Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsinin kapitanı olduğu “Lumio” komandası Türkiyənin İstanbul şəhərində keçirilən “TEKNOFEST 2025” yarışmasının finalında uğurla çıxış edib.
“TEKNOFEST-2025” Aerokosmik və Texnologiya Festivalında BANM-in informasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadənin kapitanı olduğu “Lumio” komandası 565 mindən çox komanda arasından seçilərək “Ən yaxşı təqdimat” mükafatına layiq görülüb. Finalda 32 komanda ilə mübarizə aparan “Lumio” komandası “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə xüsusi nominasiyada “Ən yaxşı təqdimat” mükafatı ilə təltif edilib.“Lumio”nun məqsədi yalnız texnologiya təqdim etmək deyil, həm də insanların həyatında real fərq yaratmaqdır. Bu uğur gənc mütəxəssislərin elmi bilik və texnologiyanı birləşdirərək insan həyatını xilas edən həllər yarada biləcəyini bir daha sübut edir. Komandanın üzvləri Milli Aviasiya Akademiyasının tələbəsi Amal Mirzəyev, ADA Universitetinin tələbəsi Şamil Abbasov, ABŞ-ın Kolumbiya Universitetinin tələbəsi Əziz Zeynallıdır.
Elmir Hacızadə TƏHSİL.BİZ -ə müsahibəsində yarışmaya təqdim etdikləri “Lumio: Süni intellekt əsaslı psixoloji dəstək platforması” layihəsi barədə məlumat verib. O qeyd edib ki, “Lumio” – gənclər tərəfindən hazırlanmış, süni intellektlə fəaliyyət göstərən psixoloji dəstək platformasıdır. Layihənin əsas məqsədi psixoloji yardımı hər kəs üçün daha əlçatan, anonim və əlverişli etməkdir. Dünyada hər il yüz minlərlə insan depressiya, stres və digər psixoloji problemlərlə mübarizə aparır, lakin onların böyük əksəriyyəti peşəkar kömək ala bilmir. “Lumio” bu problemi innovativ yanaşma ilə həll edir – 24/7 rejimində fərdiləşdirilmiş, süni intellekt əsaslı videoterapiya seansları, real vaxtda SOS aşkarlama sistemi və 25-dən çox dildə dəstək imkanları təqdim edir.
“Platforma CBT və DBT kimi klinik terapiya modellərinə əsaslanır və istifadəçilərin emosional vəziyyətini izləyərək fərdi inkişaf planı yaradır. “Lumio”, həmçinin mütəxəssislərlə əməkdaşlıq edərək etik standartlara uyğunluğu və istifadəçi təhlükəsizliyini təmin edir. Real vaxt rejimində emosional böhran əlamətləri aşkarlanarsa, sistem dərhal müvafiq yardım xətləri və xidmətləri ilə əlaqə qurur”, - deyə E.Hacızadə bildirib.
Builki “TEKNOFEST” yarışması miqyasına görə rekord göstəricilərlə yadda qalıb. Belə ki, 96 ölkədən müraciət edən 565 min 776 komanda və 1 milyondan artıq iştirakçı arasında yalnız 13 min komanda final mərhələsinə yüksəlmək imkanı qazanıb.