Azərbaycan İlahiyyat İnstitutunda 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş vebinar keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə İslamşünaslıq kafedrasının müəllimi Rəşad Mustafa 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli istiqlal hərəkatından, 100 minlərlə azərbaycanlının Ermənistanın təxribatlarına və Sovet İttifaqı rəhbərliyinin ikili siyasətinə etiraz etməsindən danışıb. Bundan sonra baş vermiş tarixi hadisələri ardıcıllıqla şərh edən R.Mustafa 1990-cı ildə törədilmiş 20 Yanvar hadisələrinin azadlıq hərəkatını daha da gücləndirdiyini vurğulayıb.
Məruzəçi Azərbaycanın müstəqilliyinin bərpası dövrünə də diqqət çəkib. O, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində gördüyü işləri vurğulayıb.
Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun hansı çətin mərhələlərdən keçdiyini diqqətə çatdıran R.Mustafa 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu bildirib. O, Vətən müharibəsinin Zəfərlə başa çatmasından sonra Azərbaycanın suverenliyinin tam bərpası istiqamətində Prezident İlham Əliyevin gördüyü işləri vurğulayıb. Hazırda tarixi torpaqlarımızda geniş vüsət alan yenidənqurma və bərpa işləri haqqında məlumat verib.
Vebinar müzakirələrlə davam edib.