ABŞ-də Kaliforniya ştatının Berkli Universitetində Akademiya və İnnovasiya Forumu keçirilib.
TƏHSİL.BİZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanlı Alimlər Şəbəkəsinin təşkilatçılığı, Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti və Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin dəstəyi, Berkli Universiteti Azərbaycanlı Tələbələr Birliyinin ev sahibliyi ilə keçirilən ikigünlük tədbirdə ABŞ-nin müxtəlif akademik ocaqlarında çalışan azərbaycanlı alimlər, araşdırmaçılar, doktorantura tələbələri və yüksək texnologiya şirkətlərində çalışan peşəkarlar, amerikalı alimlər və startap nümayəndələri, habelə Azərbaycanda təhsil və innovasiya sahəsində çalışanlar iştirak ediblər.
Forumun məqsədi təhsil və innovasiya müstəvisində çağırış və imkanların müzakirəsi, Azərbaycan və ABŞ-dəkı akademik dairələr və innovasiya mütəxəssisləri arasında əlaqələrin gücləndirilməsi və Azərbaycan əsilli alim və peşəkarlar arasında şəbəkələşmənin genişləndirilməsi idi.
Tədbirdə Azərbaycanlı Alimlər Şəbəkəsinin rəhbəri, Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı fakültəsinin dekan müavini Sevinc Məmmədova çıxış edərək innovasiyanın mərkəzi sayılan Kaliforniyada akademik tədqiqat və innovasiya iştirakçılarını məhsuldar müzakirələrə dəvət edib.
Daha sonra Silikon Vadisində tanınmış professor Marguerite Gong Hancock və təhsil sahəsində tanınmış professor, Corc Vaşinqton Universitetinin dekanı Michael Feuer əsas natiq qismində çıxış ediblər.
Forumun 1-ci günündə müxtəlif panellər və “Power Talk” sessiyaları çərçivəsində akademiyanın dəyişən dünyadakı rolu, təhsildə texnologiyaların tətbiqi, innovasiya ekosistemləri, Azərbaycanda tədqiqat potensialının artırılması, 2-ci günündə isə ictimai faydaya yönəlik elmi yanaşmalar müzakirə olunun. Həmin gün həm də indiyədək fərdi şəkildə təhsil, texnologiya və digər sahələrdə azərbaycanlı tələbələr və mütəxəssislərə müxtəlif yollarla töhfə vermiş şəxslərin təqdimatları nümayiş olunub.
Tədbirin sonunda azərbaycanlı alim və mütəxəssislər tərəfindən icmanın inkişafına töhfələr, real təcrübələr və gələcək əməkdaşlıq imkanları təqdim edildi və bundan sonra bu cürə təşəbbüslərə qoşulmaq istəyən üçün yeni platformanın təqdimatı edilib.
Forumla yanaşı, qonaqlar üçün Berkli Universitetinin Klubunda qala ziyafət təşkil olunub. Ziyafətdə ləziz təamlarla yanaşı azərbaycanlı musiqiçilərin ifasında milli musiqi nömrələri təqdim edilib. 100-dək iştirakçının qatıldığı tədbirin təşkilatçıları foruma sponsorluq etmiş bütün tərəfdaşlarına təşəkkür edib.
Qeyd edək ki, məşhur azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi-Zadə 1959–1991-ci illərdə Kaliforniya Berkli Universitetinin (UC Berkeley) Elektrik Mühəndisliyi və Kompüter Elmləri fakültəsində professor kimi fəaliyyət göstərib.