Logo

“THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə yekun vurub

26.09.2025 12:56 48 baxış
IMG

Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti”nin sonuncu paneli “Avrasiya universitetləri arasında əməkdaşlığın gələcəyi” mövzusuna həsr olunub.

TƏHSİL.BİZ xəbər verir ki, paneldə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova müxtəlif təhsil sistemlərinin bir araya gətirilməsinin çətinliyinə baxmayaraq mövcud sistemlər daxilində müəyyən inteqrasiyaya nail olunduğunu bildirib. O həmçinin elmi fəaliyyət və tədqiqat üzrə Asiya, Orta Asiya, Avropa və digər qərb ölkələri ilə güclü əməkdaşlığa, eləcə də müxtəlif ölkələrdən tədqiqatçılarla birgə yazılan kollaborativ məqalələrin sayının artırılmasına ehtiyac olduğunu vurğulayıb.

Paneldə çıxış edən digər spikerlər – BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ADA Universitetinin xarici əlaqələr, hökumət və tələbələrlə iş üzrə prorektoru Fariz İsmayılzadə və Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev isə universitetlərin ölkələrarası əməkdaşlığın inkişafında rolunu, sənaye ilə əməkdaşlıq imkanlarını və regionun inkişaf potensialına uyğun yeni istiqamətlərin formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Sammitin rəsmi bağlanış mərasimində “Times Higher Education” beynəlxalq reytinq agentliyinin Qlobal məsələlər üzrə baş direktoru Fil Bati Avrasiya regionunda ali təhsilin innovasiya və tədqiqatlar vasitəsilə yeni bir inkişaf dövrünə qədəm qoyduğunu bildirib və növbəti sammitin Qazaxıstanda keçiriləcəyini elan edib.

Satbayev Universitetinin Strateji inkişaf departamentinin müdir müavini Gülziya Burşukova iştirakçıları Almatı şəhərində keçiriləcək sammitə dəvət edib.

Bağlanış mərasimində Fil Bati sammitin regionda ilk dəfə keçirilməsinə və yüksək səviyyədə təşkilinə görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya xüsusi xatirə plaketi təqdim edib.

Qeyd edək ki, sammit iki gün ərzində davam edib və 35-ə yaxın ölkədən 300-dən çox nümayəndəni bir araya gətirib. Tədbir çərçivəsində ali təhsildə rəqəmsal transformasiya, inklüzivlik, beynəlxalq tərəfdaşlıqlar, dayanıqlı inkişaf məqsədlərinə töhfə, iqlim dəyişikliyi ilə mübarizə, universitet–sənaye əməkdaşlığı və Avrasiya məkanında gələcək əməkdaşlıq imkanları kimi qlobal mövzular ətrafında geniş müzakirələr aparılıb.

 

 

 

 


 

Xəbər lenti