Logo

ADMİU-da Ü.Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

26.09.2025 14:01 39 baxış
IMG

Sentyabrın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan bəstəkarı, musiqişünas alim, dramaturq, ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə respublika elmi-nəzəri konfransı keçirilib.

ADMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, “Üzeyir Hacıbəyli irsi teatr və kino kontekstində” adlı konfransda universitet rəhbərliyi, tanınmış incəsənət, mədəniyyət nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Konfransı giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova dahi bəstəkar, görkəmli alim Üzeyir Hacıbəylinin Azərbaycan musiqisində, incəsənətindəki müstəsna rolundan danışıb, onun yaradıcı irsinin bütün dövrlər üçün aktual olduğunu deyib. Çıxışında konfransın mövzusuna diqqət çəkən rektor bildirib ki, hər il Ü.Hacıbəylinin anadan olduğu gün ölkəmizdə Milli Musiqi günü kimi qeyd edilir, bu mövzuda böyük tədbirlər, proqramlar həyata keçirilir. Bütün bu tədbirlərdə isə diqqət, əsasən, onun musiqi sahəsindəki fəaliyyətinə yönəlir. Ancaq onun musiqi ilə yanaşı, incəsənətin digər istiqamətlərində də çoxşaxəli uğurlu fəaliyyəti olduğunu xatırladan C.Mahmudova, xüsusən, teatr və kino fəaliyyətinin diqqətdən kənarda qaldığını söyləyib. O deyib ki, Ü.Hacıbəyli həm də bir dramaturq kimi Azərbaycan teatr və kinosunun inkişafında da əvəzsiz rol oynayıb və ADMİU-nun təşkil etdiyi bu konfransda məhz Ü.Hacıbəylinin incəsənətimizin bu sahələrindəki fəaliyyəti diqqət mərkəzinə gətirilib. Çıxışının sonunda konfransın işinə uğurlar arzulayan rektor bugünki konfransın materiallarının gələcəkdə geniş tədqiqat mövzularına çevriləcəyinə şübhə etmədiyini deyib.

Daha sonra tanınmış alimlərin məruzələri dinlənilib.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə “Azərbaycan teatrında Üzeyir Hacıbəyli fenomeni”, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli “Üzeyir Hacıbəyli əsərləri ekranda”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadə “Üzeyir Hacıbəyli rəsmi və qeyri-rəsmi mədəniyyətlərin əlaqə zəncirində”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli “Üzeyir Hacıbəyli həyatından faktlar”, Azərbaycan kinoşünaslar və kinotənqidçilər gildiyasının sədri, dosent Nadir Bədəlov “Kinoda musiqi və ritm qarşılığı (“O olmasın, bu olsun” filminin nümunəsində)”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov “Üzeyir Hacıbəyli- Azərbaycan mədəniyyətinin milli kimlik abidəsi”, Əməkdar incəsənət xadimi dosent Ayaz Salayev “Üzeyir Hacıbəyli və kino: tarixi və mədəni kontekst”, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi Aliyə Dadaşova “Üzeyir Hacıbəylinin komediyalarında sosial maskalar”, Əməkdar Mədəniyyət işçisi, ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müəllimi İlqar Fəhmi “Üzeyir Hacıbəyli publisistikasının dramaturgiyası” mövzulu məruzələri ilə Ü.Hacıbəylinin teatr və kino yaradıcılığına geniş işıq salıblar.

 

 

 

 


 

Xəbər lenti