Logo

Mərkəzi Elmi Kitabxananın altı ay ərzində elmi-informativ fəaliyyəti müzakirə edilib

25.06.2025 16:20 48 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) şöbələrin 2025-ci ilin birinci yarımilliyi üzrə hesabat iclası keçirilib.

Bu barədə TƏHSİL.BİZ-ə MEK-dən bildirilib.

Tədbiri MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq kitabxananın verdiyi elmi-informativ töhfələr, elmi-informasiya siyasətində rolu, əldə olunan nəticələr və qarşıya çıxan çətinliklər barədə məlumat verib. O, həmçinin planlaşdırılan fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.

Daha sonra MEK-in şöbə rəhbərləri 2025-ci ilin ilk altı ayı ərzində həyata keçirilən işlər barədə hesabatla çıxış ediblər. Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin “Mərkəzi Elmi Kitabxananın 100 illik yubileyinin keçirilməsi” haqqında qərara uyğun olaraq kitabxanada bir sıra tədbirlər həyata keçirilib. Bununla yanaşı, AMEA-nın 80 illik yubileyi münasibətilə ənənəvi və virtual formada kitab sərgiləri təşkil olunub, elmi-maarifləndirici tədbirlər keçirilib, şəxsi və mövzu biblioqrafik göstəricilər hazırlanıb, “İnformasiya bülleteni”nin iki nömrəsi nəşr olunub, kitabxananın 100 illik tarixini əhatə edən xronoloji salnamə və digər nəşrlər isə çapa hazırlanır. Oxuculara xidmət sahəsində və nəşrlərin e-kataloqa yerləşdirilməsi sahəsində müəyyən uğurlar əldə edilib.

Cari dövrdə idarəetmə strukturunun müasirləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Bu dəyişikliklər MEK-in müasir elmi-informasiya kitabxanası modelinə uyğunlaşdırılmasına və rəqəmsal dövrün tələblərinə cavab verən çevik və funksional sistemin qurulmasına xidmət edib.

Birinci yarımildə, həmçinin inklüziv kitabxana mühitinin formalaşdırılması sahəsində mühüm təşəbbüslər reallaşdırılıb. Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə nüfuzlu elmi qurumlarla əməkdaşlıq müqavilələri imzalanıb. Oxucular üçün “Britannica Academic Edition” elmi bazasına pulsuz giriş təmin edilib, Türkiyənin Rami Kitabxanası ilə “Qardaş kitabxanalar” anlaşma memorandumu imzalanıb, Sinop Universiteti və Kitabxanası ilə onlayn görüş keçirilib, “DergiPark” platformasında yerləşdirilən elmi jurnallarla əməkdaşlıq razılaşdırılıb.

MEK-in Biblioqrafik informasiya xidməti sektoru tərəfindən oxuculara həm İRBİS 64+ elektron proqram təminatı, həm də ənənəvi kataloq-kartoteka sistemi əsasında xidmətlər göstərilib. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması və elektron xidmətlərin təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Qeyd olunub ki, hesabat dövründə kitabxanadakı fiziki sənədlərin rəqəmsallaşdırılması və elektron versiyaların yaradılması sürətlə həyata keçirilib.

Sonda çıxış edən direktor Hüseyn Hüseynov görülən işləri qənaətbəxş hesab edərək, kitabxana fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verib.

Xəbər lenti