“İstanbulda keçirilən Türkiyədəki Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk toplantısında iştirak etmək Qarabağ Universitetinin gələcəkdə bu qurumla əməkdaşlığı baxımındam olduqca yüksək qiymətləndirilir”.
Bu barədə TƏHSİL.BİZ -ə müsahibəsində Qarabağ Universitetinin elm şöbəsinin rəhbəri Elçin İbrahimov bildirib.
Onun sözlərinə görə, bu hadisə elm adamlarının Qarabağ Universitetinin fakültələrinə və quruculuğu istiqamətində aparılan işlərə töhfə verəcək.
“Onlar artıq uzun illərdir ki, Türkiyənin fərqli ali təhsil müəssisələrində fəaliyyət göstərir, dərs deyirlər. Biz də bu insanların təcrübələrindən faydalanmaq istəyirik”, - deyə Elçin İbrahimov vurğulayıb.
Tədbirdə Türkiyədəki alimlərimizin Qarabağ Universitetində onlayn seminarların, ustad dərslərinin təşkili, onların bu ali təhsil müəssisəsinə qısa və ya uzun müddətə ezam olunmaları kimi məsələlərin müzakirə edildiyini bildirən Elçin İbrahimov deyib: “İkili diplom proqramları, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA və ya Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən dəstəklənən layihələrin icrasında Türkiyədəki elm adamlarımızla əməkdaşlıq, Türkiyə və Azərbaycan universitetlərində ikili diplomların verilməsi, eləcə də Qarabağ Universitetində nəşr olunacaq elmi jurnalların həm redaksiya heyətində, həm də jurnalın quruluşunda bu insanların təcrübələrindən faydalanmaq kimi məqamlar ətrafında da fikir mübadilələri aparıldı. Gündəmimizdə olan digər məsələlər isə Qarabağ Universitetində açılan və gələcəkdə açılacaq laboratoriyaların quruluşu və fəaliyyətində, dərsliklərin və dərs proqramlarının hazırlanmasında Türkiyənin ali təhsil müəssisələrində çalışan elm adamlarımızın təcrübələrindən faydalanmaq, birgə elmi seminarlar keçirməkdir. Bütün bu məqamları nəzərə alaraq İstanbulda təşkil olunan bu görüşü olduqca faydalı bir addım kimi qiymətləndiririk”.