Logo

Xankəndidə bir məktəb vardı... - FOTO

21.10.2023 15:22 430 baxış
IMG

Müəllim və məzunların məktəb xatirələri QƏLƏBƏ işığında

Təhsil tariximizdə xüsusi iz buraxan məktəblər çoxdur. Belə təhsil müəssisələrindən biri də Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbidir. Məktəb 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verib,  Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.

Qeyd edək ki, bu təhsil müəssisəsi əvvəlcə beynəlmiləl məktəb olub. Sonra təhsil ocağında həm Azərbaycan, həm də rus şöbəsi fəaliyyət göstərib. 1988-ci ildə məlum Qarabağ hadisələri ilə bağlı məktəb fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

2012-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən xankəndililərin kompakt yaşadığı Bakının Ramana qəsəbəsində N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin əsası qoyulub. 2013-cü ilin sentyabrından  məktəb YURD həsrəti çəkən xankəndili balalarını öz doğma ağuşuna alaraq fəaliyyətini davam etdirir.

Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin müəllim kollektivinin yüksək bilik və bacarığı, keyfiyyətli tədris metodu nəticəsində bu təhsil ocağından bir sıra dövlət xadimləri, professorlar, xalqımıza şərəf və ləyaqətlə xidmət edən görkəmli insanlar məzun olub. General-polkovnik Ramil Usubov, “Azərbaycan Bayrağı” və “Şöhrət” ordenli, millət vəkili Elman Məmmədov, Əməkdar müəllim, tibb elmləri doktoru, professor Mübariz Allahverdiyev,   Beynəlxalq Energetika Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru Vidadi Əliyev, Əməkdar müəllim Asif Cahangirov və bir çoxları Xankəndi məktəbinin fəxri məzunlarıdır.

Məktəb həm də öz qəhrəman məzunları ilə fəxr edir. Təhsil ocağının məzunları respublikamızın ərazi bütövlüyünü, suverenliyini qoruyarkən erməni qəsbkarları ilə mübarizədə şücaətlər göstərib, xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazıb. 40-a yaxın yetirməsi şəhidlik zirvəsinə ucalıb. Məktəbin fəxri  məzunları olan Azərbaycanın Milli Qəhrəmanları Şirin Mirzəyevin, Nizami Məmmədovun həyat yolları bu gün hər bir Azərbaycan gəncinə örnəkdir.

Hazırda Xankəndi məktəbinə elə həmin təhsil ocağının məzunu Cəmilə Əhmədova rəhbərlik edir.

Məktəb əvvəlki nüfuzunu indi də qoruyub saxlayır. Təhsil müəssisəsinin məzunları istər ali məktəblərə qəbul imtahanlarında, istərsə də fənn olimpiadalarında, müxtəlif müsabiqə və yarışlarda fərqlənirlər.

Təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdə olduq. Məktəb rəhbərliyi, müəllim-şagird kollektivi ilə görüşdük. Fürsət tapıb fəxri məzunlarla söhbətləşdik.

“Doğma məktəbimizin yenidən fəaliyyətə başlaması biz xankəndililər üçün böyük bir sevinc idi”

Məktəbin direktoru Cəmilə Əhmədova 1969-cu ildə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli məktəbin birinci sinifinə getdiyini deyir. O, həmin illəri belə xatırlayır: “İlk müəllimim Şükufə Vəliyeva olub. Məktəbimizdə həm azərbaycanlı, həm də erməni müəllimləri işləyirdi. Məktəbimiz beynəlmiləl olduğu üçün şagirdlərdən də azərbaycanlı, erməni və ruslar var idi. 1979-cu ildə məktəbi  bitirib Sovet Azərbaycanının 60 illiyi adına Pedaqoji İnstitutuna qəbul olundum. Ancaq çox təəssüf ki, təyinatımı öz məktəbimə deyil, başqa məktəbə verdilər. Sonra məlum məsələlərlə bağlı biz doğma yurdumuzdan didərgin düşdük. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə məktəbimiz 2013-cü ildə fəaliyyətini bərpa etdi. Doğma məktəbimizin yenidən fəaliyyətə başlaması biz xankəndililər üçün böyük bir sevinc idi”.

“Həyatımın 50 ili  Xankəndi  məktəbi ilə bağlıdır”

Yasəmən İsmayılova Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin həm məzunu, həm də müəllimidir. O, 1965-ci ildə Xankəndi şəhərində anadan olub. 1973-cü ildə  məktəbə ilk addımlarını atıb, 1983-cü ildə isə doğma məktəbinin məzunu olub: “Bizim Xankəndidə çox gözəl məktəbimiz var idi. İndi də həmin məktəb illərini yaxşı xatırlayıram. Hazırda bu məktəbdə fiziki-tərbiyə müəllimi işləyirəm. Doğma məktəbimdə işlədiyim üçün qürur duyuram. Demək olar ki, həyatımın 50 ili Xankəndi 4 nömrəli  məktəblə bağlıdır. Vaxtaşırı şagirdlərə Xankəndi haqqında danışıram. Onlara şəhərin necə gözəl yerdə yerləşdiyini, təmiz suyu, havası olduğunu deyirəm”.

