Logo

ADNSU-da Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

25.06.2025 16:22 45 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə ümumi işlər üzrə prorektor Elnur İsmayılov çıxış edərək Azərbaycanın ordu quruculuğu tarixi barədə danışıb. O bildirib ki, bu gün Azərbaycan Ordusu maddi-texniki bazası, döyüş hazırlığı və peşəkarlıq səviyyəsinə görə aparıcı ordular sırasındadır. E.İsmayılov, həmçinin 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı parlaq qələbədən bəhs edib və şəhid ailələrinə, qazilərə göstərilən yüksək ehtiramı xüsusi vurğulayıb.

Tədbirdə ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova, Geoloji kəşfiyyat fakültəsinin dekanı dosent Naməd Paşayev və ADNSU Həmkarlar İttifaqı Komitəsinin sədri Məzahir Babayev çıxış edərək Azərbaycanda ordu quruculuğu, qəhrəman oğullarımızın döyüş meydanında göstərdikləri şücaət barədə danışıblar. Çıxışlarda universitetdə müharibə veteranlarına göstərilən diqqət və qayğı vurğulanıb, şəhid ailələri və qazilərin daim universitet kollektivinin diqqət mərkəzində olduğu qeyd edilib. Bildirilib ki, hər bir azərbaycanlı şəhidlərimiz və qazilərimizlə fəxr edir.

Dosent Naməd Paşayev ADNSU-nun məzunu olmuş şəhid Alı Həsənli haqqında xatirələrini bölüşüb.

Tədbirdə şəhid Alı Həsənlinin atası Nofəl Həsənli çıxış edərək Azərbaycan Ordusunun gücündən və yenilməzliyindən danışıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadə edib.

Sonra şəhid Alı Həsənlinin həyat və döyüş yolunu əks etdirən film nümayiş olunub.

Sonda tədbir iştirakçıları Azİİ e-Kitab Evində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş “Xalqın güvənc yeri, dövlətin dayağı – Azərbaycan Ordusu” adlı kitab sərgisi ilə tanış olublar.

 

Xəbər lenti