Logo

İntellektual proqram sistemlərinin sintezi problemləri ilə bağlı elmi nəticələr müzakirə olunub

23.12.2024 11:33 33 baxış
IMG

İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, seminar baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi nəticələrin müzakirəsinə həsr olunub.

Dosent Ş.Mahmudova “İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellərin işlənməsi” adlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti və predmeti, elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tədqiqat üsulları və s. haqqında məlumat verib.

Tədqiqatçı qeyd edib ki, müasir dövrdə intellektual proqram sistemlərinin (İPS) yaradılması və müxtəlif sahələrə geniş tətbiq edilməsi ilə əlaqədar İPS-in çoxsaylı problemləri yaranmış və dissertasiya işinin aktuallığında onlardan bəziləri göstərilib.

Ş. Mahmudova dissertasiya işinin məqsədinin intellektual proqram sistemlərinin sintezi üçün metod, model və alqoritmlərin işlənməsi olduğunu bildirib.

Tədqiqatçı dissertasiya işi çərçivəsində əldə olunmuş elmi nəticələri diqqətə çatdırıb. Ş.Mahmudova tədqiqat işi çərçivəsində proqram sistemlərinin texnoloji əsaslarının araşdırıldığını, intellektual proqram sistemlərinin konseptual əsaslarının işlənildiyini, intellektual proqram sisteminin yaradılmasında “Soft Computing” texnologiyalarının tətbiqlərinin müxtəlif aspektlərinin araşdırıldığını və müqayisəli təhlilinin aparıldığını, o cümlədən intellektual proqram sistemlərinin tətbiq sahələrinin tədqiq olunduğunu qeyd edib. Həmçinin əlavə edib ki, proqramlaşdırma dillərinin xüsusiyyətləri və onların effektivlik göstəricilərinin qiymətləndirilməsi üçün alqoritm işlənib, Big Data analitik platformasında proqramlaşdırma dillərindən səmərəli istifadə etmək üçün üsullar tədqiq olunub, o cümlədən proqram sisteminin məhsuldarlığının yüksəldilməsi üçün alqoritmin işlənib.

Məruzəçi bildirib ki, tədqiqatın nəticələri 12-si “Web of Science”, 14-ü “Scopus” bazasında olmaqla ümumilikdə 53 nəşrdə, 2 kitabda öz əksini tapıb.

Sonra mövzu ətrafında müzakirələr aparılıb.

Daha sonra institutun şöbə müdiri dosent Tofiq Kazımov çıxış edərək doktorluq işi çərçivəsində aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən dosent T.Kazımov intellektual proqram sistemlərinin sintezi problemlərinin dərindən tədqiq olunmasının müasir dövrdə böyük əhəmiyyət kəsb edən məsələlərdən olduğuna diqqət çəkib. T.Kazımov dissertasiya işi ilə bağlı tövsiyələrini bildirib.

Xəbər lenti