Logo

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

01.07.2025 08:39 53 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) müəllimlərin sosial rifahını və iqtisadi imkanlarını artırmaq məqsədi daşıyan “TəhsilPlus” kartı ilə bağlı təqdimat və müzakirə formatında görüş təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə AzTU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Bəxtiyarlı, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin əməkdaşları Aysel Məhərrəmova və Almaz Axundzadə, eləcə də universitetin professor-müəllim və inzibati heyəti iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Elvin Bəxtiyarlı təhsil sahəsində həyata keçirilən sosial dəstək təşəbbüslərinin miqyasının son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib. O, “TəhsilPlus” kartı kimi layihələrin müəllimlərin sosial rifahının gücləndirilməsi istiqamətində atılan vacib addımlardan biri olduğunu xüsusi vurğulayıb və bu kimi təşəbbüslərin davamlılığının əhəmiyyətini qeyd edib.

Ardınca çıxış edən Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova fond tərəfindən həyata keçirilən sosial-iqtisadi xarakterli təşəbbüslər haqqında ətraflı məlumat verib. O, artıq tələbələr üçün istifadəyə verilmiş “TələbəPlus” kartının müsbət nəticələrindən bəhs edərək “TəhsilPlus” kartının da müəllim heyəti üçün geniş imkanlar təqdim edəcəyini vurğulayıb. Aysel Məhərrəmova həmçinin bildirib ki, bu kimi təqdimat və fikir mübadiləsi platformaları layihələrin inkişaf etdirilməsi və hədəf auditoriyanın real ehtiyaclarının düzgün şəkildə qiymətləndirilməsi baxımından mühüm rol oynayır.

Tədbirin sonunda iştirakçılar arasında fikir mübadiləsi aparılıb, təhsil işçilərinin təklifləri dinlənilib, layihə çərçivəsində təqdim olunan kartın imkanları, tətbiq sahələri və gələcək perspektivləri barədə suallar ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.


 

Xəbər lenti