Logo

“Mənəvi dəyərlər və Milli kimlik” adlı tədbir keçirilib

14.01.2022 13:20 665 baxış
IMG

“Müasir İnkişaf” İctimai Birliyinin və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Mənəvi dəyərlər və Milli kimlik” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü təmsil etdiyi qurumun fəaliyyətindən, tədbirlərindən, layihələrindən, nəşrlərindən və s. söz açıb. O, “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edib. Prosesin artıq başa çatmaq üzrə olduğunu, hazırda “Azərbaycan mənəvi dəyərləri” başlıqlı kitab üzərində iş getdiyini deyib.

Aİİ rektoru, dosent Aqil Şirinov dini, mənəvi dəyərlərin, o cümlədən Milli Kimliyin komponentlərindən biri olduğunu vurğulayıb. A.Şirinov dinin birləşdirici funksiyası olduğunu xatırladıb. Rektor sovet dövründə dinə vurulan zərbələrdən də söz açıb. O, dinə, mənəvi dəyərlərə kənardan edilən yad təsirlərə qarşı mübarizə aparmağın zəruri olduğunu qeyd edib.

MDTF-in icraçı direktoru Mehman İsmayılov dəyərlər termininin və mövzusunun təhlilini verib. O, Qərbin dəyərlərimizə təsirindən danışıb. M.İsmayılov tədbir iştirakçılarının müxtəlif sahələrin təmsilçiləri olmasını nəzərə alaraq prosesə yanaşmanın maraqlı olacağını açıqlayıb.

AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim Hacı Həsənov Azərbaycan xalqının mənəvi dəyərləri, milli kimliyi qoruyub saxladığını qeyd edib. Alim buna misal olaraq 44 günlük Vətən müharibəsini göstərib. H.Həsənov təklif edib ki, mənəvi dəyərlər təhsil müəssisələrində tədris edilsin.

ADPU-nun dosenti, AMEA Tarix İnstitutunun əməkdaşı Mübariz Ağalarlı milli-mənəvi dəyərlərin təhlükəsizlik məsələsi olduğunu qeyd edib. O, tarixdə və müasir dövrdə bu dəyərlərə olan baxışı təhlil edib. Klassiklərin mövzuya konseptual yanaşma sərgilədiyini deyən çıxışçı bugün də eyni yanaşma göstərilməsinin vacib olduğunu vurğulayıb.

Aİİ-nin Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov dəyərlər haqqında fikirlərini bildirib. O, Vətən coğrafiyası haqqında da danışaraq, mədəniyyətlərin bir-birinə təsirinin təhlilini verib.

AMEA Ədəbiyyat İnstitutunun məsul katibi, dosent Aygün Bağırlı dəyərlər mövzusunun ədəbiyyatda, dastanlarımızda, atalar sözlərində, şeirlərdə əksinə toxunub. “Nizami Gəncəvi milli kimliyimizn simvoludur” deyən A.Bağırlı həmin dövrdən etibarən şair və yazıçıların mənəvi dəyərlərlə bağlı yaradıcılığını qısa şəkildə təqdim edib.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Məhəmməd Cəbrayılov qlobal məkanda mənəvi dəyərləri qorumağın çətinlindən danışıb. O, Azərbaycanın dövlət siyasəti olan multikulturalizmdən bəhs edib. M.Cəbrayılov multikulturalizmin dövlət siyasəti olmasının önəmindən və faydalarından da söz açıb.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov insan şəxsiyyətindən və ünsiyyətin önəmindən bəhs edib. Ə.Niyazov İslam dinində insana verilən nəsihətlərdən də söz açıb.

Aİİ-nin müəllimi, i.f.d. Vüqar Səmədov çıxışında Allah inamın əhəmiyyətindən bəhs edib. V.Səmədov şəhidlər, qazilərlə bağlı İslam dinində buyurulanları tədbir iştirkaçıları ilə bölüşüb.

ADPU-nun tələbəsi Anar Salehoğlu milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməyin əhəmiyyətindən danışıb.

Sonda belə tədbirlərin davamlı şəkildə keçirilməsinin, ziyalılarla birgə ictimai, ideoloji, tarixi, ədəbi, dini mövzuların müzakirəsinin təşkilinin zəruriliyi vurğulanıb.

Xəbər lenti