Logo

“Ölkəmizdə milli şüurun yüksəlməsi dövlət qulluğu sahəsində də yeni standartlar tələb edir”

23.06.2021 10:38 629 baxış
IMG

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 2021-ci il 23 iyun tarixində Xalq qəzetində dərc olunmuş məqaləsi

 

23 iyun Dövlət qulluqçularının peşə bayramı günüdür!

 

Son bir illik zaman yaşanan bütün çətinliklərə baxmayaraq, xalqımızın öz qanı bahasına ədaləti bərpa etməsi və dövlətimizin beynəlxalq arenada öz mövqeyini gücləndirməsi ilə əlamətdar oldu. Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və əldə etdiyi şanlı qələbə yaddaşlarda xalqımızın şücaətinin və bacarığının, eləcə də sarsılmaz xalq-dövlət birliyinin nümunəsi kimi qalacaqdır.

 

Şübhəsiz ki, bu qələbə ümummilli liderimizin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzunmüddətli ardıcıl siyasətin nəticəsidir. Azərbaycan dövlətinin strateji xətti, xalqımızın istedadı və cəsarəti dünya hərb və siyasət tarixinə keçən bu zəfərin təməl daşlarıdır.

 

Prezident İlham Əliyevin uzun illərdən bəri əsas prioritet kimi müəyyən etdiyi insan kapitalının inkişafı, yeni texnologiyaların dövlətin və cəmiyyətin bütün sahələrində tətbiqi, eləcə də, kadr seçimində ədalət və keyfiyyət prinsipləri artıq öz bəhrələrini verməkdədir. Şübhəsiz ki, bu qələbə ölkəmizdə milli şüurun artması, gənclərin özünə inamının daha da güclənməsi ilə yanaşı, həm də dövlət qulluğu sahəsində tələb və standartların daha da yüksəlməsinə səbəb olacaqdır.

 

Bu baxımdan da dövlət qulluqçularının üzərinə böyük məsuliyyət düşür. Cəmiyyətin yaxşı təhsil almış, yüksək vətəndaşlıq və dövlətçilik şüuruna malik zümrəsi olması dövlət qulluqçularının üzərinə bilavasitə vəzifələrinin icrası ilə yanaşı, cəmiyyətdə inkişafın aparıcı qüvvəsi olmaq, vətəndaşları maarifləndirmək, onlara yüksək əxlaqi dəyərlər və mütərəqqi davranış modelləri aşılamaq kimi missiya da qoyur. Bu məqamda fürsətdən istifadə edərək, bu dəyərli missiyanın yerinə yetirilməsində ölkəmizin dövlət qulluqçularına uğurlar arzu etmək və onları 23 İyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə təbrik etmək istərdim. Onu da qeyd edim ki, Dövlət İmtahan Mərkəzi ( DİM) həmin missiyanın yerinə yetirilməsi üçün dövlət qulluqçularına dəstək olmaqda və öz üzərinə düşən vəzifələri yerinə yetirməkdə israrlıdır.

 

Son 18 aylıq müddət bütün dünya üçün böyük sınaq və çətinliklərlə yadda qaldı. Dünyada tüğyan edən pandemiya, ölkəmizdə də həyatın normal axarına, dövlət və ictimai institutların fəaliyyətinə ciddi əngəllər törətdi. Sevindirici haldır ki, ölkəmizdə yüksək ixtisaslı və zəruri bilik və bacarıqlara malik kadr potensialının və müvafiq texnoloji infrastrukturun mövcudluğu qısa müddətdə bu çağırışlara cavab verməyə, dövlət qurumlarının normal iş rejimini təmin etməyə imkan vermişdir.

 

Bu müddət ərzində DİM dövlət qulluğu istiqaməti üzrə öz funksiyalarını fövqəladə rejimdə icra etməyə davam etmiş, fəaliyyətini Nazirlər Kabinetinin operativ qərargahı ilə əlaqəli şəkildə quraraq dövlət qulluğuna qəbul üzrə test imtahanı və müsahibələrin təşkili ilə əlaqədar bütün qərar və tövsiyələri nəzərə almışdır. Konkret olaraq dövlət qulluğu vəzifələrinə namizədlərin müsahibəsi də daxil olmaqla bütün fəaliyyətlər onlayn rejimə keçirilmiş, bunun üçün müvafiq proqram təminatı işlənib hazırlanmış, proses iştirakçılarına təlimlər verilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiyanın reallaşdırılması üzrə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmiş, prosesə yerli və beynəlxalq ekspertlər cəlb edilmiş, işçi qruplarının fəaliyyəti onlayn rejimdə təşkil edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə uyğun olaraq, mərkəz 2020-ci il ərzində dövlət qulluğuna qəbul üzrə 7 müsabiqə, 7 ümumi müsahibə elanı verilmiş və 60 daxili müsahibə üzrə müsahibələrin keçirilməsini təmin etmişdir.

 

Vakant vəzifələr üzrə vəzifə təlimatları və müsahibə proqramları “Dövlət qulluğu-Vəzifələrin İdarəedilməsi Sisteminə” (VİS) daxil edilmiş və bütün elanlar bu sistem vasitəsilə verilmişdir. Müsahibə elanları haqqında məlumat mərkəzin internet portalı ilə yanaşı, dövlət orqanlarının da internet səhifələrində yerləşdirilmişdir.

 

Qeyd olunanlarla yanaşı, hesabat dövrü ərzində dövlət qulluğuna namizədlərin qiymətləndirilməsi üzrə test imtahanları müvafiq qanunvericiliyə uyğun şəkildə keçirilmişdir. Mərkəzin test bankı yenidən ekspertiza edilmiş, yeni test tapşırıqları hazırlanmış, o cümlədən səriştə modelinə keçid məqsədilə banka situasiya tipli (kazus) tapşırıqlar hazırlanaraq daxil edilmiş və keçirilən test imtahanlarında istifadə olunmuşdur.

 

Namizədlərin dövlət qulluğuna qəbul üçün müsabiqənin test imtahanı mərhələsinə daha yaxşı hazırlaşmaları, mövcud test nümunələri ilə tanış olmaları məqsədilə keçən il ərzində 8 sınaq imtahanı keçirilmişdir. Sınaq imtahanlarında ümumilikdə 159 müraciət qeydə alınmış, onlardan 146-sı (91,8%) imtahanda iştirak etmişdir.

 

Mərkəz tərəfindən 2020-ci il ərzində ölkədə hökm sürən pandemiya ilə əlaqədar olaraq dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (AA, AB və AC vəzifə qruplarına uyğun) 3 və B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) 3, cəmi 6 test imtahanı keçirilmişdir. Test imtahanında iştirak etmiş 3530 namizəddən 1551-i (43,9%) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmək hüququ qazanmışdır.

 

Namizədlər daha çox BB vəzifə qrupu üzrə (1212 sayda) uğur əldə etmişdir. Bu qrup üzrə uğur qazananlar arasında qadınlar üstünlük təşkil edir. İmtahanda iştirak edən namizədlər arasında AA vəzifə qrupu üzrə uğur göstəricisi 10%, AB vəzifə qrupu üzrə 5,6%, AC vəzifə qrupu üzrə 31,8%, BA vəzifə qrupu üzrə 33,6% və BB vəzifə qrupu üzrə 49,3% olmuşdur.

 

Dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər vəzifələr üzrə test imtahanlarında iştirak edən namizədlər arasında dövlət qulluqçuları uğur göstəricisinə görə üstünlük təşkil edir. Belə ki, hesabat dövrü ərzində test imtahanlarında iştirak edən 32 dövlət qulluqçusundan 18-i (56,25%) imtahanda müvəffəqiyyət qazanmışdır. Dövlət orqanlarında müddətli əmək müqaviləsi əsasında çalışan və test imtahanlarında iştirak edən 50 namizəddən cəmi 8-i (16%) sertifikat almaq üçün müəyyən edilmiş keçid balını toplamışdır. Test imtahanlarında iştirak edən digər kateqoriyaya aid 93 namizəddən 25-i (26,88%) uğurlu nəticə göstərmişdir.

 

Dövlət qulluğuna qəbul üçün B növü – inzibati icraçı vəzifələr üzrə test imtahanlarında iştirak edən namizədlər arasında da dövlət qulluqçuları uğur göstəricisinə görə üstünlük təşkil edir. Belə ki, hesabat dövrü ərzində həmin kateqoriyaya aid test imtahanlarında iştirak edən 159 namizəddən 82-si (51,57%) imtahanda müvəffəqiyyət qazanmışdır. Dövlət orqanlarında müddətli əmək müqaviləsi əsasında çalışanlar B növü üzrə test imtahanlarında ən aşağı nəticəni göstərmiş, imtahanda iştirak edən 297 namizəddən yalnız 101-i (34%) sertifikat almaq üçün müəyyən edilmiş keçid balını toplamışdır. Dövlət orqanlarında çalışmayan namizədlərin isə uğur göstəricisi dövlət qulluqçularının göstəricisinə yaxın olmuş və 51.28% təşkil etmişdir.

