Logo

Həyatı öyrətmədiyimiz üçün yaşamağı bacarmayan uşaqlar

22.06.2021 21:04 727 baxış
IMG

Emilya Tağıyeva yazır...

 

Bu gün Böyük Vətən müharibəsinin başlandığı gündür. 22 iyun 1941-ci ildən istər ön cəbhədə, istər arxa cəbhədə babalarımız, nənələrimiz böyük ağrılar yaşayıblar: əzizləri müharibədə həlak olub, itkin düşüb, övladları, doğmaları evdə, gözünün qabağında aclıqdan ölüb... Yaralanaraq əl-ayağını itirənlər, müharibədən qayıdanda əzizlərini tapmayanlar, əsir düşdüyü üçün uzun illər sürgündə qalanlar... Müharibənin bəlası yazmaqla bitən deyil.

 

Ötən əsrin 90-cı illərində torpaqlarımız işğala məruz qalanda yaşımın az olmasına baxmayaraq, bu ağrı-acıları qismən də olsa yaşamışam. Həmin günlərin özünəməxsus “tamı” bu gün də yadımdadır: gecədən çörək növbəsi, basabas, yarı ac, yarı tox dolanmaq, hər gün şəhid xəbəri, qonşunun müharibədə itkin düşən oğulları...

 

Bütün bunlara rəğmən elə bil ki, həmin vaxtlar bu qədər intihar hadisəsi olmurdu. İnsanlar daha dözümlü idilər.

 

Bu gün bir gənc intihar edib, 22 yaşında. Məktub da yazıb: “...Həyat bəlkə də çox gözəldir, amma mən yaşamağı bacarmadım...”

 

Bir gənci sahib olduğumuz ən dəyərli nəsnədən - həyatdan imtina etməyə nə vadar edə bilər?.. Görəsən nə yaşayıb ki, o bunu yaşayış hesab etməyib?

 

Bəlkə günah bizdədir? “Həyat gözəldir” ifadəsini övladlarımızın beyninə yeridirik, amma ağrı-acılı günləri ola biləcəyini gizlədirik? “Böyüyəndə onsuz da biləcək”, - deyərək, bərkə-boşa salmağa qıymırıq, “çətin olar”, - deyərək, bütün yükü öz çiynimizə yükləyirik. “Uşağım ən yaxşısına layiqdir”, - deyib, yeməyib yedizdirir, geyinməyib geyindiririk...

 

Sonra onlar böyüyürlər, əsl həqiqət ortaya çıxır... Həyatın heç də onların bildiyi kimi olmadığını görəndə, çətinliyə düşəndə isə bütün dünyaları yıxılır, bununla necə başa çıxacağını bilmirlər.

 

Yaradanın yaratdığı bütün canlılar, hətta bitkilər belə, daim mübarizə aparırlar; kaktuslar səhrada yaşaya bilmək üçün tikanlara sahib olur, sarmaşıqlar ağacın kölgəsində ölməmək üçün ona dırmaşırlar və sair. Bunu lap orta məktəbdə biologiya dərsində də öyrənmişik.

 

Biz isə bütün canlılar içində ən ali varlıq olan insanın mübarizə əzmini əlindən alırıq, ona həyatı öyrətmirik, sonra isə niyə yaşamaq istəməməsinin səbəbini araşdırırıq. Düşünürəm ki, onların həyatlarından vaz keçmələrinin səbəbləri içində ən vacibi, elə gəncin də dediyi kimi “yaşamağı bacarmamasıdır”. Bunun isə ən böyük günahkarı bizik, onları bərkə-boşa salmağa qıymayan valideynlər…

 

Oxu.az

Xəbər lenti