Logo

Maarif və mədəniyyət məbədində: o gündən bu günə...

28.06.2024 23:43 615 baxış
IMG

Ustadımın ismini lap uşaq yaşlarımdan qabaqcıl maarif xadimi, uzun illər Qarabağda təhsilə rəhbərlik etmiş babamın dilindən eşitmişdim. Sonradan gələcək müəllimimi televiziya efirlərində görür, radio dalğalarında səsini eşidirdim. Bəzən də xeyli uzaqdan görərdim. Ancaq yaxınlaşmağa ya utanar, ya da ürək eləməzdim.

Babam müsahibələrinin birində deyirdi ki, müəllim dərsə və ya auditoriyaya girəndə tərləyib çıxmalıdır. Sonralar bu fikirləri Cahangir müəllimin dərs zamanı yorulmaq bilmədən ayaq üstə mühazirə deməsində, hər tələbəylə fərdi işləməsində və dərsdən sonra da bizlərə can yandırıb zaman ayırmasında görəcəkdik.

Əvvəlcə onu deyim ki, məndə Cahangir Məmmədlinin "Jurnalistikanın müasir inkişaf meylləri" kitabı vardı. Tale elə gətirdi ki, günlərin birində jurnalistika ixtisasına qabiliyyət imtahanı verməli oldum. Həmin kitab gələcək ixtisasıma yiyələnməyimdə dadıma çatdı. Beləki, 2019-cu ilin avqustunda baş tutan qabiliyyət imtahanında "İnformasiyanın həyatımızda rolu" mövzusunu seçdim. Yuxarıda adın qeyd etdiyim kitabdan "İnformasiya janrları" haqqında oxuyub, qeydlər aparmışdım. Bir neçə gün sonra qabiliyyət imtahanının ən yüksək balla qalibiyyət sevincini yaşayanda qara üzlüklü kitabın ağ səhifələrinə təşəkkür etmişdim. Həmin ilin 10 sentyabr günü ali məktəbə yeni qəbul olunmuş tələbələrlə müəllimlərin görüşü təşkil edilmişdi. Biz Cahangir müəllimi daha yaxından həmin gün gördük, səsini eşitdik. Yadımdadı, düz yeddi parta məsafəsində oturmuşdum. Tələbələr qarşısında bir dərs saatı qədər çıxış etdi. Öz nitqində Bakı Dövlət Universitetinin əzəmətindən danışdı, buranı "maarif və mədəniyyət məbədinin beşiyi" adlandırdı, bizləri məbəd keşiyində əməli fəaliyyətimizlə durmağı tapşırdı, Jurnalistika fakültəsinin tarixindən söhbət açmaqla yanaşı, həm də təhsil və əxlaq məsələlərinin nəinki tələbələr, bütün cəmiyyət üçün vacibliyini vurğuladı. Müəllim çıxış edir, mən də öz qeydlərimi aparırdım. İlk növbədə vətəndaş sonra isə jurnalist olmağımızı hər dəfəsində təkrar edirdi. Sonra isə bir az təəssüflə: “Biz fizikaya deyil, daha çox lirikaya meyilləndik”, dedi, ardınca da: "Jurnalist bütün fənlərdən hali olmalıdır" — söylədi.

Qısa bir zamandan sonra Universitetdə dərslərimiz başladı. Artıq ikinci semestr "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi 1" fənnində Cahangir Məmmədli ilə daha da yaxından tanış olduq. Çox keçmədi ki, bu tanışlıq doğmalıqla əvəzləndi. O gündən bu günə aylar, illər ötdü. Ancaq tələbə-müəllim sevgisi azalmadı ki, əksinə daha artdı. Elə bu şəkil də sevgidən yarandı. Məzun çəkilişi zamanı hava dəhşət küləkli idi. Sinoptiklər tərəfindən sarı, narıncı və qırmızı xəbərdarlıq da edilmişdi. Bu mənada heç bir müəllimi Universitet önünə çağırmağa cürət də etməmişdik. Fotoqrafa fakültəmizə qalxmağı rica edəndə, bildirmişdi ki, bağlı məkan üçün müəyyən avadanlıqları gətirməyib. Elə bu zaman müəllimimizi əlində qəzet və harasa tələsən şəkildə tədris binasının önündə gördük. Həmin günün küləyi, tozanağı belə bu şəklin xatirəyə dönməsinə əngəl ola bilmədi. Çünki müəllim-tələbə dostluğu bəşəriyyəti koronavirus adlı bəla bürüyəndə belə o günlərə təslim olmamışdı.

Əsgər İsmayılov,

BDU Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti