Logo

BDU Qazaxıstanın ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

05.03.2025 08:35 90 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Qazaxıstanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

TƏHSİL.BİZ xəbər verir ki, BDU-nun 12 beynəlxalq ikili diplom proqramından 4-ü qardaş ölkənin ali məktəbləri ilə həyata keçirilir. 2020-ci ildən BDU və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti arasında dəniz və enerji hüququ ixtisaslaşması üzrə magistratura səviyyəsində ikili diplom proqramı icra olunur. BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında 2021-ci ildə imzalanmış müqaviləyə əsasən, BDU-nun Kimya fakültəsi və QMTTU-nun Kimya və Biotexnologiyalar İnstitutu neft kimyası ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramı həyata keçirir. BDU 2022-ci ildə Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universiteti ilə magistratura səviyyəsində biotexnologiya ixtisaslaşması, Ş.Yessenov adına Xəzər Dövlət Texnologiyalar və Mühəndislik Universiteti ilə bakalavriat səviyyəsində beynəlxalq münasibətlər ixtisası üzrə ikili diplom proqramları imzalayıb.

İndiyədək BDU Qazaxıstanın 20-dək universiteti ilə əməkdaşlıq memorandumları imzalayıb.

Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusunda tədbirdə isə BDU ilə Qazaxıstanın daha 8 universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bunlar Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universiteti, akademik E.A.Buketov adına Karaqanda Dövlət Universiteti, Qorqud Ata adına Qızıl Orda Universiteti, Alixan Bokeyxan Universiteti, K.Jubanov adına Aktobe Regional Universiteti, D.Serikbayev adına Şərqi Qazaxıstan Texniki Universiteti, Karaqanda Sənaye Universiteti, Almatı Menecment Universitetidir.

Tədbirdə BDU-nun rektoru Elçin Babayev Azərbaycan və Qazaxıstan universitetləri arasında bakalavriat və xüsusilə magistratura səviyyələrində ikili və hətta üçlü diplom proqramlarının genişləndirilməsini təklif edib. Rektor çıxışında iki ölkənin tədqiqat infrastrukturunun paylaşılması və açıq elmi məlumatların əldə edilməsinin, təhsil və tədqiqat institutlarında mövcud olan elmi avadanlıqlara və obyektlərə kollektiv girişin təmin olunmasının vacibliyini vurğulayıb. Elçin Babayev müxtəlif doktorantura proqramları və birillik tədqiqat təcrübələrinin təşkilinin zəruriliyini diqqətə çatdırıb və belə təşəbbüslərin həm Azərbaycan, həm də Qazaxıstan üçün elm, təhsil sahəsində yeni imkanlar yaradacağına inandığını bildirib.

2024-2025-ci tədris ilindən BDU-nun Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasında magistratura səviyyəsində “Ölkəşünaslıq” (Qazaxıstan üzrə)” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılıb.

Hazırda BDU-da 13 qazaxıstanlı tələbə təhsil alır.

Xəbər lenti