Logo

Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə BƏYANATI

07.11.2024 16:23 336 baxış
IMG

Biz, Azərbaycan Mətbuat Şurası və Bakı Dövlət Universitetinin birgə keçirdiyi “İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının mahiyyət və məqsədləri” mövzusunda dəyirmi masanın iştirakçıları dəyirmi masada aparılan müzakirələri və səslənən fikirləri əsas tutaraq aşağıdakıları bəyan edirik:

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il bir ölkədə keçirilən sessiyaları dünyanın ən mötəbər tədbirlərindən biridir. Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü il 11-22 noyabr tarixlərində Bakıda keçirilməsi barədə yekdil qərarın qəbul edilməsi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə göstərilən etimadın bariz nümunəsidir. Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili və üzərinə düşən missiyanın layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edib. Əminik ki, COP29 yüksək səviyyədə, nümunəvi şəkildə təşkil olunacaqdır.

Lakin eyni zamanda bəyan edirik ki, Azərbaycan dövlətinin son illər əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi bəzi xarici ölkələri və beynəlxalq təşkilatları, xüsusilə ermənipərəst qüvvələrin təsiri altında olan dairələri hədsiz qıcıqlandırır. Bizim əldə etdiyimiz uğurları, xüsusilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunmasını həzm edə bilməyən bu dairələr mütəmadi olaraq ölkəmizə qarşı informasiya hücumları, diversiyalar aparır, dövriyyəyə dezinformasiyalar buraxırlar. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna və BMT-nin mötəbər tədbirinə kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılmasına çalışan bu qüvvələr ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürərək iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və bir sıra ekoloji problemlərin müzakirəsini və müvafiq qərarların qəbul edilməsini nəzərdə tutan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Prosesdə dünyanın bir sıra aparıcı media orqanlarının iştirakı isə dərin təəssüf hissi doğurur.

Biz, bütün bunları nəzərə alaraq, Azərbaycanın media vasitələrini COP29-la bağlı ölkəmizə qarşı aparılan informasiya diversiyalarına münasibətdə ayıq-sayıq davranmağa, belə xoşagəlməz təmayüllərin gerçək mahiyyəti barədə vətəndaşlarımızı və dünya ictimaiyyətini operativ məlumatlandırmağa çağırırıq.

Biz, eyni zamanda, dünyanın aparıcı media orqanlarını, ümumən söz və ifadə azadlığının təəssübünü çəkən media qurumlarını Azərbaycana qarşı informasiya diversiyalarına, məqsədli dezinformasiya tədbirlərinə obyektiv və adekvat qiymət verməyə, bu kimi halların aradan qaldırılması üçün həmrəyliyə çağırırıq.

Xəbər lenti