Logo

İmtahan təlaşı: Bu çətin sınaqdan necə uğur qazanmalı?

28.02.2025 13:19 48 baxış
IMG

Məlum olduğu kimi, martın 2-dən tam orta təhsil səviyyəsi üzrə buraxılış, aprelin 13-dən isə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahlarına start veriləcək. Ali təhsil müəssisələrinə ərizə qəbulunun I mərhələsinə də artıq başlanılıb. İmtahan vaxtı yaxınlaşdıqca məqsədinə çatmaq üçün gecəsini gündüzünə qatıb, aylardır hazırlaşan abituriyentlər həyəcanlanmağa, stress keçirməyə başlayırlar. İmtahan zamanı isə bu təlaş və həyəcan ikiqat artır.

 

Deyilənlərə görə, məşhur sərkərdə Napoleon Bonapart da imtahan adı gələndə qorxuya düşərmiş. Neçə-neçə ölkələri fəth etmiş sərkərdə imtahandan belə qorxubsa, onda gör orta məktəb məzunlar imtahana gedəndə nə çəkirlər?

 

Tələbə olmaq istəyənlər çətin bilik yarışından qalib çıxmaqla yanaşı, həm də belə böyük həyəcandan qurtulmağı bacarmalıdırlar. Bir sözlə, məzun imtahana həm intellektual, həm də psixoloji cəhətdən hazır olmalıdır. Arzuladığı universitetə qəbul olunub tələbə adını qazanmaq istəyən abituriyentlər çətin bilik yarışından qalib çıxmaq üçün imtahan həyəcanını, qorxu və stressi dəf etməyə çalışmalıdırlar.

 

Psixoloq Vəfa Əkbər deyir ki, imtahan zamanı abituriyentin keçirdiyi həyəcan, stress onun öz bilik və potensialını tam realizə etməsinə mane olur. Hətta çox bilikli, hazırlıqlı abituriyent belə həyacandan bildiyi sualları cavablandıra bilmir. Bu da imtahan nəticələrinin aşağı olmasına səbəb olur. Ona görə də abituriyentlərin qəbul imtahanları zamanı psixoloji cəhətdən hazırlıqlı olmaları vacibdir: “İmtahan ərəfəsində imtahanqabağı təşviş, həyəcan, stress kimi faktorlar abituriyentlərin bilik və intellektual səviyyəsinə mənfi təsir göstərir. Bu səbəbdən imtahana yaxşı hazırlaşmış abituriyentlərin bəziləri bu sınaqda yaxşı nəticə göstərə bilmir. İmtahan həyəcanı, əsəb gərginliyi, qorxu hissi onlara özlərini toplamağa imkan vermir. Bu səbəbdən də stresə meyilli və əsəbləri zəif olan abituriyentlərin mütləq imtahan öncəsi psixoloji dəstək alması vacibdir. Məhz psixoloqun zəruri məsləhətləri onlarda özünə inamı artırmağa, həyəcandan qurtulmağa və imtahanda uğur qazanmağa kömək edə bilər”.

 

Vəfa Əkbər qeyd edib ki, bir çox abituriyent imtahan qabağı, “ali məktəbə daxil ola bilmərəm” fikri ilə çox həyəcan keçirir və bu onları qorxudur. Uzun müddətli hazırlıqdan sonra beyində həddən artıq yüklənmə, yorğunluq və imtahan haqda gərgin düşüncələr abituriyentlərə mənfi təsirini göstərir. Həmçinin imtahan öncəsi abituriyentdə konsentrasiya problemi, sürətli və doğru qərar verməkdə çətinlik, ruh düşkünlüyü kimi hallar olarsa bu zaman mütləq şəkildə psixoloq köməyindən istifadə etmək vacibdir. Psixoloji dəstək zamanı yeniyetmələrdə bu kimi hallar aradan qalxır onlarda özünə güvən yaranır. Ruhi vəziyyəti müsbətə doğru dəyişərək stres və qorxu hisslərindən azad olur.

 

Psixoloqun dediyinə görə, mütləq qəbul imtahanlarına 1-2 gün qalmış hazırlıq dayandırılmalıdır. Çünki, imtahan öncəsi həddindən artıq yorğunluq, həyəcan və gərginlik abituriyentlərin imtahan nəticələrinə mənfi təsir edə bilər:

 

“Qəbul imtahanına hazırlaşan abituriyent öyrəndiyi bilikləri son həftədə təkrar etməli 1-2 gün qalmış isə bütün hazırlıqları dayandıraraq əyləncəyə və dincəlməyə üstünlük verməlidir. Bütün günü dərs oxumaq, beyini həddindən artıq yükləmək həm fiziki həm də əqli yorğunluğa gətirib çıxarır. Həddən artıq hazırlıqla məşğul olmaq yuxusuzluğa, xroniki yorğunluğa və əhvali-ruhiyyə düşkünlüyünə səbəb olur. Həmçinin onlarda yadda saxlama qabiliyyətinin və intellektual fəallığın azalmasına gətirib çıxarar. Bu zaman imtahana hazırlaşan abituriyentin normal qidalanmasına və yuxu rejiminə diqqət edilməlidir. Səkkiz saatlıq istirahət mütləqdir. Çünki yuxususzluq insan sağlamlığına, beynin normal fəaliyyətinə, immunitetin aşağı düşməsinə və orqanizmin zəifləməsinə səbəb olur”.

