Dövlət İmtahan Mərkəzinin apardığı işlər çox ciddi şəkildə həyata keçirilir və bu fəaliyyətin təməli 1994-cü ildən qoyulub.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, görülən işlərin nəticələri heç bir şəxsin iradəsindən asılı deyil.
“Bu prosesdə insan faktorunu tamamilə aradan qaldırmışıq. Proseslərə hətta mənim özümün belə müdaxilə etməyim qeyri-mümkündür”, – deyə DİM rəhbəri əlavə edib.
Məleykə Abbaszadə vurğulayıb ki, hər bir testin “şəxsiyyət vəsiqəsi” var: “Hansı testin neçə faiz cavablandırılmalı olduğunu əvvəlcədən bilirik. Məsələn, bir testə 70 faiz doğru cavab verilməlidir, digəri isə daha çətin olduğuna görə yalnız 25 faiz doğru cavablandırılmalıdır”.