ki, daha çox tədrisi başqa dillərdə aparılan məktəblərdə dilin tədrisinə xüsusi diqqət yetirilsin”.
Xanım müəllim dilin inkişaf etdirilməsində bədii əsərlərin mütaliəsinin çox böyük əhəmiyyətə malik olduğunu deyib: “Tövsiyə edirəm ki, hər müəllim dərslikdən əlavə mütaliə üçün tapşırıqlar versin. Mən illərdir ki, bu üsuldan istifadə edirəm və şagirdlərimin nitqində ciddi fərqi görürəm.
Dilə sevgi ailədən başlamalıdır
Bakıdakı 177 nömrəli məktəbin müəllimi, dərslik eksperti, “Teledərs” layihəsinin fəal iştirakçısı Vətanə Zeynalova təəssüf doğuran məqama diqqət çəkib: “Əcnəbi dillə müqayisədə Azərbaycan dili biliklərində geriləmə hiss olunur. Etiraf etməliyik ki, bu, sadəcə məktəblərdə deyil, ümumiyyətlə cəmiyyətdə müşahidə olunan, oradan qaynaqlanan problemdir. Cəmiyyətdə xarici dil biliyini daha öncə təqdim edir, xarici dilə ana dilindən daha çox vaxt sərf edirlər. Acınacaqlı haldır ki, buraxılış imtahanı fənlərindən biri olduğu üçün Azərbaycan dilini öyrənmək məcburiyyətində qalanlar bunu gizlətmir, açıq şəkildə etiraf edirlər”.
Halbuki dilə sevgi, dili zənginləşdirmə ailədən başlamalıdır: “Tədrisi rus dilində aparılan siniflərin şagirdlərinin böyük əksəriyyəti azərbaycanlı ailələrin uşaqlarıdır. Bu da o deməkdir ki, ailədə dilimizə düzgün yanaşma olarsa, bu, məktəblərdə də özünü göstərəcək, əksinə, ailədə ana dilində yox, rus və ya başqa dildə danışır, başqa dilə önəm verilirsə, bu da şagirdin dilə münasibətinə təsir göstərəcək və həmin ögey münasibət məktəbdə də büruzə verəcək və şagirdin fənnə marağının azalmasına səbəb olacaq”.
Dilin tədrisində 4 məzmun xətti
Lakin dilə sevgi və hörmət yaradılmasında müəllimlərin də üzərinə çox böyük vəzifə düşdüyünü deyən Vətanə müəllim Azərbaycan dili müəllimlərinin qarşısındakı vəzifələrdən danışıb: “Həmin vəzifələrdən biri şagirdlərin həm yazılı, həm də şifahi nitqinin düzgün istiqamətləndirilməsidir. Dilin tədrisində 4 məzmun xətti var: dinləyib anlama, oxuyub anlama, yazı və dil qaydaları. Bunlar bir-biri ilə sıx şəkildə bağlıdır. Dilin tədrisində bu xətlərin bir-biri ilə bağlanması dilin keyfiyyətinin ön plana çəkilməsi deməkdir. Tutaq ki, dinləyib anlaması, ya da oxuyub anlaması inkişaf etdirilmədisə, həmin şagirdin başqa fənlərdə də çətinlik çəkəcəyi şübhə doğurmur. Ona görə də çalışırıq ki, şagirdlərimizdə, ilk növbədə, bu bacarıqları formalaşdıraq.Uşaqlarımız öyrəndikləri dil qaydalarını tətbiq etməyi bacarmalıdırlar. Bu gün şagirdlərin düzgün yazı problemləri ciddi şəkil alıb. Daha çox telefondan istifadə ilə bağlı olaraq yaranan problemdir.Yəni telefon vasitəsilə çevik yazışmalar bu problemə yol açır. Uşaqlar hesab edir ki, fikrini çatdırıbsa, sözü düzgün yazıb-yazmamağı önəmli deyil. Bir-biri ilə apardıqları bu yazışmalar isə onlarda yanlış yazı vərdişinin formalaşmasına gətirib çıxarır.Yaxud, dərsdə düzgün intonasiya, vurğu öyrədirik. Dərs prosesində öyrənir və qaydalara əməl edirlər. Amma şifahi danışıqda bundan istifadə etmədiklərini müşahidə edirik. Bu cür vərdişlər yeniyetmə və gənclərin nitqinin korlanmasına gətirib çıxarır”.
Bu problemlərə baxmayaraq, Azərbaycan dilində təhsil alanların problemləri tədrisi başqa dillərdə aparılan siniflərdəki vəziyyətlə müqayisə oluna bilməz: “Nazirimizin də vurğuladığı kimi, 11 il Azərbaycan dili fənni keçən şagird esse yaza bilmir”.
Odur ki, V.Zeynalova Azərbaycan dilinin təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin tam yerinə düşdüyü qənaətindədir. Onun fikrincə, tədrisin təkmilləşdirilməsində əsas yük Azərbaycan dili müəllimlərinin üzərindədir: “Çünki dili normalara uyğun şəkildə - fonetik, leksik, qrammatik normaların tələbinə uyğun tədris etməyi bacarmalıyıq, eyni zamanda şagirdlərin yazılı və şifahi nitqini formalaşdırmaq, düzgün şəkildə inkişaf etdirmək məhz bizim üzərimizə düşür. Azərbaycan dilinin tədrisi I sinifdən başlayır. Bu, tədrisi başqa dillərdə aparılan siniflərdə də belədir. Ona görə də bunun məsuliyyətini həm təhsilverənlər, həm də təhsilalanlar dərk etməlidir”.
“İşimiz, sadəcə imtahan nəticələrinə hesablanmamalıdır”
Azərbaycan dilinin tədrisinə yanaşmanın dəyişməsi bu istiqamətdə nəticənin də dəyişməsinə gətirib çıxaracaq, həm təhsilverənlər, həm də təhsilalanlar bu prosesin mərkəzində olacaq, aparıcı qüvvə olaraq yaxşı nəticəni yaxından izləyəcək. Ona görə də Azərbaycan dili müəllimləri bir azərbaycanlı olaraq bu prosesdə məsuliyyətini dərk etməlidirlər: “Biz cəmiyyət üçün insan, dövlət üçün vətəndaş yetişdiririk. Ona görə də dilimizin təbliği, sevdirilməsi istiqamətində addımlar atmalıyıq, işimiz, sadəcə imtahan nəticələrinə hesablanmamalıdır. Azərbaycan dilinin tədrisinə məktəblərdə yanaşma dəyişir və bu, çox yaxşı haldır. Tədrisi başqa dillərdə aparılan sinif və məktəblərdə dərs saatlarının artırılması, IX və XI siniflərdə buraxılış imtahanları siyahısına Azərbaycan dilinin də salınması dilimizin təbliğində, mənimsənilməsində mühüm rol oynayacaq”.
Azərbaycan dili sevgi və hörmət aşılayaraq tədris edilməlidir
V.Zeynalova hesab edir ki, Azərbaycan dilinə yanaşmada müəllimlər xüsusilə diqqətli olmalıdırlar: “Bu fənni tədris edən müəllim onun, sadəcə bir fənn olmadığını, dövlət dili, millətin ana dili olduğunu unutmamalıdır. Ona görə də dilin tədrisinə daha həssas yanaşılmalı, sevgi və hörmət aşılayaraq tədris edilməlidir. Bu proses ailədən, sonra məktəbəqədər təhsil müəssisələrindən başlamalı, məktəblərdə davam etdirilməlidir”.
Ruhiyyə DAŞSALAHLI