Logo

Uppsala Universitetində “Sivilizasiyaların kəsişməsində: Azərbaycan müasir dünyada” mövzusunda seminar keçirilib

12.11.2024 22:27 288 baxış
IMG

İsveçin nüfuzlu Uppsala Universitetinin nəzdindəki Rusiya və Avrasiya Araşdırmaları İnstitutunda “Sivilizasiyaların kəsişməsində: Azərbaycan müasir dünyada” mövzusunda seminar keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, Uppsala Universitetində payız tədris semestrini tədqiqatçı kimi keçirən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin müəllimi Şəfəq Mehrəliyeva ali təhsil müəssisəsinin magistrant tələbələri və müəllim heyəti qarşısında azərbaycançılığın əsasları və bunun dövlətin xarici siyasətinin formalaşması ilə əlaqəsini izah edib.

Tədqiqatçı bildirib ki, sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycanın əhalisi bu nadir coğrafi xüsusiyyətinə görə milli kimliyində multikulturallığı ilə seçilir. Bu cəhət “tolerantlıq” terminindən fərqlənir, çünki “azərbaycançılıq” ideologiyası müxtəlif dini etiqad, etnik və ya siyasi baxışlara təkcə dözümlülüklə yanaşmağı deyil, ictimai-siyasi həyatda təmsil olunmağı da ehtiva edir.

ADA Universitetinin müəllimi onu da qeyd edib ki, Avropa qitəsinin şərq sərhədində yerləşən Azərbaycan bu gün isveçli gənclərə yad yer kimi gəlsə də, İsveçi bütün dünyaya tanıdan Nobel mükafatı bizim birgə irsimiz hesab oluna bilər. Belə ki, ömrünün 40 ilinə yaxın tarixini Azərbaycan neftinə bağlayan Nobel ailəsi elm dünyasının ən ali mükafatının təsisat fondunun bir hissəsini məhz Balaxanı mədənlərində qazanmışdır.

Sərhədlərində yerləşən tarixi imperiyalarla mürəkkəb münasibətlərə nəzər salan Şəfəq Mehrəliyeva vurğulayıb ki, Azərbaycan Respublikası qonşuları ilə beynəlxalq hüquqa əsaslanan balanslı siyasət yürüdür. Xüsusilə, öz ərazisində 30 ilə yaxın davam edən Ermənistan işğalına tarixi Zəfərlə son qoyduqdan sonra hərbi təcavüzdən əziyyət çəkməyin nə olduğunu yaxşı anlayan ölkə münaqişələrin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır.

Azərbaycanda bu günlərdə qeyd edilən dövlət bayramlarının tarixçəsindən də söz açan ADA müəllimi orijinal olaraq mütəfəkkir Əli bəy Hüseynzadənin təklifi ilə qəbul edilən üçrəngli Azərbaycan Bayrağını “milli kimliyin xəritəsi” adlandırıb: türkçülük, İslam mədəniyyəti və mütərəqqi inkişaf bu gün də Azərbaycan cəmiyyətinin kimlik prioritetləridir və siyasi qərarların qəbulunda üstünlük təşkil edir.

Seminar zamanı iştirakçılar Azərbaycanda Nobel irsi və Ermənistan işğalından azad edilmiş ərazilərdə yerlə-yeksan olunmuş şəhərlərlə bağlı videomaterialları da izləyiblər.

 

Xəbər lenti