Logo

BMU tələbələri üçün Çində təhsil almaq və 2 diplom əldə etmək imkanı

04.07.2025 16:47 49 baxış
IMG

Bu ildən etibarən Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti (PKTU) arasında ikili diplom proqramının icrasına start verilir.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, proqram kimya, kompüter və mexanika mühəndislikləri ixtisasları üzrə həyata keçiriləcək.

İki ali təhsil müəssisəsi arasında bu ilin aprel və iyun aylarında imzalanan, 2+2 modelinə əsaslanan sənədlərə müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini PKTU-da davam etdirəcəklər. Ümumi orta müvəffəqiyyət göstəricisi 80-dən yuxarı olan tələbələr universitetin təhsil xərcindən azad olunurlar.

BMU-PKTU ikili diplom proqramı tələbələrə bir sıra strateji və praktik üstünlüklər vəd edir. Onlar beynəlxalq səviyyəli təhsilə çıxış imkanı qazanır, fərqli tədris metodikası, qabaqcıl texnologiyalar və praktiki laboratoriya imkanları ilə tanış olmaqla yanaşı, real sənayeyönümlü biliklər öyrənmək fürsəti əldə edirlər. Eyni zamanda, proqram çərçivəsində birgə elmi layihələrdə və texnoloji startap fəaliyyətlərində iştirakları təmin olunur, tədrisin ingilis dilində aparılması sayəsində xarici dil bacarıqları təkmilləşir, habelə Çin mədəniyyəti ilə yaxından tanışlıq imkanı yaranır. Təhsillərinin sonunda tələbələr həm BMU, həm də PKTU-nun bakalavr diplomunu əldə edirlər.

Nəticə etibarilə ikili diplom proqramı məzunların beynəlxalq əmək bazarında tanınmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə, eləcə də qlobal karyera imkanlarının genişlənməsinə xidmət edəcək. Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramı, həmçinin iki ölkənin təhsil sahəsindəki əlaqələrinə mühüm töhfə verəcək.

Qeyd edək ki, PKTU Çində, eləcə də dünyada öncül mövqeyə malik universitetlərdən biridir. 1958-ci ildə yaradılmış bu ali məktəbin 2700 nəfərdən ibarət professor-müəllim heyəti və 28670 tələbəsi var. On yeddi kollec və məktəbi olan universitet üç əsas böyük kampusda yerləşir. 170 ölkənin 63 universiteti ilə əməkdaşlıq edən PKTU-da ingilis dilində təhsil almaq imkanları genişdir və təhsilin bütün səviyyələrində proqramlar icra olunur.

Xəbər lenti