Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Antropologiya şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Dmitri Kiriçenko Uhan Universitetinin İnsan osteoarxeologiyası laboratoriyasının direktoru Qun Janqın və universitetin Arxeologiya departamenti və Tarix məktəbinin rəhbərliyinin dəvəti ilə Çinə səfər edib.
Arxeologiya və Antropologiya İnstitutundan TƏHSİL.BİZ-ə bildirilib ki, Dmitri Kiriçenko universitetin tələbələri qarşısında Azərbaycanın antropologiyası və arxeologiyası haqqında mühazirə və təqdimatla çıxış edib. Alimin mühazirəsi Uhan Universitetinin tələbə və müəllim heyətində ölkəmizin antropologiyası və arxeologiyasına böyük maraq doğurub.
D.Kiriçenko İnsan osteoarxeologiyası laboratoriyasında Neolit, Tunc dövrləri və Qədim Çinin Han sülaləsinə (e.ə. 3-cü əsr - eramızın 3-cü əsri) aid antropoloji materialları araşdırıb.
Elmi səfər müddətində azərbaycanlı alim çinli həmkarı Qun Janqla birlikdə Mərkəzi Çində kraniometriya, paleopatologiya məsələləri, kremasiya və mumiyalama ənənələri barədə müzakirələr aparıb. Həmçinin onlar Azərbaycan və Çinin fiziki antropologiyasındakı oxşarlıqları və fərqləri müzakirə ediblər, Çində istifadə olunan antropoloji materialın tədqiqat metodlarını nəzərdən keçiriblər.
Çinli həmkarı azərbaycanlı alim üçün maraqlı və zəngin bir mədəni proqram təşkil edib. Mədəni proqram çərçivəsində azərbaycanlı alim Urumçi, Uhan və Pekin muzeylərində, Böyük Çin səddində olub.