2021-ci il noyabrın 21-dən fəaliyyətə başlayan Təhsil Tələbə Krediti Fondu artıq üçüncü tədris ilidir ki, tələbələrə təhsil haqqı xərclərini ödəməkdə yardım edir.
Fonddan "Tehsil.biz"ə bildirilib ki, təhsil krediti alan tələbələrin sayı 25 minə çatıb.
Rəsmiləşdirilmiş 25 min təhsil tələbə krediti həm də 2022-2026-cı illərdə sosial-iqtisadi strategiyada nəzərdə tutulmuş indikator üzrə ilkin nəticə üçün təsdiqlənmiş rəqəmdir.
Təhsil krediti alan 25 mininci şəxs Bakı Slavyan Universitetinin 2-ci kurs tələbəsi Jalə Rəhimlidir. Fond rəhbərliyi tərəfindən tələbəyə simvolik hədiyyə və təşəkkürnamə təqdim edilib.
Rəsmiləşdirilmiş 25 min kredit müqaviləsi 2021-2022-ci tədris ilinin birinci semestrində 11,58 faiz, 2021-2022-ci tədris ilinin ikinci semestrində 15,64 faiz, 2022-2023-cü tədris ilinin birinci semestrində 23,97 faiz, 2022-2023-cü tədris ilinin ikinci semestrində 26,87 faiz, 2023-2024-cü tədris ilinin birinci semestrində 21,95 faiz təşkil edir.
Ümumilikdə krediti rəsmiləşdirilən tələbələrin 72,47 faizi bakalavriat, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində təhsil alan tələbələrdir.
Rəsmiləşdirilən kreditlərin 36,12 faizi sosial, 63,88 faizi isə standart təhsil tələbə kreditidir.
Fondun yaradılmasında əsas məqsədlərdən biri də qızların təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq və onların təhsilsiz qalmamalarını təmin etməkdən ibarət idi. Təhsil kreditindən yararlananların 41,73 faizi kişi, 58,27 faizi isə qadın tələbələrdir.
Təhsil müəssisələri üzrə rəsmiləşdirilən kredit müraciətlərinin sayına görə ilk beşlik aşağıdakı kimidir:
1. Azərbaycan Dövlət İqtisad Universiteti – 7,03 faiz;
2. Gəncə Dövlət Universiteti – 6,10 faiz;
3. Azərbaycan Texniki Universiteti – 5,37 faiz;
4. Bakı Dövlət Universiteti – 5,01 faiz;
5. Lənkəran Dövlət Universiteti – 3,99 faiz.
Qeyd edək ki, 2023/2024-cü tədris ilinin birinci semestri üçün müraciətlərin qəbulu semestrin sonuna kimi davam edəcək.