Logo

Məktəblilər üçün “COP29: Gələcək nəsillər üçün yaşıl dünya” adlı tədbir keçirilib

07.11.2024 12:24 292 baxış
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə “COP29: Gələcək nəsillər üçün yaşıl dünya” adlı tədbir keçirilib.

Rəsədxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsini icra edən Gülnaz Kərimova COP29-un Azərbaycanda keçirilməsinin və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini vurğulayıb, gələcək nəsillərə yaşıl və davamlı bir dünya miras qoymağın vacibliyindən danışıb. O, həmçinin iqlim dəyişikliyinin qarşısını almaq və ekoloji problemlərin həlli yollarını tapmaq üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli çıxışında gənc nəslin ekoloji biliklərə yiyələnməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu tədbir məktəblilərə ətraf mühit problemlərini daha dərindən öyrənmək və gələcəkdə yaşıl bir dünya yaratmaq üçün təşəbbüslər göstərməyə imkan yaradır.

Tədbir iştirakçılarına “Birlikdə qoru: təmiz planet, təmiz gələcək” adlı videoçarx təqdim edilib.

Sonra “Kosmos və yaşıl dünya”, “İqlim dəyişikliyinin biofiziki təsirləri” və “Məktəbdən başlayan maariflənmə, təmiz ətraf mühit” mövzularında məruzələr dinlənilib.

Tədbir çərçivəsində təşkil olunmuş astrosərgidə şagirdlər tərəfindən hazırlanmış maketlər nümayiş etdirilib. Ən uğurlu nümunələrin müəllifləri mükafatlandırılıb.

Xəbər lenti