Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda "Fibroin zülalının neyrodegenerativ xəstəliklərdə model kimi istifadəsi və Rodamin 6G ilə qarşılıqlı təsiri" mövzusunda elmi seminar baş tutub.
TƏHSİL. BİZ xəbər verir ki, seminarda institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov açılış nitqi ilə çıxış edib. O, institutda aparılan tədqiqatların iki əsas istiqamətə bölünməsini vurğulayaraq bunlardan birinin xərçəng xəstəlikləri, digərinin isə neyrodegenerativ xəstəliklər, o cümlədən, beta-amiloid aqreqatlarının yaranması ilə bağlı araşdırmalar olduğunu qeyd edib.
Daha sonra "Biomolekulların strukturu, dinamikası və funksiyası" laboratoriyasının mühəndisi Aytac Məmmədova "Fibroin zülalının neyrodegenerativ xəstəliklərdə model kimi istifadəsi və Rodamin 6G ilə qarşılıqlı təsiri" mövzusunda çıxış edib.
Aytac Məmmədova təqdimatında bildirib ki, neyrodegenerativ xəstəliklər beynin müxtəlif nahiyələrində sinir hüceyrələrinin zədələnməsi ilə xarakterizə olunur. Alzheymer xəstəliyi beyində beta-amiloid zülalının yığılması, Parkinson xəstəliyi isə alfa-sinuklein zülalının aqreqasiyası nəticəsində dopamin ifrazının azalması ilə bağlıdır. Statistik məlumatlara görə, 65-74 yaş arası insanların 5%-i, 75-84 yaş arası 13.2%-i, 85 yaşdan yuxarı isə 33.4%-i bu xəstəliklərdən əziyyət çəkir.
AMEA-nın müxbir üzvü, professor Oktay Qasımov təqdimata və aparılan araşdırmalara yüksək qiymət verərək, gələcəkdə bu istiqamətdə daha geniş tədqiqatların aparılmasını vurğulayıb.
Seminar iştirakçıları mövzu ilə bağlı suallar verib, araşdırmanın praktiki tətbiq imkanları və davamı haqqında fikir mübadiləsi aparıblar.
Sonda institut rəhbərliyi və seminar iştirakçıları təqdimata görə Aytac Məmmədovaya təşəkkür edib, ona gələcək elmi tədqiqatlarında uğurlar arzulayıblar.