Logo

Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə ikili diplom proqramı təklif edir

07.07.2025 14:27 37 baxış
IMG

Azərbaycan Universiteti bakalavrlara MBA proqramının tədrisi ingilis dilində aparılan marketinq istiqaməti üzrə ikili diplom proqramı təklif edir.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, kadr hazırlığı İtaliyanın Tuscia Universiteti ilə birgə aparılır.

Azərbaycan Universiteti ilə Tuscia Universiteti arasında 2023-cü ildə imzalanan müqavilə ilə təsis olunan ikili diplom proqramında iştirak etmək istəyən tələbələrin sayı birinci tədris ilinin sonunda müəyyən edilir, seçimi isə müsabiqə yolu ilə aparılır. Müraciət edən tələbələrin qiymətləndirilməsi və seçimi onların akademik göstəriciləri və ingilis dilini bilmə səviyyəsinə əsaslanır.

Yerli və xarici tələbələrə açıq olan magistratura proqramında dərslər hər iki ali təhsil müəssisəsinin professorları tərəfindən tədris edilir. Fənlərin tədrisi ingilis və italyan dillərində aparılır.

Müddəti 2 il olan proqram 3+1 modelinə əsaslanır. Proqrama qəbul olan tələbələr I, II və III semestrlərdə Azərbaycan Universitetində, IV semestrdə isə İtaliyanın Tuscia Universitetində təhsil alacaqlar. Tələbələrin İtaliyanın Tuscia Universitetində təhsil aldıqları dövrdə təhsil və nəqliyyat xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır.

Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə magistr dərəcəsi veriləcək, Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunacaq.

Beynəlxalq İkili Diplom Proqramına seçilən ilk tələbə Rəvan İdrislidir. Rəvan İdrisli hazırda İtaliyada təhsilini davam etdirir.

Xəbər lenti