 

Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarında iştirak edən namizədlər arasında uğur göstəricisinə görə dövlət qulluqçularının ən yüksək nəticəni göstərməsini bu kateqoriyadan olan şəxslərin dövlət orqanlarında çalışması, eyni zamanda, imtahanlara hazırlıq səviyyəsinin yüksək olması ilə əlaqələndirilməlidir.

 

Son bir il ərzində dövlət qulluğunun A növü – inzibati rəhbər(idarəetmə) vəzifələr və B növü – inzibati icraçı vəzifələr üzrə mərkəz tərəfindən keçirilən test imtahanlarında respublikamızın 45 ali təhsil müəssisəsinin, habelə müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları iştirak etmişlər. İmtahanda daha çox Bakı Dövlət Universiteti (24,04%) və Azərbaycan Dövlət İqtisad Universitetinin (16,82%) məzunları uğur qazanmışlar. Bakı Dövlət Universitetinin məzunları həm B növü – inzibati icraçı vəzifələr üzrə (360 məzun), həm də A növü inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (13 məzun) ən yüksək nəticə göstərmişlər. Ümumiyyətlə, test imtahanlarında uğur əldə edən namizədlərin əksəriyyətini dövlət ali təhsil müəssisələrinin məzunları təşkil edir. Özəl ali təhsil müəssisələri arasında Bakı Mühəndislik Universitetinin məzunları nisbətən yüksək nəticə göstərmişlər.

 

Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə, ümumilikdə, 11011 müsahibənin keçirilməsi planlaşdırılmışdır. Planlaşdırılmış müsahibələrdən 3526-nın (32,02%) keçirilməsi təmin edilmişdir. Keçirilmiş müsahibələrin 2530-u (71,75%) onlayn qaydada, 996-sı (28,25%) isə ənənəvi üsulla təşkil edilmişdir. Keçirilməsi nəzərdə tutulan 7485 (67,98%) müsahibə müxtəlif səbəblərdən (namizədin iştirak etməməsi və ya iştirakdan imtina etməsi, müsahibənin təxirə salınması, müsahibənin ləğv edilməsi) baş tutmamışdır.

 

Planlaşdırılan daxili müsahibələrin əksəriyyəti keçirilsə də (87,79%), müsabiqə üzrə müsahibələrin yalnız 2893-nü (28.64%) keçirmək mümkün olmuşdur. Müsabiqənin müsahibə mərhələsi üzrə planlaşdırılmış 6041 (59,81%) müsahibə namizədlərin iştirakdan imtina etməsi, 831 (8.23%) müsahibə isə iştirak etməmələri səbəbindən baş tutmamışdır. Qeyd olunmalıdır ki, sertifikat əldə etmiş hər bir namizəd həmin sertifikatın qüvvədə olduğu müddətdə istənilən sayda müsahibədə iştirak hüququna malikdir.

 

Müsabiqənin müsahibə mərhələsinə ən çox vəzifə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən (435 vəzifə) təqdim edilmişdir. Ən çox müraciət isə Təhsil Nazirliyi (2840 müraciət) üzrə qeydə alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş 42 vəzifə üzrə 1033, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş 435 vəzifə üzrə isə 500 müraciət qeydə alınmışdır.

 

Bir vəzifələrə düşən müraciət sayına görə (müraciət sayı – vəzifə sayı) mərkəzi icra hakimiyyəti orqanları arasında Əqli Mülkiyyət Agentliyi (42 müraciət), Maliyyə Nazirliyi (35 müraciət), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (25 müraciət), Dövlət Statistika Komitəsi (21 müraciət) üzrə, məhkəmə orqanları arasında isə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi (63 müraciət), Gəncə Ağır Cinayətlər Məhkəməsi (26 müraciət), Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi (22 müraciət) üzrə daha yüksək göstəricilər qeydə alınmışdır. Elana çıxarılmış 27 (1,95%) vəzifəyə isə namizədlər tərəfindən heç bir müraciət qeydə alınmamışdır.

