Logo

Azərbaycan Universitetində 8 Noyabr – Zəfər Günü qeyd olunub

07.11.2024 12:01 343 baxış
IMG

Azərbaycan Universitetində 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə elmi işlər üzrə prorektor Yusif Qasımov Zəfər Günü haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. Prorektor qeyd edib ki, bu gün Azərbaycanın 33 illik müstəqillik tarixinin ən şərəfli günüdür. Azərbaycan XXI əsrdə yeganə dövlətdir ki, ərazi bütövlüyünü öz hərbi gücü hesabına bərpa edib. Vətən müharibəsində dünya hərb tarixinə yenilik kimi daxil olan və indiyə qədər rast gəlinməyən xüsusi əməliyyatlar həyata keçirilib ki, bu taktika və strategiyalar beynəlxalq hərbi ekspertlər tərəfindən ciddi təhlil olunur və öyrənilir.

Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişi 44 günlük Vətən müharibəsinin taleyüklü hadisələrini xronoloji ardıcıllıqla təqdim edib. Vətən müharibəsinin iştirakçıları - Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin kafedra rəisi, polkovnik Klos Abbasov, Milli Müdafiə Universitetinin kafedra rəisinin müavini, polkovnik Elman Təhməzovun məruzələrində qeyd olunub ki, milli ruh və həmrəylik Vətən müharibəsində möhtəşəm Zəfərin əldə olunmasında böyük rol oynayıb. Bu tarixi Zəfərin qazanılmasında təkcə hərbçilərin deyil, hər vətəndaşın böyük əməyi var.

Azərbaycan Universitetinin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı övladının xatirəsinin əziz tutulmasına görə universitet rəhbərliyinə, professor-müəllim heyətinə və tələbələrə təşəkkür edib. Vətən müharibəsi iştirakçısı, universitetin kompüter mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Elvin Mədinov çıxışında keçdiyi döyüş yolundan danışıb.

Sonda 8 Noyabr - Zəfər Gününə həsr olunan videoçarx nümayiş edilib.

Xəbər lenti