GEANT-ın Baş Assambleyasının iclası çərçivəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə bu qurumun icraçı direktoru Lise Fuhr arasında görüş keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə GEANT ilə İnformasiya Texnologiyaları İnstitutu arasında strateji əməkdaşlığın yeni mərhələdə davam etdirilməsi, “AzScienceNet” şəbəkə infrastrukturunun Avropa tədqiqat və təhsil şəbəkələri ilə inteqrasiyasının genişləndirilməsi, GEANT-ın təqdim etdiyi xidmətlərdən daha səmərəli istifadənin təmin edilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Həmçinin 2025-ci ilin oktyabr ayında “AzScienceNet” şəbəkəsinin mövcud vəziyyəti, imkanları və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi məsələsi müzakirə olunub, GEANT Assosiasiyasının məsul nümayəndələrinin bu tədbirdə fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində akademik Rasim Əliquliyevə GEANT tərəfindən “AzScienceNet” şəbəkəsinin 2025-ci il üçün rəsmi üzvlük statusunu təsdiqləyən sertifikat təqdim olunub.