Logo

Qvineya-Bisaunun ətraf mühit naziri məzunu olduğu ADNSU-nu ziyarət edib

08.11.2024 14:26 376 baxış
IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə gəlmiş Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim fəaliyyəti naziri Viriato Luis Soares Kassama Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub. Qonaq vaxtilə Azİİ adlandırılan bu universitetdə təhsil alıb.

ADNSU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə rektor əvəzi, dosent Vazeh Əskərov qonağa universitetdə təhsil və tədris prosesi, ali məktəbin elmi nailiyyətləri haqqında məluma verib. O, Azİİ-nin məzunlarının dünyanın bir çox ölkələrində, eyni zamanda, Azərbaycanda mühüm uğurlara imza atdıqlarını deyib. “Azİİ məzunlarımızın doğma universiteti ziyarət etməsi bizi çox sevindirir”, - deyə V.Əskərov vurğulayıb.

Qonaqlar əvvəlcə universitetin maddi-texniki bazası ilə tanış olublar, Azİİ e-Kitab Evinə, Mineralogiya muzeyinə, kimya laboratoriyalarına, akademik Azad Mirzəcanzadənin adını daşıyan auditoriyaya baş çəkiblər.

İllər sonra məzunu olduğu doğma ali təhsil ocağına gəlməkdən məmnunluğunu bildirən nazir Azərbaycan universitetlərinin COP29 çərçivəsində keçirilən tədbirlərə və ümumilikdə COP29-da iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə verə biləcəyinə inandığını deyib.

Qeyd edək ki, Viriato Luis Soares Kassama 1989-1992-ci illərdə Azİİ-də Kimya fakültəsində təhsil alıb.

Xəbər lenti