“Xankəndi adını daşıyan məktəbdə işləməklə Xankəndini yaşadırdıq”

Emelya Əliyeva Xankəndi  məktəbinin ibtidai sinif müəllimidir. O, 1988-ci ilə qədər Xankəndidə müəllim işləyib. Məlum Qarabağ hadisələrindən sonra Bakıya köçdüklərini söyləyir: “1988-ci ildə biz məcburi olaraq Bakıya köçdük. 1989-cu ildən 2013-cü ilə qədər Bakının Nərimanov rayonu ərazisindəki 93, sonra isə 212 nömrəli məktəblərdə ibtidai sinif müəllimi işləmişəm. 2013-cü ilin sentyabr ayından yenidən fəaliyyətə başlayan Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə çalışıram. Məni məktəbə işləməyə dəvət etdikləri zaman heç düşünmədən işlədiyim məktəbdən (hansı ki, həmin məktəb yaşadığım evin lap yaxınlığında idi) ərizə ilə müraciət edib işdən azad olundum. Təhsil şöbəsinə gedərək doğma Xankəndi məktəbində işləmək istədiyimi bildirdim. Baxmayaraq ki, hər gün uzun məsafə qət edərək işə gedib-gəlirəm. Heç də peşiman deyiləm. Biz Xankəndi adını daşıyan məktəbdə işləməklə Xankəndini yaşadırdıq. Nə vaxtsa Xankəndinə qayıtmaq arzumuzun gerçək olacağına inanır, o günü səbirsizliklə gözləyirdik. Nəhayət, bu arzumuzu gerçəkləşdirən, bizə bu sevinci yaşadanlar mümkünsüz görünəni 44 gün ərzində mümkünə çevirdilər. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, Silahlı Qüvvələrimizin  rəşadəti, xalqın birliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Allah xalqımızı qorusun. Bu yolda canını fəda edən Şəhidlərimizə ulu tanrıdan rəhmət diləyirik”.

“Xankəndiyə qayıtmaq arzum çox böyükdür”

Qənirə Həsənova Xankəndi məktəbinin şagirdidir. Valideynləri Xankəndi şəhərində anadan olublar. Qənirə doğma ata-baba yurduna qayıtmağı böyük səbirsizliklə gözləyir: Valideynlərim Xankəndi şəhəri haqqında danışanda mən oturub onlara diqqətlə qulaq asıram. Doğma yurdumu xəyallarımda tez-tez canlandırıram. Xankəndiyə qayıtmaq arzum çox böyükdür.

Babam Telman Həsənov Qarabağda Kərkicahan qəsəbəsində gedən döyüşlərdə şəhid olub. Şükürlər olsun ki, bu gün bizim bayrağımız Xankəndidə dalğalanır. Mən bir Azərbaycan vətəndaşı kimi çox qürurluyam. Çalışıram ki, dərslərimə yüksək səviyyədə hazırlaşım. Xalqıma, dövlətimə layiqli vətəndaş olum”.

“1967-ci ildə biz 27 azərbaycanlı Xankəndi məktəbindən məzun olduq”

Milli Məclisin deputatı, Xankəndi şəhər 4 nömrəli məktəbin məzunu Elman Məmmədov da xatirələrini bizimlə bölüşüb. O, 1965-ci ildə Xocalıdakı 8 illik məktəbi bitirdikdən sonra təhsilini Xankəndi məktəbində davam etdirdiyini və həmin təhsil ocağından məzun olduğunu bildirir: “ Doqquzuncu sinifdən təhsilimi Xankəndidə davam etdirməyə getdim. O, vaxt Xocalıda tam orta məktəb yox idi. Xocalıdan olanlar tam orta təhsil almaq üçün Xankəndinə üz tuturdu. Bundan başqa Malbəyli, Quşçular, Cəmilli, Kosalar, Kərkicahan, Qaybalı, Çaybalı və digər kəndlərdə də yalnız ümumi orta məktəb olduğu üçün azərbaycanlı şagirdlər Xankəndindəki və Şuşadakı məktəblərə üz tuturdular.

9-cu sinfə həmin il 33 nəfər şagird gəlmişdi. Bunlardan təxminən 7-8 nəfəri Xankəndidə yaşayan azərbaycanlılar idi. Qalan uşaqların hamısı ətraf kəndlərdən gəlmişdilər. Biz çətin yataqxana şəraitində olmasına baxmayaraq dərslərimizə çox ciddi şəkildə yanaşırdıq. Var gücümüzlə oxuyurduq. Həmin vaxt məktəbin direktoru milliyətcə yunan olan İlya Mixail idi. Məktəbdə Azərbaycan və rus bölməsi fəaliyyət göstərirdi. Azərbaycan bölməsində direktor müavini İsi Hacıyev idi. Dünyasını dəyişən müəllimlərimizə Allah rəhmət eləsin. Bizim çox savadlı, gözəl müəllimlərimiz var idi. Sonralar məktəbin direktoru işləmiş Sabir müəllim, mənim sevimli, həyat idealım olan Eldar Quliyev, onun həyat yoldaşı, kimya-biologiya müəllimi Zemfira müəllim, tarix müəllimimiz  Cəmil Quliyev və digərlərini böyük hörmət və ehtiramla xatırlayıram. Həmin dövrlər mənim xatirələrimdə çox izlər buraxıb. Biz 9-cu sinfə 33 nəfərlə başlasaq da, 1967-ci ildə 27 nəfər azərbaycanlı Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbdən məzun olduq. Bir məsələni də diqqətinizə çatdırım ki, mən ixtisasca fizika-riyaziyyat müəllimiyəm. Xocalı məktəbinin direktoru işləmişəm. Sonradan o biri vəzifələrə gəlmişəm. “Azərbaycan müəllimi” qəzeti də bizim həmişə sevə-sevə oxuduğumuz qəzet olubdur”.

Şükür Allaha indi Xankəndi tam bizim nəzarətimizdədir. Xankəndidə Azərbaycan bayrağı dalğalanır, Biz də sevinclə Xankəndimizə qayıdıb gedəcəyik.

Niyazi RƏHİMOV

Xəbər lenti