 

Vəfa Əkbər bildirib ki, imtahanda iştirak edəcək abituriyent müsbət əhval-ruhuyyədə olmalı və uğur qazanacağına inanmalıdır:

 

“İmtahana gedən abituriyentin xoş əhval-ruhiyyədə olması çox önəmlidir. Ancaq həyəcanın olması da təbiidir. Onlar imtahan zalına daxil olandan bir müddət sonra həyəcan azalır. Stress və gərginlik isə davam edir. Bu da imtahan bitənə qədər davam edərək yüksək nəticə göstərməyə mane olur. Bu zaman bütün diqqət suallara yönəldilməli və doğru cavabların tapılmasına səy göstərilməlidir. Bəzən abituriyent verilən sualın cavabını bildiyi halda həyəcan və stressdən səhvə yol verir. Bu səbəbdən də suallar diqqətlə oxunmalı daha sonra əmin olduğun doğru cavab yazılmalıdır”.

 

Psixoloqun sözlərinə əsasən, övladı qəbul imtahanında iştirak edəcək valideynlər səbirli və təmkinli olmalıdırlar. Həyəcanlı olsalar belə bunu uşaqlarına bildirməməli, mümkün qədər sakit görünməlidirlər:

 

“Valideyinlər imtahan ərəfəsində övladlarına dəstək olmalı, onlara qayğı və diqqət göstərilməlidirlər. Bu məqamda valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Ata və ana uşağa mənəvi dəstək olmalı onda özünə güvən hissini artırmalıdır. Uşaqlara daim həssas yanaşılmalıdır. Onlara stres yaşadacaq, təlaşlandıracaq sözlər söyləməkdən çəkinmək lazımdır. İmtahan ərəfəsində ata da ana da ən az övladları qədər həyəcanlı olurlar. Onlar mümkün qədər çalışmalıdırlar ki, həyəcanlı olduqlarını övdları bilməsin. Valideyinlərin narahatlıq keçirməsi uşaqlara yansıdılmamalıdır. Əks təqdirdə bu onların imtahan nəticələrinə mənfi təsir göstərə bilər”.

 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, imtahana hazırlaşan abituriyentlər düzgün və balanslı qidalanmalıdırlar. Tərkibində dəmir olan qidalara üstünlük verilməlidir. Dəmir əsasən meyvələrdə, ət məhsullarında daha çoxdur. Gün ərzində badam, qoz, fındıq, ərik qurusu kimi çərəzlər tükətilməlidir. Mütləq şəkildə D vitamini ehtiyacı ödənilməlidir ki, bunun əskikliyi səbəbindən abituriyentlərdə fiziki və zehni yorğunluq yaranır.  Stressdən uzaq olmaq üçün 40-50  dəqiqə açıq havada yürüş etmək tövsiyə olunur. Gəzinti beyinə daha çox oksigenin çatmasını təmin edir və zehni fəaliyyət üçün vacib rol oynayır. Yuxu rejiminə də diqqət edilməlidir. Gecə telefonda vaxt keçirərək gec saatlarda yatmaq beynin yorulmasına səbəb olur:

 

“Rahat yuxu belə vaxtda çox vacibdir. Normal yuxu beyni sakitləşdirir. İmtahan günü də axşam tez yatıb səhər erkən oyanmaq lazımdır. Səhər yeməyi zamanı yağ, pendir, yumurta və ballı çayla qidalanmaq orqanizmin enerji balansını artırır. Çox yemək məsləhət deyil. Mədəni yükləmək olmaz. Çünki mədə yüklənəndə qan dövranının böyük hissəsi mədədə toplanır və qidanın həzminə yönəlir. Belədə beyinə lazımi miqdarda qan çatmır. Bu da abituriyentin özünü səfərbər etməsinə və biliyini realizə etməsinə mane olur”.

 

Təhsil ekspert Nadir İsrafilov deyir ki, abituriyent çox gərgin hazırlıq müddəti keçir. Bu dönəmdə, imtahanöncəsi və imtahan ərəfəsində valideynlərin övladlarına dəstək olması vacibdir. Valideyn abituriyentə qətiyyən təzyiq etməməlidir. Ailə imtahana hazırlaşan uşağa mənəvi dayaq olması, ürək-dirək verməsi onda özünə əminlik hissini gücləndirir. Valideyn övladına dəstək, dayaq olmalıdır ki, o da özünü toplayıb imtahanda biliyini nünayiş etdirə bilsin:

 

“Abituriyentlər imtahan qorxusunu, həyəcan və stressini məhz valideynlərin dəstəyi sayəsində dəf edə bilirlər. Valideynin dəstəyi onun üçün ən böyük stimuldur. Valideynlər də bunu nəzərə alıb övladlarından öz dəstəklərini əsirgəməməlidirlər”.

Xəbər lenti