Logo

ADPU-nun Şamaxı filialında "Anım Günü- milli qürur günümüzdür!" mövzusunda tədbir keçirilib

26.09.2025 08:56 89 baxış
IMG

Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş “Anım günü – milli qürur günümüzdür!” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca 44 günlük Vətən müharibəsinin başlanğıcını əks etdirən “27 sentyabr – Zəfərin başlanğıcı” adlı film nümayiş etdirilib.

TƏHSİL.BİZ -in bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid Orxan Nəbiyevin atası Rza Nəbiyev və digər qonaqlar Anım Gününün xalqımızın milli yaddaşında xüsusi yeri olduğunu vurğulayıblar.

Natiqlər qeyd ediblər ki, 27 Sentyabr tarixi təkcə müharibənin başlandığı gün deyil, həm də Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin, əzmkarlığının, birlik və həmrəyliyinin rəmzidir. Çıxışlarda bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin şücaəti xalqımızın milli qürur mənbəyinə çevrilib və onların adları daim ehtiramla anılacaq.

Çıxışlarda, həmçinin şəhidlərin göstərdikləri igidliyin gənc nəsillər üçün nümunə olduğu, qəhrəmanlıq salnaməmizin gələcək nəsillərə vətənpərvərlik dərsi kimi kimi ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirin bədii hissəsində İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Günay Həsənova və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Qəfər Sadıqov Mahirə Nağıqızının müəllifi olduğu “Salam olsun!” şeirini səsləndiriblər.

 

Xəbər lenti