 

Nəzərə alınmalıdır ki, vəzifənin tutulması üçün müəyyən edilmiş şərtlər həmin vəzifə üzrə müraciət sayında əhəmiyyətli rol oynayır. Belə ki, ən çox müraciətin qeydə alındığı 10 vəzifənin hamısı üzrə ən aşağı sertifikat tələbi BB4 vəzifə altqrupu üzrə müəyyən edilmişdir. Eyni zamanda, ən çox müraciət edilmiş 10 vəzifədən 3-ü üzrə təhsilə dair tələb kimi konkret ixtisas və ya ixtisaslar qrupu göstərilmədən, sadəcə ali təhsil müəyyən edilmişdir.

 

Ümumi müsahibə - dövlət orqanlarında olan vakant inzibati vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilir.

 

İl ərzində mərkəz tərəfindən, ümumilikdə, 7 ümumi müsahibə elanı verilmişdir. Elanlar çərçivəsində 29 dövlət orqanında mövcud olan 156 vakant inzibati dövlət qulluğu vəzifəsi ümumi müsahibəyə təqdim edilmişdir. Ümumi müsahibəyə ən çox vəzifəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi (36 vəzifə) təqdim etmiş, ən çox müraciət də həmin orqan tərəfindən elana çıxarılmış vəzifələr üzrə (155 müraciət) qeydə alınmışdır. Vəzifə başına düşən müraciət sayına görə isə dövlət orqanları arasında İqtisadiyyat Nazirliyi (17 müraciət), Hesablama Palatası (14 müraciət), Dövlət Turizm Agentliyi (10 müraciət) və Məhkəmə-Hüquq Şurası (21 müraciət) üzrə daha yüksək nəticə qeydə alınmışdır.

 

Ümumi müsahibələrdə iştirak edənlərin böyük əksəriyyətini kişilər (76,11%) təşkil edir. Qadınlar müsabiqənin müsahibə mərhələsi (47,63%) ilə müqayisədə ümumi müsahibədə daha az (23.89%) iştirak etmişlər. Ümumi müsahibələrdə iştirak edənlər arasında 25-29 (21.64%), və 30-34 (20,89%) yaş qrupuna aid namizədlər üstünlük təşkil etsə də, demək olar, bütün yaş qrupları üzrə aktivlik müşahidə edilmişdir. 40 yaşdan yuxarı namizədlər müsabiqənin müsahibə mərhələsinə nisbətən (1,8 %) ümumi müsahibədə daha fəal iştirak etmişlər (39,17%). Müsabiqənin müsahibə mərhələsində gənclər iştirakçıların 81,05%-ni təşkil etsə də, ümumi müsahibələrdə bu göstərici ciddi dərəcədə aşağı – 22,76% olmuşdur. Ümumi müsahibədə iştirak etmiş namizədlərin 7-nin yaşı (2,6 %) 60-dan yuxarıdır.

 

Daxili müsahibə - dövlət orqanlarında olan vakant inzibati vəzifələrin ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları tərəfindən tutulması məqsədilə keçirilir. Bundan başqa, 36 dövlət orqanı tərəfindən 418 vakant vəzifənin tutulması məqsədilə 60 daxili müsahibə elanı verilmişdir.

 

Daxili müsahibəyə ən çox vəzifə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (92 vəzifə) və Əmlak Məsələləri Dövlət Komitəsi (89 vəzifə) tərəfindən təqdim edilsə də, ən çox müraciət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən elana çıxarılmış vəzifələr üzrə (80 müraciət) qeydə alınmışdır.

 

Daxili müsahibələrdə bir vəzifə üzrə müraciət sayına görə (müraciət sayı - vəzifə sayı) dövlət orqanları arasında ən yüksək göstərici Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində qeydə alınmışdır. Belə ki, Agentlik tərəfindən daxili müsahibəyə çıxarılmış 23 vəzifəyə 67 namizəd müraciət etmişdir.

 

Müsabiqənin müsahibə mərhələsinin (49,96%) və ümumi müsahibələrin (21,64%) iştirakçıları arasında 25-29 yaş qrupuna aid namizədlər, daxili müsahibələrin iştirakçıları arasında isə 30-34 yaş qrupuna (31,46%) aid namizədlər üstünlük təşkil edir. 

