Logo

"Sənətini sevgilin kimi sev, ona bütün qəlbini ver" - Yazarlara 10 məsləhət

17.02.2024 18:32 241 baxış
IMG

Uruqvay yazıçısı Orasio Silvestre Kiroqa Fortesa 31 dekabr 1878-ci ildə Salto şəhərində anadan olub.

Orasio Kiroqa 1926-cı ildə yazdığı "Ölü adam" hekayəsi ilə "magik realizm" cərəyanının yaradıcısı kimi qəbul edilir. Kiroqanın öz faciəli həyatı da mistik olaylarla dolu olub. Belə ki, yazıçının özü, ailə üzvləri və ətrafındakı ən yaxın adamların öz həyatlarına, ya intiharla son qoyublar, ya da faciəli şəkildə vəfat ediblər.

Orasio Kiroqanın atası argentinalı diplomat Prudensio Kiroqa olub. Oğlunun doğumundan iki ay yarım sonra təsadüfi tüfəng atəşindən vəfat edib. Montevideoda təhsil alan Orasio ədəbiyyat və eksperimental elmlərə (mexanika, fizika, kimya) meyil göstərib. 1899-cu ildə Parisi ziyarət edib. Uruqvaya qayıdaraq ispan dilini tədris edib, jurnalistika ilə məşğul olub və fotoqraflığa meyil göstərib. Ədəbiyyatda debütünü 1901-ci ildə ispandilli modernizmin (Ruben Dario) təsiri ilə yazılmış şeir və poetik nəsr kitabı ilə edib. 1902-ci ildən əsasən, Argentinada yaşayıb. Bir fotoqraf olaraq, Təhsil Nazirliyinin dəstəyi ilə Leopoldo Lugones tərəfindən təşkil edilən Çako vilayətinə bir ekspedisiyada iştirak edib. Selvaya adlı xanıma aşiq olub və orada bir neçə il ailəsi ilə birlikdə yaşayıb. 1915-ci ildə həyat yoldaşı intihar edib. 1920-ci illərdə ssenari müəllifliyi edib, film tənqidi ilə məşğul olub, qəzet və jurnallara yazıb. Yazıçının ikinci evliliyi də uğursuz olub. Prostat xərçəngindən əziyyət çəkən yazıçı dostunun gözünün qabağında sianid turşusu içərək intihar edib. Dözülməz ağrılar içində qovrulan Orasio Kiroqa bir neçə dəqiqədən sonra, 19 fevral 1937-ci ildə vəfat edib.

Orasio Kiroqa Latın Amerikasının Edqar Po-su kimi tanınır; Kortasar, Borxes və Markesin sələfi hesab olunur. Onun hekayələrində ağıl və dəlilik, ehtiras və peşmanlıq, sevgi və xəstəlik bir-birini qovur, ölümsə, görüş anını gözləyən kölgə kimidir. Kiroqanın ən böyük mövzuları insanın faniliyi ilə sevgi, ya da dünyada bir yer kimi mütləq bir şey axtarışı arasında dram, ölümün valehediciliyi və dəhşətidir.

Orasio Kiroqa bütün dövrlərin ən yaxşı hekayə yazıçılarından biri hesab olunur.

Kulis.az yazıçının yoldaşlarına verdiyi 10 tövsiyəni təqdim edir.

1. Bir ustada - Po, Mopassan, Kiplinq, Çexova - Allaha inandığın kimi inan.

2. Sənətini əlçatmaz bir zirvə kimi qəbul et. Onu üstələyə biləcəyinə dair xəyallar qurma. Üstələyə biləcəyin vaxt gələndə, bunu özün də fərqində olmadan bacaracaqsan.

3. Təqliddən, mümkün qədər, uzaq dur, üzərindəki təsir kifayət qədər güclü olarsa, təqlid et. Şəxsiyyəti inkişaf etdirmək hər şeydən çox, səbir tələb edən bir işdir.

4. Kor-koranə inan: uğur qazanacaq qədər istedadlı olduğuna deyil, arzuladığın şey qarşısında göstərəcəyin şövqə. Sənətini sevgilin kimi sev, ona bütün qəlbini ver.

5. İlk sözün hara gedib çıxacağını bilmədən yazmağa başlama. Yaxşı işlənmiş hekayədə ilk üç sətir, demək olar ki, son üç sətir qədər əhəmiyyətlidir.

6. Bu şərti dəqiqliklə ifadə etmək üçün bir misal: "Çaydan soyuq külək əsirdi". Ən yaxşı ifadə vasitələri sadə danışıq dilindən götürülmüş fikirlərdədir. Sözlərinə sən hökm et, harada hansı sözü işlədəcəyini dəqiq bil.

7. Lazım olmadıqca təsvirdən istifadə etmə. Onlar zəif bir ada yapışdırılan rəng spektri qədər yararsızdılar. Dəyərli birinə rast gəlsən, onun misilsiz rəngi olacaq. Ancaq əvvəlcə onu tapmaq lazımdır.

8. Qəhrəmanlarını yarat və onları ardıcıl, hekayənin sonuna qədər apar. Yaratdığın yolda onları başqa cür görməyə çalışma. Başqalarının görə bilmədiyi və ya görsələr belə, əhəmiyyət verməyəcəkləri şeylərə görə yolundan yayınma. Oxucunu aldatma. Hekayə, söz yığınından arınmış bir romandır. Elə olmasa belə, bunu mütləq həqiqət kimi qəbul et.

9. Duyğuların axışına qapılıb yazma. Qoy, yox olsunlar, amma sonra hamısını ağlına gətir. Bundan sonra emosiyaları yenidən canlandıra biləcək gücün qalıbsa, demək, artıq yolun yarısındasan.

10. Yazarkən, nə dostların, nə də hekayənin yaradacağı təsir barəsində düşün. Hekayəni, bir yerə toplayacağın qəhrəmanların içində yaşadığı o kiçik mühitdən başqa səni maraqlandıran heç nə yoxmuş kimi danış. Hekayədəki həyatdan başqa, ortaya heç bir şey çıxmasın.

Hazırladı: Nilufər Hacılı

"Ədəbiyyat qəzeti"

Xəbər lenti