Logo

Uşaq müdafiəsi və təhlükəsizliyi mexanizmi: Azərbaycan təhsil sistemində görülən işlər

20.12.2024 12:37 42 baxış
IMG

Uşaqlar hər bir cəmiyyətin gələcəyini formalaşdıran ən dəyərli sərvətlərdir. Onların sağlam, təhlükəsiz və sevgi dolu mühitdə böyüməsi yalnız fərdlərin deyil, bütün cəmiyyətin inkişafı üçün həyati əhəmiyyət daşıyır. Təəssüf ki, bir çox uşaq zorakılıq, laqeydlik, istismar və təcrid kimi təhlükələrlə üzləşir ki, bu da onların fiziki, psixoloji və sosial inkişafına mənfi təsir göstərir. Uşaq müdafiəsi və təhlükəsizliyi yalnız onların hüquqlarını qorumaq deyil, həm də gələcəkdə sağlam və məsuliyyətli vətəndaşların yetişməsinə zəmin yaratmaq məqsədi daşıyır. Bu mövzuya diqqət yetirmək cəmiyyətlərin dayanıqlı və ədalətli olmasına töhfə verən əsas amillərdən biridir.

UNICEF-in statistikasına görə, dünya üzrə 13-15 yaşlı hər 3 uşaqdan biri zorakılığa məruz qalır. ÜST isə bu zorakılığın iqtisadiyyata hər il təxminən 7 milyard dollar zərər vurduğunu bildirir (ÜST, 2022). Bu faktlar göstərir ki, uşaqların müdafiəsi və təhlükəsizliyinin təmin olunması sağlam cəmiyyətlərin formalaşmasında əsas əhəmiyyət kəsb edir. Azərbaycanda da bu sahədə həyata keçirilən islahatlar, xüsusilə təhsil sistemində tətbiq olunan mexanizmlər, məsələnin həllində mühüm rol oynayır. Bu məqalədə uşaqlara qarşı zorakılığın qarşısının alınmasında beynəlxalq təcrübələr, Azərbaycanın təhsil sistemində həyata keçirilən tədbirlər, həmçinin 2024-cü ildə toplanmış məlumatlar və müşahidələr araşdırılmışdır.

Uşaq Müdafiəsi və Təhlükəsizliyi: Beynəlxalq Təcrübələr

Beynəlxalq təcrübədə uşaqların müdafiəsini təmin edən bir neçə əsas mexanizm mövcuddur:

1. Qanunvericilik bazası:

- Uşaq Hüquqları Konvensiyası (1989): Uşaqların hər cür zorakılıq və istismardan azad olmaq hüququnu müdafiə edir.
- İngiltərədə Uşaqlar Haqqında Akt (1989): Təhsil sistemində zorakılıq hallarına dərhal müdaxilə mexanizmlərini nəzərdə tutur.
- ABŞ-da CAPTA Aktı (1974): Müəllimlər də daxil olmaqla, uşaqlarla işləyən hər kəsin zorakılıq hallarını xəbər vermə öhdəliyini tənzimləyir.

2. Qurumlararası Əməkdaşlıq:

- Avstraliya Uşaqlarının Müdafiəsi üzrə Milli Strategiyası (2021): Təhsil, sosial xidmət və səhiyyə sahələri arasında əməkdaşlığı təşviq edir.
- Uşaq Yardım Xətləri: 135-dən çox ölkədə fəaliyyət göstərən bu mexanizmlər uşaqları təcili vəziyyətlərdə dəstəkləyir.

Azərbaycan Təhsil Sistemində Uşaq Müdafiəsi

Azərbaycan Respublikasında uşaqların müdafiəsi qanunla tənzimlənir. Məsələn, “Təhsil haqqında” Qanunun 32-ci maddəsi uşaqların təhlükəsiz və zərərsiz təhsil mühitində inkişafını təmin etməyi nəzərdə tutur. Ölkəmizdə də bu istiqamətdə bir sıra əhəmiyyətli işlər görülməkdədir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planına əsasən Təhsil İnstitutu tərəfindən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsinin icrası davam etdirilir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin UNICEF ilə birgə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi üzrə 2022-ci ildə 25, 2023-cü ildə 51, 2024-cü ilin sentyabr ayından etibarən isə 101 məktəbdə Uşaq Müdafiəsi və Təhlükəsizlik (UMT) mexanizmini tətbiq edilməkdədir.