 

Mərkəz tərəfindən, ümumilikdə, 422 vəzifə üzrə namizədlərin müraciətlərinə imtina edilmişdir. İmtina səbəbləri arasında iş stajının vəzifənin tutulma şərtlərinə uyğun olmaması (34,6%), zəruri sənədlərinin təqdim edilməməsi və ya natamam təqdim edilməsi (32,46%), ümumi müsahibədə iştirak hüququnun olmaması (13,27%) üstünlük təşkil edir.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, vakant vəzifələrə təyinat məsələsinə baxılması məqsədilə müsahibələrdə uğur əldə etmiş şəxslərin sənədləri dövlət orqanının rəhbərinə təqdim olunur. Həmin şəxslərin vakant vəzifələrə təyinatları ilə bağlı qərar vakant vəzifənin aid olduğu dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.

 

Müsahibələrdə uğur əldə etmiş 734 namizəd 2020-ci il ərzində vakant vəzifələrə təyin edilmişdir. Ən yüksək təyinat müsabiqə üzrə (427 nəfər / 58,17%) müşahidə edilir. Ən çox təyinat müsabiqə üzrə BB4 (223 nəfər), ümumi müsahibə üzrə BB3 (22 nəfər), daxili müsahibə üzrə isə BA3 (35 nəfər) altqruplarına aid vəzifələr üzrə qeydə alınıb.

 

Xatırladaq ki, müsahibələrdə uğur əldə edən namizədlər 32 məhkəmə orqanı olmaqla, ümumilikdə, 58 dövlət orqanında müvafiq vakant vəzifələrə təyin edilmişlər. Dövlət orqanları tərəfindən ən çox təyinat inzibati vəzifələrin 5-ci və 7-ci təsnifatına uyğun vəzifələr üzrə aparılmışdır.

 

2019-cu ildə 1557 nəfər vakant inzibati vəzifələrə təyin edilsə də, 2020-ci ildə bu rəqəm 823 nəfər (52,85%) azalaraq 734 nəfər olmuşdur. Təyinat sayında azalmanın əsas səbəbi 2020-ci ilin mart ayından ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər hesab edilir.

 

Təyinat alan şəxslərin 153-nün (20,84%) yaşı 40-dan yuxarıdır. Təyin edilən şəxslər arasında müsabiqə üzrə 25-29 yaş qrupu (220), ümumi müsahibə üzrə 35-39 yaş qrupu (23), daxili müsahibə üzrə isə 30-34 yaş qrupuna (51) aid şəxslər üstünlük təşkil edir.

 

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən müsahibələrin nəticəsinə yenidən baxılması üçün namizədlər tərəfindən vakant vəzifənin aid olduğu dövlət orqanlarında yaradılan apelyasiya şuralarına ümumilikdə 124 şikayət daxil olmuşdur. 31 dekabr 2020-ci il tarixinə olan məlumata görə, il ərzində apelyasiya şikayəti vermiş 21 namizədin şikayəti təmin edilmiş və namizədlərin iddia etdikləri vəzifələrə uyğun olduğu bilinmişdir. Apelyasiya şuraları 11 vəzifə üzrə namizədlərlə yeni müsahibənin keçirilməsi barədə qərar qəbul etmiş, 40 vəzifə üzrə isə müsahibənin nəticəsi qüvvədə saxlanılmışdır.

 

Qanunvericiliyin tələblərinə uyğun olaraq, müsahibələrin keçirilməsi məqsədilə müsahibə komissiyası dövlət orqanının 1, mərkəzin 1 nümayəndəsi və 1 müstəqil ekspert olmaqla 3 nəfərdən ibarət tərkibdə yaradılır. Mərkəz müstəqil ekspertlər üçün müsahibənin aparılması üzrə təlimlər təşkil edir. Bu təlimlərdə iştirakdan sonra müstəqil ekspertlər bazasına daxil olunmuş ekspertlər müsahibələrdə iştirak edirlər. Ekspertlər mərkəz tərəfindən müxtəlif ali təhsil müəssisələrində, qeyri-hökumət təşkilatlarında və digər ictimai birliklərdə çalışan müvafiq sahələr üzrə peşəkar kadrlar arasından seçilir. Mərkəz ekspert bazasının təkmilləşdirilməsi məqsədilə mütəmadi işlər aparır və yeni ekspertlər müəyyən edilərək müsahibələrə cəlb edilir.

