Məlum olduğu kimi, Prezident İlham Əliyev bir müddət öncə Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə verilən həmin qərara əsasən, alimlər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Şöhrət” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, həmçinin “Tərəqqi” medalı ilə mükafatlandırılıblar.
Elm və təhsil naziri Emin Əmrullayev təltif edilən alimlərin bir qrupu ilə görüşüb.

TƏHSİL..BİZ xəbər verir ki, nazirlikdə keçirilən görüşdə nazir Emin Əmrullayev həm alimlərə mükafatlarını təqdim edib, həm də onlarla fikir mübadiləsi apararaq elmin inkişafı istiqamətində həyata keçirilən islahatlarla bağlı fikir və rəylərini öyrənib.
Nazir alimləri təbrik edərək onların əməyini yüksək qiymətləndirib: “Elmlə məşğul olmaq kifayət qədər ağır zəhmət tələb edir. Elmlə məşğul olan insanların bir çox sahələrdə uğur qazanmaq ehtimalı çox böyükdür. Başqa işlərlə məşğul ola biləcəyi halda həyatını elmə həsr etmək hər adama nəsib olmur. Ona görə istərdim ki, bu fürsətdən istifadə edib sizə dərin minətdarlığımı bildirim”.
Alimlər əməklərinə verilən dəyərə görə nazirə təşəkkür edib, elmdə inkişafa mane olduğunu düşündükləri məsələlərə diqqət çəkib, hazırda gedən proseslə bağlı düşüncələrini paylaşıb, görülən bir çox işi təqdir etdiklərini deyiblər. Belə görüşlərin mütəmadi keçirilməsi planlaşdırılıb.
Müzakirə şəraitində keçən görüşdən razı qaldıqlarını deyən alimlər təəssüratlarını “Azərbaycan müəllimi” ilə də bölüşüblər.
“İşlərimizdə müasir üsullardan istifadə edirik”

Elm və Təhsil Nazirliyi Neft və Qaz İnstitutunun şöbə müdiri professor Qalib Əfəndiyev mükafatlandırıldığından xəbərsiz olduğunu söyləyib:
“Prezidentimizin sərəncamı çıxanda ezamiyyətdəydim. “Prezidentin fəxri diplomu” ilə mükafatlandırılmışam. Zəng edib təbrik edənlərdən öyrəndim ki, belə bir mükafata layiq görülmüşəm. 55 ildir elmlə məşğulam. Neft və qaz quyularının qazılması texnologiyası ilə məşğul oluram. İşlərimizdə müasir üsullardan istifadə edirik. Bu sahədə bacardığımı etməyə çalışmışam. Kiçik əməyimə verilən yüksək qiymətdir”.
“Zəhmətim öz bəhrəsini gördü”

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva da mükafat alanlar arasındadır. O, “Tərəqqi” medalı ilə təltif edilib:
“1980-ci ildən, yəni 45 ildir Milli Elmlər Akademiyasında çalışıram. İndiyədək Azərbaycana 27 kadr vermişəm. Onlardan 7 nəfər elmlər doktoru, 20 nəfəri fəlsəfə doktorudur. 20-yə yaxın kitabım, 300-dən çox elmi əsərim var. Bu sahədə olmaq mənə daim xoşbəxtlik gətirib. Təltif edilənlərdən biri olmağım məni ikiqat sevindirdi. Zəhmətim öz bəhrəsini verdi. Medalı nazirdən almaq isə xoşbəxtliyimi daha da artırdı. Nazirimiz Botanika İnstitutunda inkişafa səbəb olan bir çox işlərdə bizə dəstək olub. 21 xarici universitetlə əməkdaşlığımız var, bir çox tədqiqatlarımızı müştərək həyata keçirir, gənclərimizi təlimlərə göndəririk. Bu, elmin inkişafının göstəricilərindən biridir”.
“Dövlət alimlərin fəaliyətini izləyir, qiymətləndirir”

Bu, tanınmış geoloq alim, geologiya-mineralogiya elmləri doktoru, professor, akademik Əkpər Feyzullayevin ilk mükafatı deyil:
“53 ildir ki, geologiya sahəsində çalışıram və dəfələrlə əməyim mükafatlandırılıb. Bu da o deməkdir ki, dövlət alimlərin fəaliyyətini izləyir, qiymətləndirir. Prezident İlham Əliyevə bu mükafata görə təşəkkürümü bildirirəm. Bu dəfə də məni “Şöhrət” ordeni ilə təltif edib. Ordenimi Emin Əmrullayevdən aldım və buna görə də çox şadam”.