Layihənin uğurları arasında:

• Direktor, psixoloq və digər təhsil işçilərinin xüsusi təlimlərdən keçirilməsi.
• Valideynlər və şagirdlər arasında maarifləndirmə görüşlərinin təşkili.
• Məktəblərdə zorakılıq halları ilə bağlı məlumatların toplanması və sistemli həll yollarının tapılması.

Cari ildə əldə edilmiş məlumatlar

2024-cü ildə əldə edilən məlumatlar göstərir ki, pilot məktəblərdə UMT komandalarının fəaliyyətində bir sıra müsbət və zəif tərəflər mövcuddur:

Müsbət tərəflər:

• UMT komandalarının güclü şəbəkə qurma bacarığı.
• Prosesə həssas və çevik yanaşma.
• Məktəb rəhbərliyinin, xüsusən psixoloq və direktor müavinlərinin aktiv iştirakı.
• Maarifləndirmə işlərinin uğurlu inteqrasiyası.
• Vaxtında yönləndirilmiş case-lərin müvafiq əlaqədar qurumlarla əməkdaşlıq çərçivəsində operativ həlli.

Zəif tərəflər:

• Məktəb rəhbərliyinin tez-tez dəyişməsi səbəbindən məlumat axınında ləngimələr.
• İnternat məktəblərində sıxlıqla baş verən sosial problemlər.
• Bəzi bölgələrdə psixoloq çatışmazlığı
• Yüksək riskli ərazilərdə mövcud olan təhlükəsizlik problemləri.

Aşağıdakı qrafik layihənin müxtəlif aspektlərini əks etdirir:

1. 2024-cü ildə şagird və məktəb sayı:

109,496 şagirdi əhatə edən 101 məktəb üzrə məlumatlar.

Nəticə:

Uşaq müdafiəsi və təhlükəsizliyi mövzusu, həm beynəlxalq səviyyədə, həm də Azərbaycanda aktual məsələlərdən biridir. Dünya təcrübəsi göstərir ki, uşaqların qorunması üçün qanunvericilik bazası, qurumlararası əməkdaşlıq və ictimai maarifləndirmə vacibdir. Azərbaycan da bu istiqamətdə müxtəlif addımlar atır.

Xüsusilə, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə əhəmiyyətli nəticələr vermişdir. Layihə çərçivəsində:

• 13 Regional Təhsil İdarəsinin əməkdaşları üçün xüsusi təlimlər keçirilmişdir.
• Maarifləndirici videoçarx hazırlanaraq cəmiyyətə təqdim edilmişdir.
• Layihənin coğrafiyası genişlənmiş və hazırda Bakı, Gəncə, Ağcabədi, Zəngilan, Lənkəran və Naxçıvan Muxtar Respublikasını əhatə edən 101 məktəbdə mexanizm tətbiq edilmişdir.

Layihə çərçivəsində görülən işlər, məktəbdaxili əməkdaşlığın gücləndirilməsi və maarifləndirmə tədbirləri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, təhlükəsiz mühitin yaradılması üçün mühüm addımlardır. Bununla yanaşı, maarifləndirici tədbirlərin davamlılığı və digər bölgələrə genişləndirilməsi bu istiqamətdə daha böyük təsir yaratmağa imkan verəcəkdir.

Gələcəkdə uşaq müdafiəsi konseptinin məktəblərdə metodik xidmətin bir hissəsinə çevrilməsi və UMT komandalarının davamlı təlimlərlə dəstəklənməsi, layihənin effektivliyini daha da artıracaq. Bu tədbirlər həm uşaqların təhlükəsizliyinin təmin edilməsinə, həm də sağlam və rifah içində bir gələcək cəmiyyətin formalaşmasına töhfə verəcəkdir.

Xəbər lenti