 

Dövlət qulluğu sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, mövcud kadr potensialından səmərəli istifadə edilməsi məqsədilə müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin edilməmiş, dövlət orqanının ləğvi və dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər ehtiyat kadrlar siyahısına daxil edilirlər.

 

Ehtiyat kadrların vakant analoji vəzifələrə təyinatları ilə bağlı Mərkəz tərəfindən mütəmadi iş aparılır. Hesabat ilində dövlət orqanında müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifələr müsabiqəyə və ümumi müsahibəyə çıxarılmamış, həmin vəzifələrə ehtiyat kadrların təyin olunması təmin edilmişdir.

 

Dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin müvafiq qanunvericilik və prosedurlar barədə məlumatlandırılması və mərkəzin bu sahədə fəaliyyəti ilə tanış olması məqsədi ilə “Dövlət qulluğu” jurnalının 1 buraxılışı çap edilmişdir. Jurnalda test imtahanı mərhələsində istifadə olunmuş və düzgün cavablandırma faizi aşağı olan test tapşırıqlarının izahı, dövlət qulluğuna qəbul üzrə keçirilmiş test imtahanları və müsahibələr barədə statistik göstəricilər, bu göstəricilər əsasında dövlət qulluğuna qəbul istiqamətində analitik təhlil, elmi-metodik təlimatlar və s. məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, Mərkəz tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün test imtahanı modelinə uyğun hazırlanmış “1000 test tapşırığı” adlı test toplusunun nəşri həyata keçirilmişdir.

 

Qeyd olunanlarla yanaşı, mərkəzin fəaliyyətilə əlaqədar elektron məlumat bazaları və xidmət sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər davam etdirilmişdir. Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar mərkəzin təqdim etdiyi elektron xidmətlər sırasına onlayn müsahibə sistemi də əlavə olunmuşdur.

 

Dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2019−2021-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərə dair bir sıra qanun, fərman, sərəncam və qərar layihələri hazırlanmışdır.

 

Mərkəz dövlət qulluğu sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, bu sahədə Azərbaycan təcrübəsinin təbliği məsələsinə xüsusi önəm verir. 2020-ci ilin əvvəlindən hazırkı dövrə qədər dünyada yayılan koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar əksər beynəlxalq tədbirlər və təcrübə mübadiləsi onlayn rejimdə həyata keçirilmişdir. Hesabat dövrü ərzində Mərkəz Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) proqramı, Qazaxıstanın Astana şəhərində yerləşən Dövlət Qulluğu üzrə Regional Xab və digər proqram, layihə və təşəbbüslər çərçivəsində xarici tərəfdaşlarla səmərəli əməkdaşlığı davam etdirmişdir. Qeyd olunan beynəlxalq fəaliyyətlər arasında Avropa İttifaqı (Aİ) ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) birgə təşəbbüsü olan SIGMA (Rəhbərlik və İdarəetmədə Təkmilləşdirməyə Dəstək) proqramı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Belə ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycanın dövlət qulluğu sistemində səriştə modelinin işlənib hazırlanması və tətbiqi istiqamətində xeyli işlər görülmüşdür. Görülən işlər arasında dövlət qulluğu vəzifələrinin təhlili, səriştə modelinin ilkin variantının müəyyənləşdirilməsi, yerli mütəxəssislərin formalaşdırılması üzrə təlim və seminarların təşkilini qeyd etmək olar. Ümumilikdə SIGMA proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlərdə 40-a yaxın dövlət qurumunun nümayəndəsi iştirak etmişdir. Dövlət qulluğunda “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin iştirakçı qurumları olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Apelyasiya Məhkəməsi seçilmişdir. Hazırda bu istiqamətdə fəaliyyətlər davam edir.

 

Son olaraq bildirmək istərdim ki, DİM ölkə rəhbərliyinin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq öz fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurmağa, Azərbaycan Respublikasının dövlət qulluğu sistemində şəffaflığın və səmərəliyin artırılması, dövlət qulluqçularının inkişafı və yüksək motivasiyasını saxlamaq üçün bütün imkan və bacarıqlarından istifadə edəcəkdir.

 

Bir daha bugünkü peşə bayramı münasibətilə dövlət qulluqçularını təbrik edir, onlara cansağlığı və peşəkar fəaliyyətlərində nailiyyətlər arzu edirəm! 

 

Məleykə ABBASZADƏ,

 

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri

Xəbər lenti