Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29” adlı növbəti kitab sərgisi təşkil olunub.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, sərgidə ADNSU-nun professor-müəllim heyəti tərəfindən, eləcə də Azİİ e- Kitab Evinin fonduna digər şəxslərdən və təşkilatlardan daxil olmuş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair nəşrlər, ətraf mühitin mühafizəsi, yaşıl ekologiya, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsindən bəhs edən çap materialları nümayiş edilir. Bundan əlavə, sərgidə təmizləmə qurğularının quraşdırılması, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi və yaşıllaşdırılması, çirklənmiş ərazilərin bərpası, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizinin sahil sularının, canlı aləminin mühafizəsi və iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından bəhs edən kitablar, jurnallar və digər materiallar da yer alıb.
Sərgidə ümumilikdə 80-dan çox nəşr nümayiş olunub.
Sərgi Azİİ e Kitab Evinin fonduna daxil olacaq yeni kitablar və digər mətbuat nümunələri daxil edilməklə 2024-cü ilin sonunadək davam edəcək.